Bərdə sakini: "Yer ayağımızın altında silkələndi"

Oxunma sayı: 332
8-10-2020, 14:08

Bərdə sakini: "Yer ayağımızın altında silkələndi"
"Səhər saat 6-dan atmağa başlayıblar. Bir 10-15 dəqiqə olar, ikisi düşdü şəhərin içinə. Möhkəm səs gəldi. Hətta yer ayağımızın altında silkələndi," Bərdə sakini Tuğay Tahirov bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 8-də yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələri Bərdə şəhərini atəşə tutur.

"Adamlar həyəcan içindədir. Evdə uşaqlar ağlaşır. Bilmirəm, yolun kənarında durum. Bilmirəm, gedim yaxınlaşım, baxım görüm nə oldu?" - Bərdə sakini BBC News Azərbaycancaya deyib.


Tuğay Tahirovla telefon söbəti zamanı atəş səsləri eşidilir.

O, "daldalana biləcək zirzəmiləri olduğunu" deyir, amma düşünmür ki, ora təhlükəsizdir".

Atəş səslərini təsvir edən Bərdə sakini "bu, əvvəlki səslərə bənzəmir, nəsə böyük bir şeydir" deyir.

7 nəfər xəsarət alıb

Azərbaycanın Baş Prokurorluğu Bərdənin atəşə tutulması nəticəsində itkilər barədə məlumat yayıb.

"Bu gün səhər saat 10 radələrindən başlayaraq Bərdə rayonu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutuluması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb", Azərbaycanın Baş Prokurorluğunun məlumatında bildirilir.

Qurum bildirib ki, Bərdə şəhərinin mərkəzində yerləşən "Qədim Bərdə" restoranına raketin düşməsi nəticəsində həmin vaxt orada olan 2 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

"Eyni zamanda Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşmüş raketlər daha 5 nəfər şəxsin yaralanmasına səbəb olub", qurum bildirib.

Baş Prokurorluq, həmçinin "məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydiyini" açıqlayıb.

Qurum "hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirlərinin həyata keçirildiyini" bildirir.

Paylaş
Xəbər lentİ