Məşhur çeklərin 20 minə alınması iddiasına - Rəsmi reaksiya

Oxunma sayı: 282
12-01-2022, 18:39

Məşhur çeklərin 20 minə alınması iddiasına - Rəsmi reaksiya
Son günlər sosial şəbəkələrdə 1997-ci ilə qədər əhaliyə verilən özəlləşdirmə çeklərinin (paylarının) yüksək qiymətə alınması iddiası ilə bağlı videolar paylaşılır. Videolarda həmin çeklərin 20 min manata alındığı bildirilir. Bu tipli xəbərlər isə vətəndaşlar arasında sual yaradıb və məlumatın doğruluq ehtimalı müzakirə edilib.

Arasdırma.info xəbər verir ki,“Qafqazinfo” yayılan məlumatla əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanlayıb. Xidmətdən sorğumuza cavab olaraq bildirilib ki, dövlət özəlləşdirmə payları (çekləri) “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Prezidentinin 25.03.1996-cı il tarixli Fərmanına əsasən, dövriyyəyə buraxılıb: "Fərmana uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01.01.2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb. Bununla da, dövlət özəlləşdirmə çekləri qiymətli kağız kimi öz əhəmiyyətini itirib və vətəndaşların həmin çeklərdən istifadə edərək hər hansı hüquq və ya gəlir əldə etməsi mümkün deyil".



Əmlak Məsələləri Dövlət Xidməti sözügedən məlumatlarla bağlı xəbərdarlıq da edib: “Qeyd olunanlara əsaslanaraq, Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirmə çeklərinin yenidən istifadə olunacağı ilə bağlı şayiələri insanların aldadılmasına və onların etibarından sui-istifadəyə yönəlmiş addım kimi dəyərləndirir və vətəndaşları bu cür şaiyələrə inanmamağa çağırır. Bu cür əsassız məlumatları yayanların hüquqi məsuliyyət daşıdığını onlara bir daha xatırladırıq”.

Qeyd edək ki, 1997-ci ilin martında tədavülə buraxılan özəlləşdirmə çeklərində cəmi 8 milyon özəlləşdirmə payı və ya 32 milyon çek buraxılaraq əhaliyə paylanıb. Hər vətəndaş 1 pay (4 çek) alıb. İndiyədək özəlləşdirmə paylarının 80 faizi dövriyyədən çıxarılıb. Hazırda isə dövriyyədə 1,5 milyona yaxın özəlləşdirmə payı var.

Paylaş
Xəbər lentİ