"Məhbuslar "barak"larda elə yaxın yatırlar ki, bir-birinin nəfəsini alırlar" - həbsxanalarda koronavirus

Oxunma sayı: 511
1-08-2020, 04:56

"Məhbuslar "barak"larda elə yaxın yatırlar ki, bir-birinin nəfəsini alırlar" - həbsxanalarda koronavirus
Azərbaycanda həbsxanalarda koronavirusun yayılmasından sonra bəzi məhbus ailələri yaxınları üçün narahatlıqlarını bildirirlər.

Onlar deyirlər ki, hər gün həbsxanalarda kütləvi qızdırma hallarının olduğu barədə xəbərlər eşitsələr də, bununla bağlı ətraflı məlumat ala bilmirlər.

Valideynlər cəzaçəkmə müəssisələrində sıxlıq olduğunu, bunun isə koronavirusun kütləvi yayılmasına səbəb ola biləcəyini söyləyirlər.

Rəsmilər mayın ortalarında Azərbaycan həbsxanalarında "46 məhbusun koronavirusa yoluxduğunu" bildirsələr də, iyul ayı üçün rəqəmlər açıqlanmayıb.

Ədliyyə Nazirliyi məhbusların sayı barədə ümumi məlumat verməsə də, Azərbaycanda cəzaçəkmə müəssisələrində "sıxlıq olması" barədə iddiaları təkzib edib.

Həbsxanalarda vəziyyət: “Sabunu məhbuslar özləri alırlar, spirt, maska yoxdur"”
Koronavirus: Qoxu və dadbilmə hissinin itirilməsi əsas simptomlardımı?
Azərbaycanda qadın məhbusların gigiyenik "vasitə çatışmazlığı"
"Toğrul qızdırmalı xəstələrin olduğunu deyir"
2 saylı həbsxanada cəza çəkən Toğrul Verdiyevin anası Müşfiqə Verdiyeva deyir ki, oğlunun qaldığı həbsxanada bir neçə məhbusun qızdırması olması barədə xəbərlər eşidib.

Bu xəbərlərdən sonra Müşfiqə Verdiyeva Ədliyyə Nazirliyi yanında Penitansiar Xidmətlə əlaqə saxlayıb.

"Penitensiar Xidmətə zəng etdim, dedim məhbuslara yaxşı baxın, dedilər gecə-gündüz bunun üçün çalışırıq. Toğrul içəridə qızdırmalı xəstələrin olduğunu deyir, hətta söyləmişdi ki, yoldaşlarından biri də qızdırmalı idi, indi sağalıb".

Müşfiqə Verdiyeva söyləyir ki, bir ay əvvələ qədər sözügedən həbsxanada "heç nə yox idi". O ehtimal edir ki, bəzi məhkumların məhkəmə prosesləri keçirildiyi üçün kimsə həbsxanadan kənarda yoluxmuş ola bilər.

Öğlu ona həbsxananın ümumi yerlərində bütün məhbusların məcburi maska taxdığını söyləyib.

"Maska, sabun kimi şeyləri pulsuz vermirlər, amma Toğrul deyir, məhbuslara dərman verirlər. Biz də arbidol, dezinfeksiya məhsulları və sairə göndərmişik. Əsas məsələ odur ki, içəri çox istidir, belə təsəvvür edin də, 8 nəfərlik yerdə 16 nəfər yatır".

Ədliyyə Nazirliyi Penitensiar Xidmət koronavirus infeksiyasının yayılması məqsədilə onların tabeliyində olan müəssisələrdə "bütün zəruri tədbirlərin həyata keçirildiyini, dezinfeksiya işlərinin aparıldığını və cəza çəkənlərin müvafiq qoruyucu ləvazimatlarla təchiz olunduğunu" bildirib.

Nazirlik bütün müəssisələr üçün gigiyenik vasitələrin verilmə qaydalarının və normalarının eyni olduğunu və aralarında "heç bir fərqin olmadığını" qeyd edib.

"Test cavabı pozitiv çıxıb"
3 saylı cəzaçəkmə müəssisəsində saxlanan məhbus Aqil Məhərrəmovun atası Əli Məhərrəmov deyir ki, oğlunun qızdırması qalxdığı üçün onu bir neçə gün əvvəl xəstəxanaya aparıblar.

"Aqilin səhhətində elə güclü problem olmayıb, bir gün ərzində qızdırması olub. Aqillə birlikdə 40 nəfəri xəstəxanaya aparıblar, amma yoxlamağamı, xəstəxanada qalmağamı, onu bilmirəm", - Aqil Məhərrəmovun atası bildirib.

Əli Məhərrəmov deyir ki, bir neçə gün ərzində oğlu ilə əlaqə saxlaya, onun vəziyyəti barədə məlumat ala bilməyib.

O, ailənin Bakıda olmadığı üçün Aqilin əmisinin xəstəxanaya getdiyini, lakin ona "məhbusdur deyə danışmağa ixtiyarınız yoxdur" deyildiyini söyləyib.

"Aqillə bir neçə gün danışa bilməsək də, axır ki, danışa bildik. Həkimlər deyir yaxşıdır, qızdırma stabildir, olduğu qaydada qalır. Bildiyim qədərilə, həftədə bir dəfə ailəsi ilə danışmağa icazə verirlər", atası bildirib.

Həbsxanalarda kütləvi yoluxma halları varmı?
Ədliyyə naziri yanında İctimai Komitənin koordinatoru Səadət Bənənyarlı deyir ki, Komitə cəzaçəkmə müəssisələrində koronavirusla bağlı vəziyyətlə maraqlansa da, onlarda neçə məhbusun koronavirusa yoluxması barədə rəqəmlər yoxdur.

O bildirib ki, pandemiyadan əvvəl cəzaçəkmə müəssisələrinə mütəmadi baş çəksələr də, sərt karantin rejimi elan olunandan sonra bu monitorinqlərə fasilə verməli olublar.

"Cəzaçəkmə müəssisələrində simptom olan kimi şəxs nəzarətə götürülür, testlər aparılır, cavab müsbət olsa, xüsusi xəstəxanaya köçürülür. Biz eşidəndə ki, kiminsə səhhətində problem var, fikir vermirlər, mütləq bu cür məlumtları araşdırırıq. Bizdə cəzaçəkmə müəssisəsində kütləvi qızdırma halları barədə məlumat yoxdur. Cəzaçəkmə müəssisəsində xəstəliyin yayılmasını heç kim istəmir, bu sahədə nəzarət güclüdür".

Səadət Bənənyarlı söyləyir ki, İctimai Komitə pandemiya ilə əlaqədar cəzaçəkmə müəssisələrinə baş çəkə bilməsə də, həbsxanaların ticarət köşklərində onların əlaqə vasitələri qeyd olunub və "istənilən məhkum zəng edib şikayətini çatdıra bilər".

İctimai Komitənin koordinatoru əlavə edir ki, indiyədək onlara bir müddət əvvəl bir müəssisədə gigiyenik vasitələrin çatışmazlığı ilə bağlı müraciət edilib və "məsələ həll olunub".

"Biz monitorinqə gedəndə maska və gigiyenik vasitələrin olub-olmamasına baxırdıq, amma belə gedib soruşa bilmirik ki, sizə maska verilirmi, taxırsınızmı? Bizə belə bir şikayət daxil olmayıb ki, mənə maska vermirlər və sairə".

Həbsxanalarda kütləvi yoluxma halları mövcudluğu və neçə məhbusun koronavirusa yoluxması barədə rəsmi qurumlardan şərh almaq mümkün olmayıb.

Mayın ortalarında "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı ölkə üzrə 46 məhbusun koronavirusa yoluxduğunu bildirsə də, qurumdan BBC News Azərbaycancaya hazırki vəziyyətlə bağlı açıqlama verilməyib.

Ədliyyə Nazirliyi, Penitensiar Xidmət və Nazirlər Kabineti yanında Operativ Qərargah da onlarda koronavirusa yoluxmuş məhbusların sayı barədə məlumatın olmadığını açıqlayıblar.

"Bəzi zonalarda adam sayı 2 dəfədən artıqdır"
Məhbus Ailələri Koordinasiya Mərkəzinin koordinatoru Zəfər Əhmədov deyir ki, oğlu, AXCP fəalı Fuad Əhmədlinin qaldığı 16 saylı cəzaçəkmə müəssisəsində mütəmadi yoxlama aparılır.

"O müəssisədə hələ xüsusi həyəcan doğuran bir şey yoxdur. Hər 2-3 gündən bir TƏBİB və İctimai Komissiyadan nümayəndələr gedir, test götürür, yoxlama aparırlar. Əgər kimdəsə qızdırma olursa, iki gün keçmirsə, onu xəstəxanaya aparırlar".

Zəfər Əhmədov söyləyir ki, sözügedən cəzaçəkmə müəssisələrində məhbuslara sabun verilməsə də, əlcək paylayıblar.

Onun sözlərinə görə, məhbuslar həbsxananın yeməkxana və digər ümumi bölmələrində məcburi qaydada maska taxırlar.

Cənab Əhmədov deyir ki, narahatlıq doğuran məsələ cəzaçəkmə müəssisələrində məhbusların sayının "həddən artıq çox olması" və bunun "sıxlıq" yaratmasıdır.

"Bundan başqa, müəyyən zonalarda adam sayı 2 dəfədən artıqdır. Deyək ki, 100 nəfər üçün nəzərdə tutulmuş "barak"da 200 nəfər yatır. Bu zaman qoruyucu vasitələrin, maskanın effekti ola bilməz, çünki məhbuslar "barak"larda elə yaxın yatırlar ki, bir-birinin nəfəsini alırlar".

Yazılmamış qanunlar, isti və musiqi: Azərbaycan həbsxanası
Həbsxanalarda tək növ geyim tətbiqi hansı ölkədə necədir?
Zəfər Əhmədov oğlunun əvvəllər 27 nəfərlik "barak"da qaldığını, pandemiya başlayandan həmin yerin izolyasiya məntəqəsinə çevrildiyi üçün indi 250 nəfərlik "barak"da qaldığını deyir.

Cənab Əhmədov söyləyir ki, həbsxanalarda koronavirusun yayılmasının qarşısını almaq üçün məhbusların sayı təcili sürətdə azaldılmalıdır. O hesab edir ki, bunun üçün amnistiya verilməli, yaşlılar, qadınlar, azyaşlılar və ağır olmayan cinayətlərdə günahlandırılanlar vaxtından əvvəl azad olunmalıdır.

Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrində sıxlıq olması ilə bağlı iddiaları təkzib edib.

"Azərbaycan cəzaçəkmə müəssisələrində məhkumların və həbs edilmiş şəxslərin sayı saxlanma həddindən dəfələrlə azdır və heç bir sıxlıq mövcud deyil. Bunun əsas səbəbləri məhkəmələr tərəfindən alternativ cəzaların təyin olunması, habelə vaxtından əvvəl şərti azad olunma institutunun geniş tətbiq edilməsidir," - Nazirlikdən açıqlanıb.

Ədliyyə Nazirliyi BBC News Azərbaycancaya məhbusların sayı barədə məlumat verməyib və bildirib ki, "Azərbaycan ən az sayda məhkumun olduğu ölkələr sırasına daxildir".

Qurum bildirib ki, cəzaçəkmə müəssisələrində "beynəlxalq normativ aktlarda hər bir məhkum üçün təsbit olunmuş minimal standartlar mövcuddur ki, buna da tam riayət olunur".

Avropa Şurasının "2018-ci ildə Avropada həbsxanalar və məhkumlar" adlı hesabatında isə deyilirdi ki, Azərbaycan Avropa Şurasına üzv ölkələr arasında məhkumların sayına görə üçüncü yerdədir.

Hesabatda deyilirdi ki, həmin dövrdə Azərbaycanda hər on min nəfərə 235 məhbus düşür.

Paylaş
Xəbər lentİ