Qeyri adi peşə sahibi

Oxunma sayı: 561
29-03-2019, 22:01

Qeyri adi peşə sahibi
"Nə qədər əsəbi olsam da, quşların yanına gələn kimi bütün əsəbim, stressim gedir"

Göyərçin saxlamaq qeyri-adi məşğuliyyətlər arasında ən geniş yayılmışıdır desək, yəqin yanılmarıq. Ona görə qeyri-adi deyirik ki, bütün digər heyvanların (az sayda saxlanan ilan, timsah, və s. vəhşi heyvanları nəzərə almasaq) bəslənməsində, haradasa, bir maddi maraq da dayanır. Məsələn, itlər həyət-bacanın gözətçisi, pişiklər gəmiricilərin qənimi, toyuq-cücə, dovşan həm də qida məhsulu kimi saxlanılsa da, göyərçinlər bu cür xüsusiyyətlərdən uzaqdır.

Ona görə də insanların əhəmiyyətli hissəsi heç vaxt göyərçin saxlayanları, göyərçin saxlayanlar da bu gözəllikdən zövq ala bilməyənləri başa düşə bilmirlər. Həmsöhbətimiz olan mingəçevirli quşbaz da həmişə başa düşülməməkdən əziyyət çəkib.

Mingəçevirdə göyərçin saxlayanların ustadı hesab edilən Fəxrəddin Salmanov 40 ilə yaxındır bu hobbi ilə məşğuldur. Son günlər isə digər quşbazlardan fərqli olaraq, o, öz göyərçinlərini şəhərin parklarından birinə köçürərək, orada bəsləməyə başlayıb.

Bunun səbəbini isə təcrübəli quşbaz Sputnik Azərbaycan-ın bölgə müxbirinə belə izah edir: "Mən də bu quşların xəstəsiyəm. 8 yaşımdan göyərçin saxlayıram. Lakin neçə vaxtdır bazarda işləyirəm deyə evdə saxlamağa vaxt edə bilmirdim. Ancaq həmişə fikirləşirdim ki, bütün böyük şəhərlərin parklarında göyərçinlər var, bizim şəhərdə niyə olmasın. Yığıb gətirdim işlədiyim yerin qarşısındakı parka".

"Gətirən gündən bir gözəllik qatırlar buralara. İnsanlar gəlir, tum, dən alıb göyərçinləri yemləyərək istirahət edirlər. Şəkil çəkdirirlər, hamıya xoş gəlir" — müsahibimiz deyir.

Lakin Fəxrəddinin göyərçinlərini parkda saxlamasına icazə vermirlər. Dediyinə görə, rəsmi qurumların nümayəndələri ondan göyərçinlərini parkdan yığışdırmağı tələb edirlər, lakin buna görə heç bir əsas gətirmirlər.
Dediyinə görə, ilk dəfə iki göyərçini olub: "Damda olanda üstlərinə "şifer" aşıb öldürmüşdü. Neçə saat dayanmadan ağladım. Anam poçtda işləyirdi, qonşular xəbər etmişdilər ki, uşaq dayanmır. 3-4 saat sonra anam evə zəng elədi, dedi, "gəl poçta, 2 quş gətirtmişəm, onları götür". Ondan sonra sakitləşmişdim".

Peşəkar quşbaz qeyd edir ki, göyərçin saxlamaq, bir növ pulsuz müalicədir, sağlamlıqdır: "Nə qədər əsəbi olsam da, quşların yanına gələn kimi bütün əsəbim, stressim gedir. Sanki pulsuz müalicədir mənimçün".

F.Salmanovun yeganə istəyi isə, sevimli quşlarını parkda saxlamaq üçün ona maneə yaradılmamasıdır.



sputnik.az

Paylaş
Xəbər lentİ