Avtobusda maska taxmayan sərnişin sürücünü vurdu

Oxunma sayı: 520
25-08-2020, 23:27

Avtobusda maska taxmayan sərnişin sürücünü vurdu
Bakıda avtobusda maska taxmayan sərnişin ondan qanuna əməl etməyi tələb edən sürücünü vurub.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev özünün feysbuk səhifəsində məlumat verib.

"Bir çox peşə sahibləri kimi avtobus sürücüləri də pandemiyanın ilk dövründən ön xətdə laiqincə xidmət edirlər. Hər gün yüz minlərlə insanın rahat və təhlükəsiz mənzil başına çatdırılmasında onların əməyi danılmazdır. Avtobusdan istifadə edən hər bir sərnişin müəyyən olunan qaydalara və sürücünün tövsiyələrinə əməl etməlidir. Mövcud pandemiya şəraitində isə bu olduqca vacibdir. Lakin bəzən avtobus sürücüsünün tövsiyəsi bəzi sərnişinlərin yersiz aqressiyasına səbəb olur. Belə ki, 13 nömrəli marşrut xətti üzrə avtobusun sürücüsü sərnişinə qoruyucu tibbi maskadan düzgün istifadə etməyi tövsiyə edib. Sərnişin buna əməl etmədiyindən sürücü də avtobusu sürməyəcəyini bildirib. Sonda sərnişin sürücüyə qarşı güc tətbiq edərək onu vurub", deyə mətbuat xidmətinin rəhbəri qeyd edib.

M.Ağayev bildirib ki, sərnişinin şəxsiyyətinin müəyyən edilərək törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün müvafiq qurumlara müraciət olunub.

"Bir daha bildiririk ki, avtobuslarda qoruyucu tibbi maskadan istifadə mütləqdir və buna əməl olunmaması inzibati məsuliyyət yaradır. Ümumi sağlamlığımızın qorunması və lüzumsuz cərimələnməmək üçün sərnişinlərimizdən bu qaydaya əməl etmələrini xahiş edirik".//teleqraf

Paylaş
Xəbər lentİ