Qızlar üçün maraqlı NOVRUZ FALLARI

Oxunma sayı: 807
19-03-2019, 00:24

Qızlar üçün maraqlı NOVRUZ FALLARI
Çərşənbə axşamına uşaqlar çoxlu paxlava, qoğal, şəkərbura yediyi, gənc qızlar isə Novruz fallarına baxa biləcəyi üçün sevinir. Axı qızlar fala baxmağı çox sevir, həm də bu əyləncəli fallar bayram axşamı əhvalı qaldırır.

Novruz bayramında hər evdə səməni cücərdilməlidi. Və cücərdərkən niyyət tutmaq lazımdır. Əgər səməni göyərərsə, niyyətin çin olacaq deməkdir.

Bayram günü və ya axır çərşənbədə müəyyən bir evə tərəf üz tutub getmək lazımdır. Amma əllərlə qulaqlar bağlı olmalıdı. Evə yaxınlaşdıqda əlləri açıb ilk eşidilən 2-3 sözü yozmaq lazımdır.

Axırıncı çərşənbə axşamı bulaqdan, yaxud çaydan sudan “lal su” gətirilir. Buna ona görə, “lal su”deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən ta suyu gətirib evdə, iynə salınacaq qaba tökənəcən dinməməlidir. Həmin su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə adam tərəfindən müşayiət oluna bilər.

Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolayır, birini qız, birini oğlan deyə fikirdə tutur (falı açılan şəxslər) və hərəsini bir tərəfdən ehtiyatla suya qoyurlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər.

Qovuşacaq adamlarda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də, axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə qovuşurlar. İynə suyun dibinə çökürsə - elə deməli, su “lal su” deyil. Su gətirən adam üstündə danışıb. O, heç olmasa, “a” deyə səs çıxarıb.

Qapı pusmaq

Axır çərşənbə günü, axşamçağı qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşərkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Buna görə də, çərşənbə axşamı yalnız yaxşı sözlər danışmaq adətdir. Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” və s. olarsa, hər şeyin yaxşı olacağı güman edilir. Əksinə, “söndü”, “viran qalsın” və s. kimi sözlər eşidiləndə pis tərəfə yozulur.

Duzlu kökə yemək

Axır çərşənbə axşamı gec yatırlar. Yatanda işə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatmaq lazımdı. Su içmək olmaz. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir.

İlaxır çərşənbə axşamı cavan qızlar bir yerə yığışırlar. Bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. (Nişanlı qızın üzüyü olmalıdır) Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, sayırsan. Demək o yaşda da gəlin gedəcəksən.

Axır çərşənbə gecəsi ürəyində niyyət tut yat. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən. Amma gərək qorxmayasan. Qorxsan bu niyyətin baş tutmaz.

İlaxır çərşənbə axşamı ana uşaqlarının başından tük qırır və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqları üstünə çiləyir. Guya ki, bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.

Bu fala da ilin axır çərşənbəsi baxırlar. Özü də bu fala qızlar baxa bilərlər. Qız sakit, heç kimlə danışmadan ləyənə su tökür. Əlinə bir böyük güzgü alır. Həmin güzgüdə aya baxır. Sevdiyi oğlanın şəklini görərsə, bu onun xeyrinədir. Demək, təzə il onun üçün uğurlu olur, mətləbi həyata keçir. Bütün bu vaxt qız danışarsa, fal düz çıxmaz.

Yumurta və karandaşlar

Axır çərşənbə günü ağacın altına bir yumurta, iki qara və qırmızı karandaş qoyulur və arzu tutulur. Səhər həmin yumurtanın üstündə xətt olur. Əgər qırmızı karandaşla xətt çəkilibsə, arzu yerinə yetir əgər qara çəkilibsə yerinə yetməyəcək.

Alma falı

Axır çərşənbədə alma yeyirlər, gecə isə həmin almanın toxumlarını sayırlar. On ədəd toxum dənəsini yastığın altına qoyub, yatırsan və yuxuda qismətini görürsən.

Xeyir-Şər

Ürəyində bir niyyət tutursan və naməlum sayda çöpləri düzüb, “xeyir”, “şər” deyib sayırsan. Əgər axırıncı çöp “xeyir” olarsa, məqsədinə çatacaqsan. “Şər” olarsa, ürəyində tutduğun arzuya nail ola bilməyəcəksən.

Başmaq falı

Axır çərşənbə axşamı qız ayağının sağ başmağını burub qapı ağzında başının üstündən atır. Başmağın pəncə hissəsi üz üstə qapıya tərəf düşsə, həmin qız bu il nişanlanacaq.

Sap falı

Axır çərşənbədə nişanlanmış qızın nişanlısı tərəfindən nə qədər istənilməsini yoxlamaq üçün sapa bir neçə dəfə düyün vurub qıza verirlər ki, açsın. Qız aça bilsə, deməli, oğlan onu çox istəyir. Əgər aça bilməsə, deməli, əksinə.

Axır çərşənbədə niyyət tutub, gözləyirlər. Kim qapını açıb içəri girsə, onun birinci sözü nə olarsa, niyyətə görə yozurlar.

Bayram günü göy üzündə 7 ulduz saymaq və onların düzülüşünə baxmaq lazımdır. Göydə yaranan xəyali hərflə nişanlının adı başlamalıdır.

Yaxın adamın məclisindən bir necə şirni götürüb, yatanda başının altına qoyursan. 10 gün keçəndən sonra öz qismətini yuxuda görəcəksən.

Paylaş
Xəbər lentİ