144 yaşlı milli mətbuatımızın əsas problemi nədir? – Azər Rəşidoğlunun prizması...

Oxunma sayı: 559
23-07-2019, 23:24

144 yaşlı milli mətbuatımızın əsas problemi nədir? – Azər Rəşidoğlunun prizması...
Share
Tweet
Share
Tanınmış jurnalist və siyasi şərhçi: “Bu gün Azərbaycan mətbuatı yoxdur. Azərbaycan mətbuatı illər boyu zərbələrə, təzyiqlərə məruz qaldı və nəhayət ki, canını tapşırdı”


“İndi birmənalı şəkildə iqtidara xidmət edən və yaxud birmənalı şəkildə müxalifətə xidmət edən, iki tərəfdən də bir-birinə söyüş, təhqir yağdıran mətbuat formalaşıb”.

Bu sözləri siyasi şərhçi Azər Rəşidoğlu Azərbaycan mətbuatının əsas problemlərini PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür. 144 il öncə – 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.



Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçdi. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu. Növbəti mərhələ isə AXC-nin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 144 yaşlı mətbuatın 70 ili bu kommunist dikaturası dövrü ilə bağlıdır.

Bəs bu gün Azərbaycan mətbuatının əsas problemləri nədir və yaşlı nəsillə gənc nəsil jurnalistlər arasındakı problemlərlə bağlı nədemk olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı siyasi şərhçi Azər Rəşidoğlunun fikirlərini öyrənib.

144 yaşlı milli mətbuatımızın əsas problemi nədir? – Azər Rəşidoğlunun prizması...

Azər Rəşidoğlu: “Sanki iki killer dəstəsi bir-biri ilə vuruşur və jurnalistlərdən də istifadə edirlər”.

Bu gün Azərbaycan mətbuatının olmadığını düşünən tanınmış siyasi şərhçi bildirib ki, azad və müstəqil mətbuatın formalaşması üçün mətbuatın siyasi qüvvələrdən asılı olmasına son qoymaq lazımdır. Son qoyulmayacaqsa, Avropada, xarici ölkədə olan kimlərsə, söyüş mexanizmini işə salacaq:

“Əslində nə desək də fakt ortadadır. Bu gün Azərbaycan mətbuatı yoxdur. Azərbaycan mətbuatı illər boyu zərbələrə, təzyiqlərə məruz qaldı və nəhayət ki, canını tapşırdı. Bu gün müxalifət adı ilə çıxan və hansısa formada yayılan tv-lərin, saytların, həmçinin müxalifətə qarşı qara piar aparan iqtidar mətbuatının gerçək mətbuata heç bir aidiyyatı yoxdur. Azərbaycan mətbuatı olmadığına görə onun haqqında danışmaq da istəməzdim.

Bu nəsillərin davası deyil. 1990-cı illərin mətbuatı dediyimiz, jurnalistikası dediyimiz dövrə baxsaq görəcəyik ki, o zaman da müəyyən fikir ayrılıqları olub. Amma bu sırf mətbuatın problemləri ilə bağlı idi. İndi hansısa bir gənc nəsil mətbuatından danışmaq mümkün deyil.



İndi birmənalı şəkildə iqtidara xidmət edən və yaxud birmənalı şəkildə müxalifətə xidmət edən, iki tərəfdən də bir-birinə “söyüş”, “təhqir” yağdıran mətbuat formalaşıb. Mətbuatın işi siyasi savaşlarda iştirak etmək deyil. Mətbuatın işi informasiyanı çatdırmaq, sosial problemləri qabartmaq, təhlil etməkdir.

Azər Rəşidoğlu: “İndi hansısa bir gənc nəsil mətbuatından danışmaq mümkün deyil”.

Bizim məbuatın ən sadə janrı hesab edilən müsahibələrdə baxaq. Müsahibələrdə sual eyni zamanda cavab olursa, artıq bu mətbuat hansı səviyyədə olmasının təzahürüdür. Sanki iki killer dəstəsi bir-biri ilə vuruşur və jurnalistlərdən də istifadə edirlər.

Azərbaycanda mətbuat olmadığına görə onun haqqında danışmaq düzgün deyil. Ancaq mətbuat belə gedə bilməz. Düşünürəm ki, azad və müstəqil mətbuatın formalaşması üçün mətbuatın siyasi qüvvələrdən asılı olmasına son qoymaq lazımdır. Son qoyulmayacaqsa, Avropada, xarici ölkədə olan kimlərsə, söyüş mexanizmini işə salacaq.

Əsl mətbuat olanda tənqidlər olurdu. Amma heç vaxt küçə söyüşlərinə yol verilmirdi. Mətbuat sıradan çıxandan sonra söyüş mexanizmi işə düşdü. Mətbuatı bu günə salanlar buna görə məsuliyyət daşımalıdırlar”.

Paylaş
Xəbər lentİ