Ekspert “AZƏRSU”dan cavab gözləyir ! - “Böhranın qarşısı niyə vaxtında alınmayıb?!”

Oxunma sayı: 441
28-07-2020, 22:37

Ekspert “AZƏRSU”dan cavab gözləyir ! - “Böhranın qarşısı niyə vaxtında alınmayıb?!”


“Aidiyyəti qurumu problemlərin həllinə çağıran mənim kimi adamları susdurmağa çalışırdılar”

“İndi cavab versinlər - milyardlarla pul hara, nəyə, necə xərclənib?!”

“Hər şeylə gərək dövlət başçısı şəxsən özü məşğul ola? Bəs aidiyyəti təşkilatların rəhbər şəxsləri nə işlə məşğuldurlar?!”

“Bu adamlar üzüsulu istefa verməli, dövlətdən taladıqları bütün sərvəti geri qaytarmalıdırlar”




Bakı Metropolitenində formalaşan qrunt sularından istifadə imkanları araşdırılacaq. Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda deyilir.Tədbirlər Planında Bakı Metropoliteni ərazisində yeraltı sular və yağış suları hesabına formalaşan qrunt sularının tullantı suları şəbəkəsinə axıdılmadan xaric edilməsi, həmin sulardan istifadə imkanlarının araşdırılması və müvafiq tədbirlər görülməsi nəzərdə tutulub.

Bundan başqa, Tədbirlər Planında alternativ mənbələrdən, o cümlədən, qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflərin və subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması, istismarı qaydasının layihəsinin Nazirlər Kabinetinə təqdim edilməsi öz əksini tapıb.



Bu barədə “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib ki, problem çoxdan həll olunmalı idi:

“Uzun illərdir, televiziya və mətbuatda bu təklifləri verirdik, yaxında problem yaranacağını deyirdik, lakin aidiyyəti orqanlardan reaksiya yox idi. Gərək ciddi problem yaranandan sonra işə keçələr? Qabaqcadan problemin yaranmasının qarşısını almaq olmazdımı?

Onlar bu işləri görməkdənsə, konkret problemlərin yaranacağını deyən və qabaqlayıcı tədbirlər görülməsinə çağıran mənim kimiləri susdurmaq üçün çalışırdılar. İndi cavab versinlər- milyardlarla pul hara, nəyə, necə xərclənib, niyə vaxtında qarşısı alınmayıb su böhranının?

Niyə kəndlərdə artezian qazdırmaq istəyən təsərrüfat sahiblərinə bürokratik maneələr yaradılıb və quyu qazılması üçün böyük qiymət qoyulub? Nə üçün dəniz kənarında su şirinləşdirici zavodlar tikilməyib? Niyə yaşayış məntəqələrinin və təsərrüfatların su təminatı üçün alternativ mənbələr və xətlər yaradılmayıb? Hər şeyə gərək prezident qarışa? Hər şeylə gərək dövlət başçısı şəxsən özü məşğul ola? Bəs aidiyyəti təşkilatların rəhbər şəxsləri nə işlə məşğuldurlar? Kabinetlərdə oturub qarnını və cibini yoğunlatmaqla deyil. Bu adamlar üzüsulu istefa verməli, dövlətdən taladıqları bütün sərvəti geri qaytarmalıdırlar”.

Ekspert sözügedən layihənin müsbət nəticə verəcəyinə inanır:

“Tədbirlər Planına gəldikdə, bir daha deyirəm, bu çox təqdirəlayiqdir və nəzərdə tutulanlar həyata keçirilsə, ölkəmizdə su problemi olmayacaq. Əhali də sudan qənaətli istifadə etməlidir. Suvarmada yeni qənaətcil texniki qurğular tətbiq olunmalıdır. Bir çox ölkələrdə hətta yağış suyunu yığıb istifadə edirlər. Bu problemin həlli üçün innovativ texnologiyalar tətbiq olunmalıdır.

Mümkün olan bütün yerüstü və yeraltı su mənbələrindən istifadə edilməlidir. Əlbəttə, təbii balansı pozmamaq şərtilə. Cənab Prezidentin sərəncamla təsdiq etdiyi Tədbirlər Planında nəzərdə tutulan 10 yeni su anbarı, artezianların qazılması və qrunt sularından istifadə, həmçinin dəniz suyunun şirinləşdirilməsi kimi tədbirlər təqdirəlayiqdir.

Sözsüz ki, bu sahəyə cavabdeh orqanlar indiyədək dövlətin milyardlarla pulunu havaya sovurduğuna bu işləri görsəydi bu gün su problemi yaranmazdı”.//şerq.az

Paylaş
Xəbər lentİ