Baş Prokurorluqdan Bakıda bir evdən beş nəfərin meyitinin tapılması ilə bağlı məlumat - YENİLƏNİB

Oxunma sayı: 320
23-02-2021, 11:53

Baş Prokurorluqdan Bakıda bir evdən beş nəfərin meyitinin tapılması ilə bağlı məlumat - YENİLƏNİB
Baş Prokurorluq Səbail rayonu ərazisində yerləşən evdə 5 nəfər şəxsin meyitinin aşkar olunması ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, fevralın 23-də saat 14 radələrində faktla bağlı Səbail rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla müəyyən olunub ki, 2004-cü il təvəllüdlü Atilla Əliyevin, 2003-cü il təvəllüdlü Lətif Əliyevin, 2000-ci il təvəllüdlü İnkişaf Allahverdiyevin, 1972-ci il təvəllüdlü Natiq Səfərovun və 1998-ci il təvəllüdlü Şikar Allahverdiyevin meyitləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində aşkar olunub.

İlkin ehtimala görə, hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

14:48

Bakıda bir evdə beş nəfərin meyiti aşkarlanıb.

Cahantv.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci massivdə yerləşən həyət evində baş verib.

Belə ki, sözügedən ünvandan 17 yaşlı Əliyev Lətif Rəşad oğlu, 16 yaşlı Əliyev Atilla Rəşad oğlu, 24 yaşlı Allahverdiyev Şikar İdris oğlu, 21 yaşlı Allahverdiyev İnkişaf İdris oğlu, 46 yaşlı Səfərov Natiq Faiq oğlunun meyiti tapılıb.

Faktla bağlı Səbail rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş
Xəbər lentİ