Bakıda 20 il sonra aşkarlanan skelet müəmması: Qızın ölümü sirr olaraq qalır

Oxunma sayı: 518
26-06-2020, 14:16

Bakıda 20 il sonra aşkarlanan skelet müəmması: Qızın ölümü sirr olaraq qalır
Görünür, Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən keçmiş “Dostluq” uşaq düşərgəsi ərazisində qalıqları tapılan qızın ölüm səbəbi müstəntiqlər və kriminalistlər üçün sirr olaraq qalacaq.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Xatırladaq ki, alt çənə, qabırğa və digər insan sümüklərindən ibarət qalıqlar mayın 7-də axşam saatlarında hazırda məcburi köçkünlərin yaşadığı düşərgənin ərazisində tapılıb.

Əraziyə gələn kriminalistlər və istintaq-əməliyyat qrupunun üzvləri tapılan sümüklərin digər hissələrini də aşkar edərək üzə çıxarıblar.

İlkin araşdırma zamanı məlum olub ki, aşkar edilən sümüklər qız uşağına məxsusdur.

Ekspertizanın nəticəsinə əsasən, cəsəd azı 20 il əvvəl gizli şəkildə dəfn olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi avadanlıqlardan istifadə edərək, ərazidə başqa qəbirlərinin olub-olmaması ilə bağlı araşdırma aparsalar da, heç nə tapmayıblar.

İstintaq kriminalistlərin tapdığı polietilen paketin qızın cəsədini bükmək üçün istifadə edildiyi qənaətinə gəlib.

Qeyd olunan faktlardan belə nəticə çıxarmaq olar ki, kimsə qızın ölümünü qəsdən gizlətməyə çalışıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinə başlanılıb.

Ekspertlər müəyyən edib ki, qızın ayaqlarından biri ikincisindən daha qısa olub. Bununla əlaqədar, onun əlillik müavinəti aldığı ilə bağlı yeni bir versiya ortaya çıxıb. Qızın qohumları isə dövlətdən müavinət almaq naminə ölüm faktını gizlətmək qərarına gəliblər. Qızın ölüm səbəbi hələ də müəyyən edilməyib.

Qalıqların tapılmasından 50 gün keçir. İstintaq 1990-cı ildən etibarən rayon ərazisində yaşayan sakinlərin sənədlərini araşdırsa da, şübhəli məqama rast gəlməyib. Görünür, hər gizlini aşkar etmək mümkün olmur./Cahantv.az/

Paylaş
Xəbər lentİ