"Qarabağ" "Sumqayıt"ı böyük hesabla məğlub etdi.

21.11.2020 19:22 14
Mətn ölçüsü:
  • 100%
"Qarabağ" "Sumqayıt"ı böyük hesabla məğlub etdi.
Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.

Arasdırma.infonun məlumatına görə, günün yeganə oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edib. "Azersun Arena"dakı qarşılaşma meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam klubunun heyətində əsas müdafiəçilərdən Maksim Medvedevlə Rahil Məmmədov koronavirusa yoluxduqlarından, Bədavi Hüseynov və Abbas Hüseynov isə zədəli olduqları üçün baş məşqçi Qurban Qurbanov müdafiənin mərkəzində Kevin Medina ilə Qara Qarayevə şans vermişdi. Sağ cinahda isə Donald Gerye meydana çıxmışdı.

Matçda hesabı 28-ci dəqiqədə Gerye açıb. 6 dəqiqə sonra Abdullah Zubir 2-ci topu rəqibin qapısından keçirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə haitili futbolçu dublunu rəsmiləşdirib. Komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci yarıya da hücumlarla başlayan "Qarabağ" 54-cü dəqiqədə Toral Bayramovun qolu ilə fərqi daha da artırıb. 75-ci dəqiqədə Mahir Emreli komandasının 5-ci qolunu vurub. 87-ci dəqiqədə "Sumqayıt" fərqi azaldıb. Qonaqlardan Tellur Mütəllimov fərqlənib. 90-cı dəqiqədə isə Zubir görüşdə son nöqtəni qoyub - 6:1.

Bu qələbədən sonra xallarını 18-ə çatdıran "köhlən atlar" vahid lider olub. "Sumqayıt" isə 15 xalla 2-ci pillədə qalıb.

Turun bu günə nəzərdə tutulan digər oyunu olan "Sabah" - "Səbail" matçı qonaqların heyətində koronavirus aşkarlandığı üçün təxirə salınıb.

Qeyd edək ki, tura sabah keçiriləcək "Qəbələ" - "Neftçi" və "Zirə" - "Keşlə" oyunları ilə yekun vurulacaq.

Təsisçi: Ç.Qurbanoğlu
Tel: (+99455) 700 00 00