Batumidə "donuz qripi": Azərbaycanlı turistlər qonşu ölkədə yoluxa bilərlər

Oxunma sayı: 538
26-12-2018, 03:24

Batumidə "donuz qripi": Azərbaycanlı turistlər qonşu ölkədə yoluxa bilərlər
Azərbaycan vətəndaşları Gürcüstanı ziyarət edən turist sayına görə liderdir. Təkcə 2018-ci ildə Azərbaycandan olan qonaqların sayında 40% artım olub.

Araşdırma.info Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Acarıstan Muxtar Respublikasının Turizm və Kurortlar Departamentinin PR və reklam şöbəsinin baş mütəxəssisi İrakli Baramidze deyib.
Gürcüstanda turizmin çiçəklənməsi fonunda turistlərin, eləcə də Azərbaycandan oranı ziyarət edənlərin həyatı üçün ciddi təhlükə yaranıb.

Qeyd edək ki, dekabrın 24-də Batumi şəhər Respublika Xəstəxanasında (Acarıstan MR) qripdən yarandığı ehtimal edilən ağırlaşma nəticəsində 53 yaşlı qadın vəfat edib. Sputnik Gürcüstan-ın xəbərinə görə, qadın dekabrın 17-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə xəstəxanaya daxil olub. Lakin bu həftənin bazar ertəsi səhər reanimasiya şöbəsində ölüb.

Bir sutka sonra gürcü səhiyyə işçiləri daha bir nəfərin H1N1 virusundan ("donuz qripi") öldüyünü qeydə alıblar. Gürcüstanın səhiyyə naziri David Sergeyenkonun dediyinə görə, bədbəxt hadisə Kutaisi şəhərində (İmereti regionu) baş verib.

İctimai Sağlamlıq Mərkəzinin məlumatında bildirilir ki, Acarıstanda laborator şəraitdə üç H1N1 virusuna yoluxma halı qeydə alınıb. Mövsümi xarakterli viruslu xəstəliklərlə bağlı təcili tibbi yadıma müraciətlərin sayı da artıb.

Lakin Acarıstanın Turizm və Kurortlar Departamentinin nümayəndəsi bildirib ki, hələlik hökumət Batumidə "donuz qripi"nin yayılması ilə bağlı fövqəladə vəziyyət elan etməyib. Baramidze bu virus ətrafında yaranan söhbətlərin təşvişdən başqa bir şey olmadığını deyib.

"Səhiyyə Nazirliyi bütün tədbirləri görür. Bildiyim qədər dünən və bu gün səhiyyə naziri özü bu barədə açıqlama verib. Biz "donuz qripi"nin pik həddini fevral-mart aylarındakı qrip mövsümündə gözləyirdik. Əgər vəziyyət ciddi olsaydı, biz bu barədə hamıya məlumat verərdik" - deyə Acarıstan Muxtar Respublikasının Turizm və Kurortlar Departamentinin əməkdaşı bildirib.

Baramidze bu günlərdə Azərbaycanın Batumidəki baş konsulu Pərviz İsmayılzadə ilə görüşüb, amma onlar qrip təhlükəsi barədə söhbət etməyiblər.

Paylaş
Xəbər lentİ