Bəzi banklarının adı "şübhəli pul əməliyyatlarında" çəkilir

Oxunma sayı: 393
22-09-2020, 03:58

Bəzi banklarının adı "şübhəli pul əməliyyatlarında" çəkilir
Dünyanın 80-dən çox ölkəsindən olan yüzlərlə jurnalistin apardığı araşdırmada (FinCEN sənədləri) Azərbaycanın da bəzi banklarının adı çəkilir.

Araşdırmada bir neçə il əvvəl dünya boyunca aparılmış külli miqdarda pul köçürmələrini əhatə edən bank əməliyyatları təftiş edilib.

Əməliyyatlar barədə məlumatlar bankların 2000-2017-ci illər arasında - ABŞ Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şəbəkəsinə (U.S. Treasury Department's Financial Crimes Enforcement Network - FinCEN-ə) göndərdiyi sızdırılmış sənədlərində əks olunub.

Araşdırmada bu bank əməliyyatlarının "şübhəli göründüyü" iddia edilir, amma FinCEN sənədləri hansısa qanun pozuntusu və ya cinayətin sübutu deyil.

Azərbaycana gələn və gedən pul miqdarı nə qədərdir?
FinCEN məlumat bazasında Azərbaycanda 2012-2015-ci illərdə aparılmış, təxminən 70 milyon dollar civarında pul əməliyyatının "şübhə doğurduğu" iddia edilir.

Bu əməliyyatlar FinCEN-ə şübhəli fəaliyyət hesabatları (SAR) təqdim edən ABŞ-da mənzillənən bir bank vasitəsilə həyata keçirilib. Ümumilikdə, ölkəyə 33,848,165 dollar gəldiyi və ölkədən xaricə 33,443,480 dollar məbləğində köçürmə olduğu göstərilir.

Azər Qasımov prezident qızlarının Londonda 75 milyonluq "ev alma qərarı" haqqında: "Böhtandır”
650 minə pasport, internet qumarı, hər kəndin iki orkestri: Azərbaycanla bağlı təhqiqat aparan jurnalistin ölkəsi Malta necə bir yerdir?
Burada "50 əməliyyatdan 31-ni Bank of Baku-nun (32 milyon 500 min dollar), 16-nı Azərpoçt-un (30 milyon dollar) həyata keçirdiyi" göstərilir.

İddia olunur ki, Azərpoçta 2013-cü ilin 6-14 mart tarixləri aralığında cəmi 3 əməliyyatla 5 milyon dollarlıq "köçürmə olunub".

Bank of Baku isə 2012-ci ilin sentyabrın 11-dən 2013-cü il fevralın 8-nə qədər ümumi məbləği 32 milyon 500 min dollar olan 31 əməliyyat "həyata keçirib". Bu məbləğin hamısının The National Bank of Ras-a (Ras Al-Khaimah, Uae) köçürüldüyü göstərilir.

BBC News Azərbaycanca Bank of Baku-dan sözügedən əməliyyatlarla bağlı yayılmış məlumatı şərh etməsini və üzərində əməliyyat aparılmış vəsaitin mənbəyinin qanuniliyini göstərən sənədləri açıqlamasını xahiş edib.

Bank of Baku-nun ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, məsələ ilə tanış olduqdan sonra açıqlama verəcəklər.

Azərpoçt MMC-nin mətbuat xidmətindən bildirilib ki, bu suallara Rabitə, İnformasiya və Texnologiya Nazirliyindən cavab ala bilərik. Amma nazirliklə əlaqə saxlamaq hələ ki, mümkün olmayıb.

Günay Bank vasitəsilə Azərbaycandan iki əməliyyatla 943,480 dollar köçürmə edildiyi iddia olunur.

Günay Bankın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Altay Səfərov BBC News Azərbaycancaya bildirib ki, onlarda "bu cür əməliyyatlar mümkün deyil və şəffaf iş prinsipidir. O vurğulayıb ki qeyri-iş saatında xəbəri "ancaq bu qədər" şərh edə bilər.

"Günay Bank öz ayağı üzərində dayanan, öz dövriyyəsi və müştəriləri ilə işləyən bankdır. Bank şəffaf çalışır və heyəti bank normalarına uyğun qaydada çalışır və bu kimi məqamlardan aralı bankıq. Çünki biz öz fəaliyyətimizi sağlam, qarşılıqlı müştəri inamı əsasında aparırıq,"- Altay Səfərov əlavə edib.

Şübhəli əməliyyat apardığı iddia olunan banklar arasında artıq fəaliyyəti dayandırılmış Atabank da var, bu bank vasitəsilə bir əməliyyatla 3,806,000 dollar məbləğində ölkə daxilinə pul qəbul edildiyi yazılır.

Mərkəzi Bankdan BBC News Azərbaycancaya bildiriblər ki, FinCEN-də Azərbaycanla bağlı hallanan məsələni araşdırıb cavab verəcəklər.

Bəzi banklarının adı "şübhəli pul əməliyyatlarında" çəkilir
FinCEN sənədləri nədir?
FinCEN sənədləri 2657 sənədi əhatə edir; bunların əksəriyyəti - təxminən 2100-ü bankların 2000-2017-ci illər arasında ABŞ rəsmilərinə - ABŞ Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şəbəkəsinə göndərdiyi Şübhəli Fəaliyyət Hesabatı (SAR - ingiliscə) sənədləridir.

Təxminən 2 trilyon dollarlıq əməliyyatlar haqqında sızmış sənədlər dünyanın ən böyük banklarından bəzilərinin cinayətkarlara dünya boyu çirkli pulları hərəkət etdirməyə necə imkan verdiyini aşkar edib.

Onlar eləcə də, məsələn, rusiyalı oliqarxların pullarını Qərbə köçürməyinin qarşısını almalı olan sanksiyalardan yayınmaq üçün banklardan necə istifadə etdiklərini göstərir.

Və ya Britaniyada hakim partiyaya 1.7 milyon funt sterlinq ianə etmiş qadının ərinin Rusiya Prezidenti Putinə yaxın olan rusiyalı oliqarx tərəfindən maliyyələşdirrildiyi də bu sənədlər əsasında ortaya çıxıb. Qadının vəkilləri ianələrin Kremlin təsiri ilə "ləkələnmədiyini" deyiblər.

Şübhəli fəaliyyət hesabatı (SAR - ingiliscə) bankların müştərilərinin mümkün hərəkətləri ilə bağlı narahatlığını ifadə edir.

Bu sənədlər beynəlxalq bank sisteminin ən çox qorunan sirlərindən biridir.

Banklar SAR-dan şübhəli davranış barədə məlumat vermək üçün istifadə edir, lakin onlar qanun pozuntusu və ya cinayətin sübutu deyil.

Amma qanuna görə banklar müştərilərinin kimliyini bilməlidir - yalnız SAR tərtibləyib və problemlə hüquq-mühafizə orqanları əməkdaşlarının məşğul olacağını gözləmək və müştərilərdən "çirkli pul almaqda davam etmək kifayət etmir".

Cinayət fəaliyyətinə dair sübutlar olduğu təqdirdə, onlar pulun hərəkətini dayandırmalıdırlar.

Bu sənədlər Buzzfeed News-a sızdırılıb və BBC-nin Panorama proqramı da daxil olmaqla, dünya boyu 88 ölkədə 108 informasiya qurumunu təmsil edən araşdırmaçı jurnalistləri bir araya gətirmiş qrupla paylaşılıb.

Yüzlərlə jurnalist mürəkkəb, texniki məzmunlu sənədləri təhlil edərək bankların ictimaiyyətin bu barədə bixəbər qalmasına üstünlük verdiyi bəzi fəaliyyət növlərini üzə çıxarıblar.

Bu, son beş ildə gizli sövdələşmələr, çirkli pul yuyulması və maliyyə cinayətlərini ifşa edən sızıntılar sırasında sonuncusudur.

Paylaş
Xəbər lentİ