Xaricdən göndərilən pullar niyə kəskin azalıb? - Ekspert səbəblərini açıqladı

Oxunma sayı: 723
28-08-2020, 21:18

Xaricdən göndərilən pullar niyə kəskin azalıb? - Ekspert səbəblərini açıqladı
Azərbaycan Mərkəzi Bankı bu ilin birinci yarısında 2019-cu ilin analoji dövrü ilə müqayisədə ölkəyə pul köçürmələrinin həcmində 24.9 faiz azalma olduğunu bildirir. Köçürmələrin həcmi 372 mln. ABŞ dolları təşkil edib.Bəzi iqtisadçıların fikrincə, pul köçürmələri axınının azalması yalnız koronavirus pandemiyasının yaratdığı iqtisadi böhranla əlaqələndirilə bilməz.


"Turan" agentliyinin xəbərinə görə, 2019-cu ilin nəticələrinə görə də, pul köçürmələrində azalma qeydə alınıb. Həmin il də köçürmələrin həcmi 13.5 faiz azalaraq 934 mln. dollar təşkil edib, 2018-ci ildə bu göstərici 1.08 mlrd. dollar olub.

İqtisadçıların fikrincə, bu, miqrasiya edən Azərbaycan vətəndaşlarının daha çox işlədiyi ölkələrdə - Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstanda iqtisadi vəziyyətin kəskin şəkildə pisləşməsinin təzahürüdür.

Agentliyin xəbərinə görə, pul köçürmələrindəən böyük azalma 2016-cı ildə qeydə alınıb. O zaman ölkəyə 564.1 mln. dollar daxil olub. Müqayisə üçün 2015-ci ildə bu göstərici 1.18 mlrd. dollar, 2017 ildə 1.2 mlrd. dollar təşkil edib.

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, azalmanın əsas səbəbi koronavirus pandemiyası iləəlaqədar tətbiq olunan karantin rejimləridir:“Pullar Azərbaycana daha çox Rusiya, Ukrayna və Türkiyədən gəlir. Həmin ölkələrdə də bizimlə paralel olaraq, ciddi karantin rejimləri tətbiq olundu və azərbaycanlıların ən çox çalışdığı ictimai iaşə sahəsində, iri ticarət mərkəzlərində və bazarlarda qapanmalar baş verdi. Bu da həm dövriyyəni, həm də gəlirləri xeyli dərəcədə aşağı saldı. Nəticə etibarilə Azərbaycana göndərilən vəsaitin həcmində ciddi azalmalar oldu”.

Ekspertin sözlərinə görə, rəsmi rəqəmlərdən əlavə, qeyri-rəsmi səviyyədə azalmalar da var:“Çünki sərhədlər açıq olanda heç bank vasitəsilə yox, cibdən-cibə, əldən-ələ də pul göndərənlər çox idi. Orada da ciddi azalmalar var, sərhədlər bağlıdır”.

N.Cəfərli qeyd etdi ki, xaricdən daxil olan vəsait Azərbaycan iqtisadiyyatının əsas donorlarından biri idi və ölkədəki ticarət dövriyyəsinə, alıcılıq qabiliyyətinə ciddi təsir göstərirdi:“Həm də, bu vəsaitlər sosial gərginliyin azalmasında kifayət qədər ciddi rol oynayırdı, əsasən də regionlarda bu, özünü daha çox göstərirdi. Daxil olan pulların azalması ölkədə ticarət dövriyyəsinə, əsasən regionlarda yaşayan və Rusiya kimi ölkələrdən gələn vəsaitlər hesabına öz problemlərini həll edən əhalinin alıcılıq qabiliyyətinə, dolanışığına mənfi təsir göstərəcək”.

Ekspert güman edirki, bu ilin sonuna qədər azalma tendesiyası davam edəcək: “Çünki ölkələrin iqtisadiyyatın da baş verən proseslər çarxların birdən-birə işə düşəcəyinə və qısamüddətdə əvvəlki vəziyyətə qayıdacağına işarə etmir. Buna zaman lazımdır. Ən azı ilin sonuna qədər bu azalma tendensiyasını izləyəcəyik”.

Paylaş
Xəbər lentİ