Xalq şairi SİRLƏRİ AÇDI: Onu dolaşdırıb tutmaq istəyirdilər, dedim ki, düz deyirlər...

Oxunma sayı: 254
14-06-2021, 21:27

Xalq şairi SİRLƏRİ AÇDI: Onu dolaşdırıb tutmaq istəyirdilər, dedim ki, düz deyirlər...
Onunla hər şeydən danışmışıq. Partiya işçisi olarkən fəaliyyətindən, Azərbaycan Yazıçılar Birliyinin gənclərə münasibətindən, gənc yazarların evsizlik problemlərindən...

Söhbəti çox uzatmaq məqsədim yoxdur. Nələrdən danışdığımızı oxumaq istəyirsinizsə, bir qədər də yaxın oturun.

Xalq şairi Vahid Əzizin Publika.az-a müsahibəsini təqdim edirik:

- Vahid müəllim, son vaxtlar çox görünmürsünüz. Səhhətiniz necədir, yaradıcılığınız nə yerdədir? Pandemiyaya qarşı mübarizə apara bilirsinizmi?

- Pandemiya ilə yaxşı mübarizə aparıram. Özüm də yaxşıyam, səhhətim də yaxşıdır. Yaradıcılığım da yerindədir. Bir sözlə, narahatlıq yoxdur.

- Şuşada keçiriləcək Vaqif Poeziya Günlərinə sizə də dəvət göndərilibmi? İştirak edəcəksinizmi?

- Vallah, Xarıbülbül Musiqi Festivalında iştirak etmək üçün mənə Heydər Əliyev Fondundan dəvət gəlmişdi. Onda bir az naxoşlamışdım deyə festivalda iştirak edə bilmədim. Əgər Vaqif Poeziya Günlərinə dəvət gələrsə və səhhətim buna imkan verərsə, yəqin ki, gedərəm. Dəvət gəlsə, niyə də getməyim, çağırılan yerə, xüsusən də elə yerə gedilməlidir...

- Gənc yazarlardan təklif gəlmişdi ki, Yazıçılar Birliyinin 13-cü qurultayı elə Şuşada keçirilsin. Amma AYB sədri Anar buna etiraz etmişdi. Bəs sizin bu yöndə fikriniz..?

- Vallah, Anar müəllim bizim ağsaqqal yazıçımızdır. Yazıçılar Birliyinin də sədridir. O, necə məsləhət bilirsə, deməli, yaxşısı odur. Qurultayın Şuşada keçirilməsini təklif edirlər, yaxşı edirlər. Şuşa bizim mədəniyyətimizin paytaxtıdır. Şuşada qurultay keçirməklə ona bir xeyrimiz dəyməyəcək. Amma Şuşa haqqında bir yazı yazmaqla daha çox iş görmüş olarıq. Azərbaycanda Yazıçılar Birliyinin 2500-dən çox üzvü var. AYB Şuşaya bu qədər adamdan kimləri aparacaq, hamı da həmin qurultaya gəlmək istəyəcək...

- Axı qurultaya bəlli sayda adamlar qatılır. Hamı nümayəndə olmur axı?!..

- Mən belə hesab edirəm ki, Anar müəllim düz deyir. Qurultay Bakıda keçirilsin. Onsuz da AYB-nin qurultayları həmişə Bakıda baş tutub. Şuşa əbədi olaraq bizimdir. Şuşa qaçmır ki... Mənə elə gəlir ki, Anar müəllim düz deyir. Şuşa onsuz da mədəniyyət paytaxtımızdır. Amma bu qurultayın Şuşada keçirilməsinin özü də tarixi imkan idi... Yox, elə deyil. Əgər siz jurnalistlər eşitmək istədiyinizi eşitmək istəyirsinizsə, özünüz bilərsiniz. Mənim fikrim belədir ki, Anar müəllim haqlıdır.

- 44 günlük Vətən Müharibəsinə həsr olunmuş çox az sayda əsərlər yazıldı. Səbəbi nədir sizcə..?

- Heç də az deyil. 44 günlük Vətən Müharibəsinə həsr olunan bir poemam "Ədəbiyyat qəzeti"ndə çap olundu. Sabir Rüstəmxanlının poeması çıxdı. 44 günlük Vətən Müharibəsində mən 100-ə yaxın şeir yazmışam. Onlardan da 60-dan yuxarısını özümün feysbuk səhifəmə qoymuşam. Hətta bayatı üstündə yazılmış, "Bir bayatı çağırdılar xarabazar görəndə" adlı bir şeirimi "Qarabağ şiksəstəsi" üstündə kompazisiya formasında hazırlayıblar. Müğənnilər oxuyublar. Hətta Qulu Ağsəs məndən şeirlər istəmişdi, göndərmişdim. Yəni, sözümün canı odur ki, Vətən Müharibəsinə həsr olunmuş şeirlərimiz olduqca çoxdur. Az deyil, kim qəzetində yer ayırarsa, mən bu mövzuda ona 5 qəzet səhifəsi həcmində şeir verə bilərəm.

- Maşallah, deyəsən, müharibə dövründə siz məhsuldar işləmisiniz?

- Məhsuldar işləmişəm və işləyirəm. Mənim başqa işim yoxdur. Kim yazmayıbsa, özü bilər. Amma mənim torpaqlar işğal olunandan bu günə qədər Qarabağ mövzusunda ən azı 300-400 şeirim var. Allah qoysa, Qarabağla bağlı bir kitab buraxmaq istəyirəm. Adı da belə olacaq "Qələbəyə qədər və Qələbədən sonra...". Onu bir gün edəcəyəm.

- Bir çoxları hesab edir ki, bizim Qarabağla bağlı dünyaya çıxara biləcəyimiz hər hansı bir əsərimiz yoxdur? Siz bu barədə nə düşünürsünüz?

- Burada bir məsələ var. Əvvəla, Qarabağla bağlı yaxşı şeirlər var. Bunun üçün tərcümə olunmalıdır. Bizdə tərcümə məsələlərinə bir az yaxşı baxmırlar. Rusiyanın 1820-ci illərdəki müharibəsindən 64 il sonra Lev Tolstoy hərb və sülh romanını yazdı. Bu, o deməkdir ki, müharibə gedə-gedə və qurtarandan az müddət sonra onun haqqında əsər yazmaq olmaz. İllər keçməlidir, o müharibənin tozları yatmalıdır. Oğul, mən həmişə demişəm ki, Qarabağ haqqında ən yaxşı əsəri bizlər, bizim nəsil yox, ana bətnində erməni mərmilərinin səsini eşidən uşaqlar yazacaq. Qarabağ haqqında ən gözəl əsərləri ermənilərin yetim qoyduğu uşaqlar qələmə alacaqlar. Qarabağ haqqında ən gözəl əsər bütün arxivlər açılandan, hadisələrin toz-torpağı yatandan sonra yaranacaq.

- Vahid müəllim, müharibə dövründə şou nümayəndələri, meyxanaçılar əsgərlərə ürək-dirək vermək üçün ön cəbhəyə yollandılar. Amma şairləri, yazıçıları görmədik. Səbəbi nə idi?

- Bu suala cavabı Yazıçılar Birliyinin rəhbərliyindən soruşsanız daha yaxşı olar. Siz Şuşada Yazıçılar Birliyinin qurultayının keçirilməsini istəyən cavanlardan soruşun ki, niyə müharibə vaxtı əsgərlərə ürək-dirək verməyə getmədilər?!

- Axı həmin cavanlar necə gedəydilər, özləri döyüşə yollanmışdılar. Özləri döyüşürdülər...

- Allah canlarını sağ eləsin. Çox yaxşı... Amma şair və yazıçıların niyə əsgərlərin qabağında çıxış etmək üçün getmədiklərini Yazıçılar Birliyindən soruşmaq lazımdır. Bəlkə də çağırmayıblar, ona görə getməyiblər. Məsələ orasındadır ki, bu, müharibədir. Onunla zarafat eləmək olmaz. Azərbaycanın Müdafiə Nazirliyi şairləri, yazıçıları necə aparsın?! Desin ki, mən döyüşürəm, sən də get orada mənə şeir yaz?! Zarafat eləmək olmaz. Gərək bütün şairləri, yazıçıları yığıb aparaydılar, hamısını şikəst edəydilər?! Gənc şair və yazıçılarımız gedib iştirak elədilər, döyüşdülər. İçlərində şikəst olanları da, şəhid düşənləri də var. Allah xəstələrə şəfa versin, ölənlərə rəhmət eləsin. Amma Yazıçılar Birliyinin kütləvi şəkildə şair və yazıçıları müharibəyə aparmaları düzgün deyil. Hər şeyin bir həddi var. Küyə getmək olmaz. Gərək hər şeyi ölçüb-biçib danışaq.

- Sizcə, kimlər Xalq şairi və Xalq yazıçısı fəxri adına layiqdir və ala bilməyib?

- Mənim çox böyük hörmətim var Ramiz Qusarçaylıya. Çox gözəl şairdir. Ona elə "Azərbaycan Bayrağı" şeirinə görə Xalq şairi adını vermək olar. Xanım İsmayılqızı çox gözəl şairədir. Sözlərinə mahnılar da bəstələnib.

- Rüstəm Behrudiyə, Vaqif Bayatlıya da verilmədi...

- Vaqif çox gözəl şairdir. Ona da Əməkdar İncəsənət Xadimi adı verildi. Məsələn, Füruzə Məmmədli neçə illərdir ki, Yazıçılar Birliyində işləyir. Çox gözəl şairdir. Ən azından Əməkdar İncəsənət Xadimi fəxri adı vermək olar.

- Bu adam aktyor, qiraətçi olmayıb axı Əməkdar İncəsənət xadimi adı verilsin. Ancaq şeir yazıb və əlindən də başqa iş gəlmir...

- Bəli, elədir. Baxın, mənə də 74 yaşım olanda bu adı verdilər. Mən də ömür boyu yazıb-yaratmışdım da... Vətənə həsr olunan şeirlərim var idi. Qarabağ haqqında kitablar da çap eləmişəm. Gərək gedib deyəydim ki, mənə niyə ad vermirsiniz?! Məsləhət olanda verirlər. Mənə elə gəlir ki, Yazıçılar Birliyinin rəhbərliyi qurultaydan sonra bu məsələyə bir əncam çəkəcək. Ədəbiyyatımızda bu cür imzalar çoxdur. Yəqin ki, müəyyən fəxri adlar, prezident təqaüdləri, Xalq şairi adları verilər. Mənə elə gəlir ki, bu gün Azərbaycan dövləti adamların siyasi baxışından asılı olmayaraq, onların zəhmətlərini dəyərləndirir. Bu baxımdan, həm Ramiz Rövşənə, həm də mənə Xalq şairi adlarının verilməsi buna sübutdur. Kaş bu titul məsələsi ümumiyyətlə, olmayaydı.

- Gənc yazarların çoxu evsizdir. Nə əcəb sovet dövründəki ənənəni bərpa etmirlər? Nə üçün ağsaqqal söz adamları, şair və yazıçılar qabağa düşüb gənc yazarlara ev verilməsi ilə bağlı müraciətlər ünvanlamırlar?

- Jurnalistlərə evlər verildi. Bu məsələni də Mədəniyyət Nazirliyi ilə Yazıçılar Birliyinin rəhbərliyi qaldırmalıdır. Gənc yazıçı və şairlərin çoxunun evə ehtiyacı var. Bu gün Qarabağdakı qələbədən danışırıq. Qarabağ zəfərinin bir payı da bizim şairlərin, yazıçıların üzərinə düşür. Ona görə ki, şairlərin vətənpərvərlik, azadlıqla bağlı şeirləri gənc nəsili milli ruhda böyütdü. Səngərdə vuruşanları bu ruhda tərbiyə etdi. Bu da dəyərləndirilməlidir. Bu məsələni çox düzgün qoyursunuz. Mənə elə gəlir ki, ölkə rəhbərliyi də bu işə baxar. Buna görə də Yazıçılar Birliyinə şərait yaratmalıdırlar ki, gənc şair və yazıçılar üçün də bina tikilsin. Mən bunu şəxsən alqışlayardım.

- Bəlkə belə bir müraciətlə ağsaqqal şairlər, yazıçılar çıxış eləsinlər?

- Yazıçılar Birliyində Ağsaqqallar Şurasının sədri Nəriman Həsənzadədir. Bu məsələni Anar müəllimlə, Nəriman müəllimlə danışmaq lazımdır. Eyni zamanda, Mədəniyyət Nazirliyinə bildirilməlidir. İndi belədir ki, Yazıçılar Birliyi birbaşa heç nə eləmir. Vasitəçiliyi edən Mədəniyyət Nazirliyidir. Bu məsələni hər iki qurumun rəhbərliyinə ünvanlamaq lazımdır. Dövlət başçısı qarşısında məsələ qaldırsınlar, bizi çağırarlar, biz də imza qoyarıq.

- Gənc şairlərdən də Xalq şairi adına layiq bildikləriniz varmı?

- Bilirsiniz, vaxt yetişməlidir. Hər şeyin zamanı var. Gənclərdən birinin adını deyərəm, o biriləri mənim üstümə tökülər. Sən Allah, gənclərlə məni üz-üzə qoyma. Tural, mən sənə bir şey deyim, fəxri ad şairin xalq arasında hörmətini qaldırmır. O sadəcə olaraq, dövlətin təqdimatıdır. Sən indiyə kimi eşitmisən ki, xalq içində mənim haqqımda xoşagəlməyən bir söz deyilə?!

- Mən eşitməmişəm, amma ola bilsin məndən əvvəlkilər eşidib...

- Ay sağ ol... Heç vaxt da olmayıb. Çünki mən abırımı, ləyaqətimi, əxlaqımı gözləmişəm. Partiya işçisi olsam da, haqqı nahaqqa verməmişəm. Mənə həmişə efirlərdə xalqın şairi deyirdilər. Xalq şairi olmaq üçün əvvəla xalqın şairi olmaq lazımdır. Nə zaman ki, qələm adamını bütün xalq xalqın şairi kimi qəbul edərsə, o zaman Xalq şairi fəxri adı onun halalıdır. Xalq şairi olmaq mümkündür. Amma xalqın şairi olmaq çətindir.

- Səmimi etiraf istəyirəm sizdən, partiya şairi olmusunuz, yoxsa..?

- Mən 1978-ci ildə Bakı Şəhər Partiya Komitəsinə təlimatçı gəldim. O vaxtdan qələmi yerə qoydum və 27 il heç nə yazmadım. Çünki Bakı Şəhər Partiya Komitəsində 6 il, Mərkəzi Komitədə 7 il çalışmışam. 27 il ona görə heç nə yazmadım ki, partiya işçiləri içində şair, şairlər içində partiya işçisi olmaq istəmədim. Çox adamlar gəlib Mərkəzi Komitədə şair oldu, kitabları çıxdı. Vahid Əziz isə Bakı Şəhər Partiya Komitəsində 27 il ərzində cəmi 300-ə yaxın şeir yazdı. Onlardan da biri Brilliant xanım Dadaşovanın oxuduğu "Bayatılar"dır. Rəhmətlik Oqtay Kazımi mənim sözlərimə mahnı yazmışdı. "Aman tello" mahnısı var e, "bulaqların gözü doldu, incitmədim, özü doldu..," bax, həmin mahnını... Məmmədbağır oxuyurdu. O vaxt Mərkəzi Komitənin Mətbuat Şurasının üzvü idim, televiziyaya və radioya baxırdım. Mən Dövlət Televiziyasının sədri Elşad Quliyevdən xahiş etmişdim ki, mənim sözlərimə olan mahnıları ayda bir dəfədən artıq efirə verməsin. Oqtay Kazımi mənə zəng elədi ki, indi sən Mərkəzi Komitədəsən deyə, biz yaradıcılıqdan geri qalmalıyıq, niyə mənim mahnılarımın efirə getməsinə icazə vermirsən?! Bax belə idi... İndi bir çoxları deyəcək ki, Vahid Əziz özünü tərifləyir, xeyr. Olanı deyirəm. Mən abrımı gözlədiyim üçün məni söymədilər. Bir məsələni də danışım, Aqil Abbas Allah şahididir, məni "Ədalət" qəzetinin redaksiyasına çağırdı. Deputatdır, dostumuzdur. İki cavan jurnalist gəldi ki, mənimlə müsahibə eləsinlər. Özü də çox aqressiv gəlmişdilər ki, haqqında söhbət etdikləri Yazıçılar Birliyinin rəhbərliyində olan adamı didələr. Aqil Abbasa dedilər ki, bizim Vahid Əzizlə nə işimiz var ki... Bizim Vahid Əzizlə problemimiz yoxdur - dedilər. Əksinə, orada problem mənimlə olmalı idi. Çünki mən Mərkəzi Komitənin partiya işçisi olmuşdum. Həmin dövrdə partiya işçiləri olanlara nifrət edilən dövr idi. Amma onların mənimlə heç bir işi olmadı. Çünki ləyaqətimi və əxlaqımı qorumuşdum. Bir daha deyirəm, Xalq şairi adı dövlət başçısının sərəncamı ilə verilir. Xalq şairi və xalq yazıçısı almaq asan şeydir, amma gərək bunun üçün xalqın şairi və xalqın yazıçısı olasan. Xalqın şairi və yazıçısı oldunsa bu ad sənə halaldır. Olmadınsa, verilməyi ilə verilməməyinin heç bir əhəmiyyəti yoxdur.

- Bir sual verəcəm, səmimi ola da, olmaya da bilərsiniz, partiya işçisi olmusunuz, o dövrdə milli ruhda şeir, hekayə yazan qələm yoldaşlarınızı tənqid eləmisinizmi? Kimlərinsə haqqında danos yazmısınızmı?

- Mən səmimiyəm, əgər səmimi olmasam, bir də səninlə danışmaram. Deyilənlərin çoxu boş şeydir. Çoxları yalan danışır. 1937-ci illər keçib getdi. Mənim ilk kitabım 1969-cu ildə çıxmışdı. Adı "Mən küləyi görürəm" idi. Orada "Şəngülüm, şüngülüm" adlı bir şeir var idi. Orada bir yer var idi, şəngülüm kimi, şüngülüm kimi inandıq onlara. Aldatdılar ki, buynumuzda ot, döşümüzdə süd gətirmişik, qapıları açdıq. Bu şeiri o vaxt kim yayımlaya bilərdi, amma çap elədilər. Bəzi şeyləri yalan deyirlər. Sovetin dövründə çox cəsarətli əsərlər var idi. İlyas Əfəndiyev kimi böyük bir dramaturq "Xan qızı Nətavan" pyesində yazırdı ki, "aaz, azz Sən get qazanını qalayla"... Nətavanın ərə getdiyi ləzgi deyir bunu... Sovet dövründə bunu kim-kimə deyə bilərdi?! Kimin hünəri çatardı?! Sovet dövləti onu niyə güllələmədi?! Ona qalsa, Fərman Kərimzadənin "Qarlı aşırım" romanı ən böyük anti-sovet əsəri idi. Götürüb baxsan "O olmasın, bu olsun" ən böyük anti-sovet əsərlərdən biri idi. Həmin dönəmlərdə o qədər gözəl əsərlər var idi ki, onlara başqa gözlə baxsan, hamısı anti-sovet əsəri idi. Səməd Vurğun da deyirdi ki, "baxıram Leninin kitablarına, dəstədən geri qalmamaq üçün...". Sovet hökuməti bir dəfə də olsun Leninin əsərlərini niyə oxumadığını, ancaq dəstədən geri qalmamaq üçün vərəqlədiyini soruşmadı. Əgər bu cür amansızlıq olsaydı, Mərkəzi Komitədə ilk növbədə belə şeylərə qəmiş qoyardılar. Hətta Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi olanda deyirdi ki, Azərbaycanda yeganə dissident mən olmuşam, başqa adam olmayıb, çünki mən heç kəsi qurban vermədim.

- Belə başa düşdüm ki, siz şairləri, yazıçıları müdafiə eləmisiniz...

- Bəli, müdaxilə eləmişəm. Hətta problem yarananda müdaxilələrim olub. Bir dəfə partiya işçisi olanda məndən soruşdular ki, bəs deyirlər Xəlil Rza bir kəlmə rus sözünə görə adamdan beş qəpik pul alır. O vaxt Xəlil Rzanı dolaşdırıb tutmaq istəyirdilər. Dedim ki, düz deyirlər. Amma Xəlil Rzanın yanında rus dilində təmiz danışanda çıxarıb cibindən üç manat pul verir. Mənim bu sözüm Xəlil Rzanı xilas eləmişdi. Ara qarışan vaxt Xəlil Rzanı yenə də dolaşdırmaq istəyirdilər. Dedim ki, xalq artıq bizə nifrət edir, sabah bir şey olsa xalq Xəlilin dalınca gedəcək, bizim yox. Ona görə də Xəlil Rzanı qorumalıyıq. Partiya işçilərinin içərisində ləyaqətli adamlar da çox olub. Biz satqınlıq eləməmişik. 30-cu illərdə alver də, başqa şeylər də olub. Amma bizim ləyaqətimizə, abrımıza kimsə nəsə deyə bilməz. Nə qədər insan varsa, bir o qədər də fikir var. Amma ucdantutma partiya işçilərinə qarşı ləyaqətsizlik etmək düz deyil. Mən Mərkəzi Komitədə işlədiyim dövrdə və oradan çıxandan sonra ermənilərin əleyhinə 12 adda kitab buraxmışam. Amma indi o kitabları çap eləmirlər. Ona görə də hər kəs öz əxlaqı ilə xalq qarşısında cavab verməlidir. Sonda bayaqkı suala cavab olaraq deyim ki, çox istedadlı gənclərimiz var. Adlarını çəkmək istəmirəm. Bu gün elədir ki, heç kəs öz ayranına turş demir. Birinin adını çəkərəm, qayıdar ki, Vahid Əziz bəs mənim adımı niyə çəkmirsən?! Əgər mən bu gün 20 nəfərin qəbul edirəmsə, deməli, onlar öz yerlərini tapıblar və tapacaqlar. Çünki Nizamisi, Füzulisi, Nəsimisi, Mirzə Cəlili, Əli Kərimi, Məmməd Arazı olan xalq heç zaman şairsiz, yazıçısız qalmaz. Çox gözəl ədəbiyyatımız var və gələcəyi də parlaqdır.

Paylaş
Xəbər lentİ