“İş otağında ölü tapılan rəisi təhdid ediblər…”

Oxunma sayı: 493
23-07-2019, 23:29

“İş otağında ölü tapılan rəisi təhdid ediblər…”
Mənimsənilən 80 min manatı ona “yükləyiblər” ”

Arasdırma.info Azpolitika.infoya istinadən xəbər verir ki, ötən gün “Azərpoçt” MMC-nin Salyan filialının rəisi Mehdiyev Elxan Ərəstun oğlu iş otağında dünyasını dəyişib. 1957-ci il təvəllüdlü E.Mehdiyevin ürək tutmasından vəfat etdiyi barədə məlumatlar yayılıb.

Lakin “Azərpoçt”dakı adının çəkilməsini istəməyən mənbə “AzPolitika.info”ya verdiyi məlumatda bu hadisənin təsadüfi olmadığını iddia edərək, mərhumun qurumun rəhbərliyi ilə ciddi problemlərinin olduğunu bildirib: “İş otağında ölü tapılan Elxan Mehdiyev “Azərpoçt” un rəhbərliyi tərəfindən təhdid edilib və sistemin mənimsədiyi 80 min manat pulu ona “yükləyiblər””.

Mənbə qeyd edir ki, bu ölüm hadisəsinin ciddi şəkildə araşdırılmasına ehtiyac var. Belə ki, hadisədən 1 həftə öncə “Azərpoçt”un vəzifəli şəxslərindən birinin E.Mehdiyevə telefonda ciddi hədə-qorxu gələrək, yaranmış “yeyinti” ilə bağlı məsuliyyətin onun üzərində olduğunu dediyi bildirilir.

Xatırladaq ki, ötən saylarımızda “Azərpoçt”da tətbiq olunan “COLVİR” sisteminin yeni versiyasının yaratdığı problemlərdən söz açılmışdı. Həmin sistemlə bağlı qurumdakı mənbənin söylədiklərinə görə, bu yenilik poçt şöbələrində süni şəkildə şişirdilmiş borc məbləğləri yaradır: “Günün sonu ödəniş qəbzlərini, kassadakı nəğd pulları və sistemdəki rəqəmləri müqayisə etdikdə məlum olur ki, sistemin hesabında rəqəmlər süni şəkildə artır. Rəqəmlərin belə “şişməsi” aprel ayından müşahidə olunur. Sistemin yenilənməsi adı altında əslində poçt işçilərinin ciblərini talan edirlər… Kassada nəğd pul vəsaiti yoxdur, amma sistemin hesabında pul günü-gündən “şişir”. Baş verən bu hadisələr insanda elə fikir yaradır ki, “COLVİR” sisteminin yeni versiyası günahsız poçt işçilərini, necə deyərlər, “şərləmək”, oğurluqda ittiham etmək məqsədilə yaradılıb”.


Mənbə iddia edir ki, E.Mehdiyev də bu sistemin güdazına gedib: “Həmin gün Elxan bir tikə çörək də yeyə bilməyib, avtomobilini yüksək sürətlə idarə edərək, evinə gəlib. Evdəkilər də onun rənginin boğulmasını görüb, narahat olublar. Deyilənə görə, bu yaxınlarda Bakıya “Azərpoçt”a çağırılan Elxan baş idarədə ciddi təhdid edilib, konkret sistemin mənimsədiyi pula görə onu “yükləyiblər” və tez bir zamanda həmin məbləği ödəməsini tələb ediblər. Halbuki, Filial rəisi sistemin hesabında yaranmış süni rəqəmlərin artmasıyla bağlı dəfələrlə qurum rəhbərliyinə müraciət edib və bunun araşdırılmasını tələb edib…”

Sonda mənbə iddia edir ki, E.Mehdiyev məhz bu təzyiq və təhdidlərin qurbanı olub və “Azərpoçt” rəhbərliyinin istifadə etdiyi əsassız şərləmə və təhdidlər davam etdikcə, belə qurbanların sayı artacaq.

Paylaş
Xəbər lentİ