Azərbaycanda orta yaşlı qadınlar evdarlığa üstünlük verir.

Oxunma sayı: 361
15-09-2020, 11:19

Azərbaycanda orta yaşlı qadınlar evdarlığa üstünlük verir.
Müsahibimizin 42 yaşı var, ali məktəbdə bank işini oxusa da evdarlığı seçib, indi ancaq ailəsinin qayğıları ilə yaşayır:

"Gözlə, uşaq dərsə tələsir, yeməyini verim, yola salım, sonra rahat danışarıq, - Sevil xanım (ad şərtidir) deyir.

Həvəslə oğlundan danışır, deyir, 11-ci sinifdədir, Tibb Universitetinə daxil olmaq istəyir. Özünə gəlincə...

"Heç vaxt ali təhsil almaq istəməmişəm. Məktəbdə də əlaçı deyildim, birtəhər özümü yola verirdim. Ciddi həyat planlarım da yox idi.

Ailəm sadədir: atam mühəndis, anam - tibb işçisi. Məktəbi bitirəndən sonra özəl universitetlərin birində bank işi fakültəsinə daxil oldum, qiyabi bölmədə oxuyurdum. Bitirəndən sonra atam məni banka işə düzəltmək istədi, bir-iki dəfə getdim, amma mühasibatlıq heç beynimə girmirdi.


Az müddətdən sonra ailə qurdum, yoldaşımla da məni tanış etdilər. Evdə xörək bişirməyi öyrənmişdim, məişət məsələləri məni qorxutmurdu.

Yoldaşımla sevməmiş ailə qurmuşam, amma illər ötdükcə bir-birimizə alışdıq, öyrəşdik, münasibətlərimiz çox yaxşıdır. Həyatımdan razıyam. Əslində asan bir iş olsa, səhər tezdən başlamasa, gedib-gələrdim. Amma ehtiyac duymuram. Şükür allaha, yoldaşım bizi təmin edir, deyir: "Bu vaxta kimi işləməmisən, neynirsən indi gedib işləməyi?".

Günüm internetlə başlayır, onunla da bitir. Səhər oyanan kimi mobil telefonumu alıram əlimə, Facebooka, İnstaqrama baxıram. Gün ərzində də ev işlərini bitirəndə arabir internetə girib başımı qatıram".

İnşallah, elə həyatım belə də gedəcək, oğlum da böyüyür, bu gün -sabah ailə quracaq - bu da xeyli vaxt tələb edən məşğuliyyətlərdir", Sevil xanım söhbətimizi yekunlaşdırır.//BBC

Paylaş
Xəbər lentİ