İnterpola axtarışa verilən Qurban Məmmədli və Tural Sadıqlı ittihamları rədd edirlər

Oxunma sayı: 457
8-09-2020, 16:00

İnterpola axtarışa verilən Qurban Məmmədli və Tural Sadıqlı ittihamları rədd edirlər
Avropada məskunlaşmış internet televiziya yayımçıları Qurban Məmmədli və Tural Sadıqlı Azərbaycanda onlara qarşı irəli sürülmüş ittihamlarla razı deyillər.

Baş Prokurorluq onları və daha bir neçə nəfəri kütləvi iğtişaşlara, hakimiyyətə qarşı zorakılıq etməyə çağırmaqda ittiham edərək barələrində beynəlxalq axtarış elan edib.

Qurban Məmmədli və Tural Sadıqlı internet platformalarındakı kanallarında hakimiyyəti tənqid məzmunlu materiallar yayımlayırlar.

"Yalnız Azərbaycan rəhbərliyini tənqid edirəm"
Azad Söz internet kanalının rəhbəri Tural Sadıqlı BBC News Azərbaycancaya deyib ki, bu, onun üçün ilk axtarış deyil və oxşar halla bir il öncə qarşılaşıb.

"Mənim barəmdə 2019-cu ildə başqa maddələrlə axtarış elan etmişdilər. Hətta Sabunçu Rayon Polis İdarəsinin qarşısında axtarışda olanların lövhəsinə mənim Facebookdan götürdükləri gülümsəyən şəklimi yerləşdiriblər. İndi mənə təəccüblü gəldi ki, başqa maddələrlə nə gərək var axtarışa versinlər".

O, ittihamların konkret hansı video və ya məzmunla bağlı olduğunu bilməsə də, ümumi fəaliyyətinin nəzərdə tutulduğunu düşünür.

Tural Sadıqlı "Azərbaycan dövləti əleyhinə heç bir açıq və ya gizli çağırış etmədiyini", "konstitusiyon dəyişikliyə çağıran ifadələr işlətmədiyini" söyləyir və qeyd edir ki, ona qarşı irəli sürülən maddələrlə cinayət işinin açılması və axtarışa verilməsi "absurddur".

O, "fəaliyyətinin göz qabağında" olduğunu və yalnız Azərbaycan rəhbərliyini tənqid etdiyini deyir.

Almaniyada siyasi sığınacaq aldığını bildirən Tural Sadıqlı qeyd edir ki, bir ay əvvəl axtarışda olub-olmaması ilə bağlı alman polisinə müraciət edib və cavabında ona "Almaniyada hər hansı axtarışda olmadığı" deyilib.

O, xüsusilə Qərbi Avropa ölkələrində İnterpolun ona qarşı Azərbaycanın qaldırdığı iddialar əsasında "heç bir tədbirin olmayacağını" düşünür.

Cənab Sadıqlı hesab edir ki, Azərbaycan hökuməti adları çəkilən şəxsləri axtarışa verməklə onların "qeyri-azad və ya yarı azad ölkələrə səfər etmələrini məhdudlaşdırmağı" hədəfləyir.

"İğtişaşa çağırış olmayıb"
Ingil mənzillənən hüquqşünas Qurban Məmmədov deyir ki, o, insanları yalnız "konstitusiyon hüquqlarını qorumağa" çağırıb və burada "iğtişaşlara çağırış" olmayıb və əksinə, "hüququşünas kimi insanlara izah edib ki, vətəndaş yalnız məmurun, polisin qanuni tələbinə cavab verməlidir, qanunsuz tələblərə əməl etməməlidir".

Cənab Məmmədov söyləyir ki, Baş Prokurorluğun məlumatında qeyd olunan "əlbir olan bir qrup şəxs" ifadəsi "tamamilə əsassızdır".

O deyir ki, qurumun məlumatında adları çəkilən şəxslərlə heç bir əlaqəsi olmayıb.

Baş prokurorluq onların Azərbaycana verilməsini istəyir
Baş Prokurorluq bildirib ki, Avropanın müxtəlif ərazilərində yaşayan bir neçə Azərbaycan vətəndaşı: Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı barəsində elan edilən axtarış qərarı icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə və "İnterpol"-un Milli Mərkəzi Bürosuna göndərilib.

Onlar Cinayət Məcəlləsinin "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hakimiyyət qarşı zorakılıq etməyə çağırışlar etmə" və "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar etmə" maddələri ilə ittiham olunurlar.

Həmin şəxslərin yerinin müəyyən edilərək Azərbaycana ekstradisiya edilməsi istənilir.

Baş Prokurorluğun məlumatında deyilir ki, sözügedən şəxslərlə eyni maddələrlə ittiham olunan Azərbaycan vətəndaşı Elvin İsayev Ukraynanın miqrasiya qanunlarını pozduğuna görə, 2019-cu ilin dekabrında Azərbaycana deportasiya olunub və barəsində əvvəlcədən seçilmiş həbs qətimkan tədbiri icra edilib.

Qurumun açıqlamasında qeyd olunur ki, Elvin İsayev, Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə 2018-ci ildə sosial şəbəkələrdə video müraciətlər yayımlayıblar.

İddia olunur ki, həmin şəxslər video müraciətlərdə "hakimiyyətin zorla ələ keçirilməsi və zorla saxlanılmasına, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına" yönələn ifadələr işlədib, Azərbaycan vətəndaşlarına müraciət edərək onları "hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərilməklə kütləvi iğtişaşlar və zorakılıqlar etməyə" çağırıblar.

Baş ittihamlara Prokurorluğun məlumatında adları çəkilən digər şəxslərin münasibəti bəlli deyil.

Paylaş
Xəbər lentİ