Pandemiya dövrünün TƏHSİLİ - reallıqlar, çətinliklər, çıxış yolları

Oxunma sayı: 373
15-07-2020, 15:46

Pandemiya dövrünün TƏHSİLİ - reallıqlar, çətinliklər, çıxış yolları
Dünyanın, eləcə də Azərbaycanın 2020-ci illə bağlı xüsusi inkişaf planları olsa da, qəfil müşahidə edilən pandemiya nəinki bu planların gercəkləşməsinə səbəb oldu, hətta mövcud olan resursların və imkanların itirilməsi təhlükəsini yaratdı.

Pandemiya yalnız dünya iqtisadiyyatının tənəzzülə uğraması ilə deyil, həm də təhsilin mənfi təsirlərə məruz qalması ilə nəticələnir.

Dünya Bankının koronavirus pandemiyası ilə hazırladığı yeni hesabata görə, apreldə 180 ölkədə təhsil müəssisələrinin bağlanması nəticəsində 1,6 milyard şagird məktəbdən kənarda qalıb. May ayında bəzi ölkələrdə məktəblərin açılması ilə bu say 1,2 milyarda düşüb.

DB mütəxəssisləri hesab edir ki, koronavirusun yayılması 7 milyona yaxın şagirdin məktəbi buraxa biləcəyinə səbəb ola bilər.

Sənədə görə, uşaqların məktəbə getməməsinin iki mənfi təsiri var ki, bunların biri onların öyrənmək imkanlarının olmaması, digəri isə öyrəndiklərini unutmasıdır.

UNESCO-nun baş direktoru Odre Azule “Le Journal du Dimanche” nəşrinə müsahibəsində dünyadakı uşaq və yeniyetmələrin 53%-nin evdə kompüterinin, 47%-nin isə internetə çıxışının olmadığını, buna görə onlar üçün onlayn tədrisin tətbiqinin mümkün olmadığını söyləyib.

Dünya Bankının ekspertlərinin fikrincə, koronavirus iki əsas amil vasitəsilə bütün dünyada təhsil sahəsindəki irəliləyişi təhdid edir ki, bunun biri bütün səviyyələr üzrə məktəblərin tam bağlanması, digəri mübarizə tədbirlərindən irəli gələn iqtisadi tənəzzüldür.

Onların qənaətinə görə, dövlətlər tez bir zamanda davamlı öyrənmənin dəstəklənməsinə keçsələr, zərərin azaldılmasını, hətta tədrisin bərpasını yeni imkanlara çevirə bilərlər. Ekspertlərin buna nail olmaq üçün dövlətlərə etdiyi təkliflərdən biri məsafədən təhsil vasitəsilə tələbələrin öyrənmə itkilərinin qarşısını almaqdır.

İlkin tədbirlər

Azərbaycan koronavirus pandemiyasının təhsil sisteminə mənfi təsirlərinin qarşısını almaq üçün tədbirlərin görülməsinə çox erkən başlayıb. Ölkədə COVİD-19-a ilk yoluxma faktı qeydə alındıqdan sonra - martın 3-dən bütün təhsil müəssisələrində təlim-tədris dayandırılıb. Azərbaycanın bütün ərazisində təlim-tədris prosesinin dayandırılması pandemiyaya qarşı mübarizədə ən birinci qəbul edilən qərarlardan idi. Bundan 7 gün sonra-martın 11-dən isə Təhsil Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə teledərslərin keçirilməsinə başlanılıb.

Təhsil nazirinin müşaviri Elnur Məmmədovun sözlərinə görə, inkişaf edən ölkə olan Böyük Britaniyada məktəblər mart ayının 20-dən bağlanılsa da, teledərslərə məktəblərin bağlanmasından düz 1 ay sonra başlanılıb. Böyük Britaniya 20 aprel tarixindən BBC kanalında bütün ölkədə yayımlanan teledərslərə start verib.

Nazir: Bu, Azərbaycanın çevik reaksiya verməsinin göstəricisidir

Təhsil naziri Ceyhun Bayramov deyib ki, Azərbaycanın bütün ərazisində təlim-tədris prosesinin dayandırılması qərarı qəbul edilən zaman dünyanın cəmi 12 ölkəsi oxşar qərar qəbul etmişdi. Daha sonra dünyanın 191 ölkəsi belə qərar verdi.

Nazirin fikrincə, bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizəyə nə qədər çevik reaksiya verməsinin göstəricisidir.

Pandemiya dövrünün TƏHSİLİ - reallıqlar, çətinliklər, çıxış yolları
Yalnız öyrənməyiblər, həm də biliklərini yoxlaya biliblər

C.Bayramovun sözlərinə görə, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Təhsil Nazirliyi (TN) tərəfindən atılan çevik addımlar nəticəsində Azərbaycan bölməsində, daha sonra isə rus bölməsində teledərslərə start verildi. Ölkədə 1 milyon 600 min şagird teledərslərdən yararlana bilib. Teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə isə TN aprelin 2-dən "Virtual məktəb" layihəsinə start verib ki, bu portal vasitəsilə şagirdlər həftəiçi teledərslərdə tədris olunan mövzulara əsasən hazırlanmış ev tapşırıqlarını yerinə yetirə, öz biliklərini yoxlaya və əlavə tədris resurslarından faydalana biliblər. "Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılıb.

C.Bayramov hesab edir ki, təhsil sahəsində görülən bu tədbirlər koronavirus pandemiyasının təhsil sisteminə mənfi təsirlərinin qarşısını aldı.

Qeyd edək ki, ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb” platformasının istifadəyə verilməsi nəticəsində 1 milyondan çox müəllim və şagird onun imkanlarından istifadə edə bildi. Şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaq üçün aprelin 15-dən başlayaraq, hər həftə ərzində keçirilən “Virtual əlaçı” bilik yarışması portalın ən müsbət tərəflərindən biri hesab edilə bilər. Həmin platforma üzərindən hər həftə şagirdlər arasında keçirilən “Virtual əlaçı” müsabiqəsinin yüz minlərlə iştirakçısı, 149 qalibi olub.

“Virtual məktəb” platformasının imkanlarından hazırda da istifadə edilir. Təhsil Nazirliyinin təşkilatçılığı ilə hazırda keçirilən “Abituriyentlər üçün teledərslər”in “Virtual məktəb” portalına əlavə edilməsi abituriyentlərə imtahana daha yaxşı hazırlaşmağa imkan verəcək.

“Virtual məktəb” portalında yay aylarında məktəbdənkənar fəaliyyət, abituriyentlər üçün video məzmun, müəllimlər üçün ixtisasartırma və şagirdlər üçün karyera seçimi üzrə onlayn tədbirlər də keçiriləcək.

Paylaş
Xəbər lentİ