Arasdirma.info

Qoruyucu mələk - Xavi və İnyestanın hekayəsi

25-07-2020, 06:55

Qoruyucu mələk - Xavi və İnyestanın hekayəsi
"Finalda uduza bilmərik. Nə olar, bu baş verməsin. "Barselona" ilə belə vidalaşa bilmərəm. "Kamp Nou"da La Liqa titulunu və ölkə kubokunu başımızın üzərinə qaldırdıq, indi isə Berlinə gedirik. Çempionlar Liqasının finalını uduzmamalıyıq".

Xavi Ernandes "Barselona" tarixində komandanın formasını ən çox geyinən futbolçu idi. Artıq "Barsa" ilə vidalaşmaq zamanı idi və nöqtəni üç kubokla qoymaq üçün əla imkan yaranmışdı. Xavi futbol tarixinin, böyük ehtimalla, ən yaxşı klub heyətinin və ən yaxşı milli oyunçulardan ibarət komandasının meydandakı "memar"ı hesab olunurdu. Amma yaşı artıq 35 idi, meydandakı rolu nisbətən azalmışdı. Bir zamanlar meydanın daxilində həlledici fiqur olan Xavi, artıq oyundan kənar məsələlərdə diqqət mərkəzinə çevrilmişdi. Daha az oynamaq imkanı əldə edirdi. Özü də situasiyanı yaxşı dərk edirdi. Sadəcə, dostu, komanda yoldaşı, indi isə baş məşqçisi olan Luis Enrikenin ona uyğun gördüyü "ehtiyat oyunçu" statusuna alışmaqda çətinlik çəkirdi. Amma əvəzedicilər skamyasında olsa belə, komandaya liderlik edirdi. Orada belə, digərlərinin görə bilmədiyi şeyləri görürdü. Xavi oyunu hamıdan yaxşı anlayırdı.
ƏTRAFLI
Nescafe_CapuLatte



Komanda yoldaşlarını "oxumaq" bacarığı da heç də pis deyildi. "Çempionlar Liqasının finalı yaxınlaşırdı. Lakin Andresin vəziyyəti pis idi. Tam olaraq Romadakı kimi olduğunu (onda zədəli idi) deyə bilmərəm, amma problemləri bitmək bilmirdi və sanki nədənsə ehtiyatlanırdı", - deyə Xavi həmin günləri xatırlayır. Andres İnyestanı dəstəkləməyi, ona cəsarət verməyi öz öhdəliyi hesab edirdi. Xavi kapitanlıq sarğısını İnyestaya vermişdi və oyun ərəfəsində tez-tez onunla danışırdı. Sözləri boş və mənasız deyildi.

Xavi: "Bunu unutmamalıyıq: Andres finalda oynayacaq qədər özünü gümrah hiss etməsəydi, onun əvəzinə mən meydana çıxacaqdım. Klubdakı son mövsümüm idi və Luis Enrike məndən mərkəz üçlünün solunda, Andresin əvəzedicisi kimi faydalanırdı. Sağ tərəfdə isə Leo Messi və Dani Alvesin boş buraxacağı zonanı bağlamalı olan İvan Rakitiç var idi".

"La Masiya"da mərkəz yarımmüdafiəçi olan Xavi, Frank Raykard sayəsində bir az da önə çıxaraq orta üçlünün sağında oynamış, Avro-2008-də isə Luis Araqonesin rəhbərliyi altında "box-to-box" rolunda əsl kimliyini tapmış və turnirin ən yaxşı oyunçusu seçilmişdi. İndi İnyestanın əvəzedicisi kimi qarşımızda idi.
Qoruyucu mələk - Xavi və İnyestanın hekayəsi
Xavi: "Finala iki gün qalmış Andreslə söhbətləşirdik. Anidən Luis Enrike yanımıza gəldi və İnyestanın halını soruşdu. Andres məşqlərdə ancaq saatda 3 km. sürətlə qaça bilirdi. Problem yaranmasın deyə, daha çox güc sərf etməsinə icazə verilmirdi. Normal olan da bu idi. Həmin an Luisə mən cavab verdim: "Onun məşq etməyinə belə ehtiyac yoxdu. İnyesta finalda oynamalıdı - bu qədər bəsit". Andresə isə bunları dedim: "Özünü çox yorma. Rahat ol, bacaracaqsan". Düşüncələr onun yaxasını buraxmırdı. Çempionlar Liqasının finalına hazırlaşan hər oyunçu belə halla qarşılaşa bilər, ancaq Andres bu cür şeylərə daha da meyilli idi. Tez-tez başını o yana-bu yana fırladırdı, nə edəcəyini bilmirdi. Davam etdim: "Narahat olma, Andres, məşq etməyinə ehtiyac yoxdu. Luis, sən də onu çox sıxma. Yaxşı olacaq, görəcəksən. Finala tam hazır olacaq".

Məşqlərdə saatda 3 km.-lə qaçan biri həmin axşam Berlində "uçurdu". Xavi İnyestanın sərt, təcrübəli, istedadlı və bir o qədər də müdafiəyəmeyilli "Yuventus" oyunçularından sıyrılaraq Rakitiçə hazırladığı qol epizodunu belə xatırlayır: "Matçın ilk hücumundaca İnyestanın etdiyinə baxın. Aman Allahım..."

4 dəqiqə geridə qalmışdı, "Barsa" 1:0 öndə idi və İnyesta artıq oyuna damğasını vurmuşdu. Neymar cərimə meydançasının daxilində İnyestanı tapdı, o isə Rakitiçi gördü. Beləliklə, "katalonlar" "kilid"i açdılar. Əslində, Xavi İnyestanın niyə qapıya zərbə vurmadığını düşünürdü. Yəqin ki, "Yuventus"un futbolçuları da daxil, hər kəs bunun səbəbini öyrənmək istəyirdi. O, Cici Buffonun qapısının düz önündə idi. Amma anidən ayaq biləyini hiyləgər şəkildə çevirdi, hamını aldatdı və Rakitiç topu qapıdan keçirdi.



Xavi: "Fasiləyə daha böyük hesab fərqi ilə yollanmalıydıq. Onlar qol vurandan sonra narahatlığımız artdı. İrəlidə rahat şəkildə hərəkət edən Teves, Pirlo, Markizio, Morata kimi oyunçuları var idi. Bununla belə, qalib gələcəyimizdən əmin idim. Noyabrda məndən soruşsanız, "Bu mövsüm heç bir şey qazanmayacağıq" deyərdim. Amma fevralda və ya martda eyni sualı bir də mənə ünvanlasanız, cavabım fərqli olardı. Sözügedən aylarda "uçduğumuza" inanırdım. "Barselona" karyeramı bu şəkildə bitirmək inanılmaz idi. "Kamp Nou"dakı son liqa matçında çempionluğu əldə etmişdik. Ardınca, bir həftə sonra yenə öz stadionumuzda "Atletik"ə qalib gələrək ölkə kubokunu qazandıq. O anı Andreslə paylaşmaq istəmişdim. Aramızda belə bir dialoq yaşanmışdı:

- Yanıma gəl, Andriu.
- Hara?
- Yuxarı, yuxarı, kuboku almağa. Mənimlə birlikdə kuboku qaldırmağını istəyirəm.
- Başa düşmədim...
- Haydı, gəl bura, birlikdə qaldıracağıq.

Sonda birtəhər razı sala bildim. Belə olmağını istəyirdim, çünki Andres bunu haqq etmişdi".



Andres və Xavi bir yerdə idi. Onlar futbol tarixinin ən yaxşı partnyorluqlarından birini formalaşdırmışdılar. Halbuki bir zamanlar əksəriyyət buna inanmırdı. Azarkeşlər, jurnalistlər, mütəxəssislər... - çoxu onların bir-birlərinə uyğunlaşa bilməyəcəklərini, fərdi istedadları ilə bir-birlərinə mənfi təsir edəcəklərini və bərabər oyunlarının alınmayacağını düşünürdü.

Xavi gülümsəyir: "Bərabər oynaya bilmərik, hə? İndi həmin müzakirələri xatırlayanda düşünürsən: "Allahım!" Bu, yəqin ki, Andres üçün daha da çətin idi, çünki mən daha əvvəl də bənzər söhbətləri eşitmişdim. Əsas komandaya ilk dəfə yüksələndə Pep Quardiola və mənim haqqımda eyni şeyləri deyirdilər. Komandada sadəcə birimizə yer olduğunu düşünürdülər: ya o, ya da mən, ikimiz bir arada ola bilməzdi... Müdafiə olunmadığımızı deyənlər oldu, eyni bölgə oyunçusu olmadığımızı iddia edənlər var idi... Eh, say-say, bitməz. Bütün bunlar bizim daha qısa müddətdə yetkinləşməyimizə səbəb oldu, bizi gücləndirdi. İnanın, insanların düşündüyündən daha da güclüyük. Yanıldıqlarını sübut etdik. İstedadların bir arada olması həmişə yaxşıdı. Sonralar insanlar Busketsin yarımmüdafiəçi olmadığından, müdafiədəki problemlərindən ağızdolusu danışırdılar. Bəziləri onun dünya çempionatında oynamasının əleyhinə idi. Amma siz sonluğa baxın: Andres, Messi və Buskets karyeram boyunca birlikdə oynadığım ən yaxşı oyunçulardılar. Hamıdan çox, onlarla birlikdə oynamaqdan zövq alırdım".

Xavi bir dəfə "Barselona"dan ayrılmağa çox yaxın olub. Əslində, bir yox, bir neçə dəfə bənzər vəziyyət yaranıb. Anası Mariya Merse Kreus məsələyə müdaxilə etmişdi. Andres də "Barselona"dan ayrıla bilərdi, amma yekunda o da qalmağa üstünlük verdi və Xavi ilə birlikdə tarix yazdılar.

Xavi: "Bir-birimizə nəsə deməyə ehtiyac yox idi. Uzağı bunu deyərdim: "Andriu, mənə bir az da yaxınlaş". Maksimum bu. Andres də oyunun gedişində danışmağı sevən biri deyildi. Bir-birimizi çox yaxşı anlayırdıq, sadəcə bir dəfə bir-birimizə baxmağımız yetərli idi. Həmişə adama çıxış yolu təklif edər, pas opsiyası yaradardı. Bəlkə də, kənardan başqa cür görsənir, amma o, çox xarakterli biridi. Sısqa, cansız görünsə də, o, tamamilə fərqli insandı. Qətiyyən təsəvvür etdiyiniz kimi deyil. Səssiz olsa belə, meydanın daxilində əsl liderdi. Heç vaxt gizlənməzdi. Nə zaman sürətlənəcəyini, nə zaman tempi düşürəcəyini, nə zaman qaçacağını, nə zaman pas verəcəyini, bir sözlə, həmişə nə edəcəyini bilirdi. Zonalardan istifadə bacarığı o qədər güclü idi ki, ondan top almaq müşkül məsələyə çevrilirdi.

Elə bilirsən ki, üzərinə gəlir, amma ardınca tam zamanında bam: sağınızdan və ya solunuzdan keçib gedir. Reaksiya verməyə cəhd edəndə görürsən ki, artıq orada deyil. Andresi tutmaq mümkün deyil. Ani sürət dəyişiklikləri sayəsində meydanda zonalar yaradır, rəqibi panikaya salırdı. Və sonda heç kimin görmədiyi adamı görür və ona nöqtəni qoymaq üçün pas atırdı. "Barselona"da oynayan, klubun akademiyasından çıxan bizim kimi oyunçuların futbolu "oxumaq" tərzi çox bəllidi. Amma Andresdə sanki hər şey təbii olaraq formalaşıb: onda intuitivdi. O və Buskets "Barsa"nın DNT-sini təmsil edirlər. Təbii ki, Messi də var. Sadəcə, Leo tamamilə başqa mövzudu. Andres və Busi "Barselona"nın və İspaniyanın yüklədiyi məsuliyyəti daşıyan oyunçulardılar".

Xavi danışmağa başladısa, onu dayandırmaq mümkünsüzə çevrilir. Bəlli bir futbol fəlsəfəsinin ehtiraslı müdafiəçisidi. O, yanaşmasına "romantizm" deyir, amma bu, məncə, praqmatik üsuldu. Nəticədə o da seçdiyi yolun nəticə qazanmaq üçün ən yaxşı yol olduğunu düşünür. "Barselona" və İspaniya millisi sözügedən üsulla, demək olar ki, hər şeyi qazandı. Bu mövzu müzakirəyə bağlıdı.
Qoruyucu mələk - Xavi və İnyestanın hekayəsiavi davam edir: "Bu tərzi müdafiə etmək, onu dəstəkləmək heç də asan deyil. Məşqçiləri, azarkeşləri, medianı, hər kəsi buna razı salmalısınız. Həm Andres, həm də mənim üçün bu, asan olmadı. O, çox güclü xarakterə sahibdi, fenomendi. İnyestanın bənzəri yoxdu və illər keçsə də, başqa İnyesta olmayacaq. Eyni olması bir tərəfə, onu andıran başqa oyunçu da yoxdu... Heç kim futbolu onun kimi oynaya bilməz, heç kim onunla müqayisə edilə bilməz. Bununla yanaşı, Andres insan kimi də qüsursuz rol-modeldi: dürüst, cömərd və fədakar".



Xavi komandadan ayrılsa da, İnyesta qaldı. Bir gün İnyesta gedəcək, "miras" Busketsə qalacaq. Bu, sadəcə, bir generasiya dəyişikliyi deyil. Bu həm də "Barselona"nı və İspaniya millisini dəyişdirən fikrin, bir futbol fəlsəfəsinin nəsildən-nəslə daşınmasını özündə ifadə edir.

Xavi: "Andres hələ də rəqabəti sevir və "Barselona" ilə birlikdə kuboklar qazanmağa davam edəcək. Mövcud bütün rekordları qıracaq. "Kamp Nou"dan ayrılanda qazandığınız uğurların əhəmiyyətini daha da yaxşı dərk edirsiniz. Orada nail olduğunuz hər şeyin vacibliyini məhz həmin gün anlayırsınız. Sizə qarşı göstərilən sevgiyə görə özünüzü minnətdar hiss edirsiniz. Getdiyim hər yerdə insanlar mənə Andresdən bəhs edirlər. Harada olursunuzsa olun, "İnyesta, vauuu" reaksiyaları adi haldı. İnsanlar mənə tez-tez bunu deyirlər: "İnyesta və sən yarımmüdafiədə... - sizin kimi ikili görməmişdik". Hamının məni onunla birlikdə xatırlamasından qürur duyuram. İnsanların məni görəndə "Xavi-İnyesta" demələri xoşuma gəlir. Hətta bizim haqqımızdakı xəbərləri birlikdə verən TV verilişi var idi. Sanki bir idik, tək bir vücud idik. Əslində, elə idik də... Bununla fəxr edirəm. Əvvəllər birlikdə oynamağımızın mümkünsüz olduğunu düşünürdülər, indi isə bizi bir görürlər. Haradan haralara gəldik... Hətta bəzən bizi qarışdırırlar. Hərdən mənə "İnyesta" deyə səslənənlər olur. Cavabımda deyirəm: "Yox, İnyesta o biridi. Driblinq edə bilən, sürətini anidən dəyişdirən oyunçu..." Bizi bir cüt kimi, ikimizi bir tək olaraq görürlər.

Bəzən Andresin özünü tam olaraq dərk etmədiyini, nə qədər böyük futbolçu olduğunu anlamadığını düşünürəm. Bir gün futbolla sağollaşanda etdiklərinin böyüklüyünü anlayacaq. Mən komandanı tərk etmişdim, 2016-ci ildə ölkə kubokunun finalı çərçivəsində "Sevilya" ilə oynadıqları matçdan sonra ona mesaj göndərdim. Həmin gün möhtəşəm idi. Ona yazmışdım: "O nə idi belə?! İnanılmaz idi". Eyni mövsümün əvvəllərində "Barsa"nın "Real"ı 4:0 hesabı ilə məğlub etdiyi oyunda da bənzər performansla yadda qalmışdı. Mesajımda "Sən nə edirsən belə?" deyə yazmışdım. Maşın kimi idi. Həmin mənzərəni görəndə orada olmadığım üçün özümdən çıxmışdım. Sanki meydandakıları qısqanırdım. "Dəhşət" oynamışdı. Meydanda onunla birlikdə olmağı, yenidən bərabər futbol oynamağı çox istəyərdim. Andresin və "Barselona"nın ifasında gördüyüm ən yaxşı performanslardan biri idi. Quardiolanın "Barselona"sının necə oynadığını tam olaraq müşahidə edə bilməmişdim, çünki onda özüm də meydanda idim və oradan hadisələrə baxmaq tamamilə fərqlidi. Amma haqqından bəhs etdiyim oyun, 4:0 hesablı qələbə ən yaxşı performans idi. Matç 7:0 da bitə bilərdi. İzləyərkən ağzımın suyu axmışdı".

Onlar birlikdə çox təcrübə yaşayıblar. Dünya çempionluğunu qazandıran qol da onlardan biridi.

Xavi, təbii ki, o qolu unutmayıb: "Bəzən evdə tək olanda bir anda o qol ağlıma gəlir. Andresə çox şey borcluyuq, ona nə qədər təşəkkür etsək də, azdı. Matç penaltilərə qalsaydı, kim bilir, nələr olacaqdı... Dünya çempionatının finalını penaltilər seriyasında uduzmağın nə demək olduğunu bilirsiniz? Ciddi deyirəm. Əlavə vaxtda bu düşüncələr başımın içində fırlanırdı: "Görəsən, penaltini hara vurum? Qapıda Stekelenburq var, çox iridi. Boyu 2 m. olar, hə? Bu adama qarşı nə edə bilərəm ki? Sağa? Bəlkə, sola? Birbaşa ortaya da vurmaq olar..." Bütün bunlar baş verərkən oyun davam edirdi. Oynamağa çalışırsınız, ancaq penalti düşüncəsini ağlınızdan çıxara bilmirsiniz. Özümə tez-tez "Barselona"nın heyətində penaltilərə qalan final oynamadığımızı xatırladırdım. İspaniya Kubokunun finalında "Real"a uduzduğumuz oyun istisna, "Barsa"da penaltilərə gedən həlledici matç xatırlamıram. Həmişə uzatmadan məsələni həll edirdik. Bu səbəbdən də bizi nələrin gözlədiyini və nə etməli olduğumu, həqiqətən də, bilmirdim. Gicəlmişdim, tez-tez öz-özümə "Aman Allahım!" ifadəsini işlədirdim. Və həmin dəqiqələrdə Andres qol vurdu. O anı heç vaxt unutmayacam. Andresin qolu hər zaman ağlımdadı.



Düşünəndə hələ də tüklərim biz-biz olur. "Soccer City" stadionunun ot ortüyünün ətrafında çuxur var idi. Qol sevinci zamanı hamımız o çalanın yaxınlığında idik. Az qala, onun içinə düşəcəkdim. Ağlıyırdım, özümü itirmişdim. Həmin an hiss etdiyim duyğuları sözlə ifadə edə bilmərəm. Qol vurulanda meydanın ortasında idim, amma özümü ön tribunalardan birindəymiş kimi hiss edirdim. Andresin bunu daha öncə dediyini bilirəm, amma təkrarlayacam: top onun önünə düşəndə zaman dayandı. Hər şey dayandı. Top yüksəldi və aşağı endi, ona doğru hərəkət edərkən qəribə bir şəkildə sıçradı, nəzarət etmək elə də asan deyildi, ancaq Andres bunu bacardı. Kənardan bir az pis görünsə də, top kontrolu olduqca yaxşı idi. Top önündə yerə düşərkən öz-özümə düşündüm: "Hə, hə, hə... Andriu... Hə, budu, vur, qol!" Elə də oldu, qol vurdu. Andres "Stemford Bric"dəki məşhur "Çelsi" matçının, Çempionlar Liqası finalının və dünya çempionatının fnalının həlledici fiquru olmuşdu. İnanılmaz bir şey idi.

Andresın istedadı Tanrı vergisidi. Onun qoruyucu mələyi var. Hətta özü də qoruyucu mələkdi. O, ən önəmli anlarda səhnəyə çıxır. Bəzi insanlar belədi. Onlardan biri də İker Kasilyasdı - Andres kimi. Ona ehtiyacınız olanda peyda olur. Mən? Adımın Andreslə bir arada çəkilməyinə görə qürur duyuram. Hə, Busini də unutmamalıyıq. İnsanlar həmin yarımmüdafiə xəttindən bəhs edəndə Xavi-İnyesta-Buskets deyirlər. Bu yarımmüdafiə xətti həm oyun tərzinə, həm də qazandığı uğurlara görə sonsuza kimi xatırlanacaq".

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN