Şairə Könül Vəliyeva arasdirma.info-a yeni şeirlərini təqdim edib...

Oxunma sayı: 1 011
13-03-2017, 13:15

Şairə Könül Vəliyeva arasdirma.info-a yeni şeirlərini təqdim edib...


ÜRƏYİM

Bu qədər yumuşaqlıq nəyə gərəkdir?
Bir azca qəddar ol səndə ürəyim!
Narahat fikirlər köksümü didir,
Bir azca qəddar ol səndə ürəyim!

Səndə neçə arzu, dilək boy atır,
Arzuyla bərabər ağrılar yatır.
Narahat gecəmi gündüzə qatır,
Bir azca qəddar ol səndə ürəyim!

Çəkdiyin əzabı kimduymayır, kim?
Sanki kəsilmisən özünə qənim.
Yeganə təmmənnam, səndən diləyim,
Bir azca qəddar ol səndə ürəyim!

Sən itib batırsan duman içində,
Fikrə qərq olursan ümman içində.
Necə dəyişirsən bir an içində,
Bir azca qəddar ol səndə ürəyim!

Elə ki, üfüqlər yeni rəng alır,
Torpaq səmadan min ahəng alır,
Duyğu düşüncələr həmahəng olur,
Bir azca qəddar ol səndə ürəyim!
Bir az rahat olum məndə ürəyim!



DÜNYA, SƏNƏ ETİBARIM AZALIB

Namərdin əlində acizdi mərdin,
Dünya, sənə etibarım azalıb.
Neçə ömürləri sən bada verdin,
Dünya, sənə etibarım azalıb.

Dəyirman tək üyüdürsən yalanı,
İtirmişəm sənə olan inamı,
Gələcəkmi ədalətin zamanı?
Dünya, sənə etibarım azalıb.

Haqsızlığa birdən rəvac verilsə,
Namərdlər önündə mərdlər əyilsə,
Hakim özü öz yerində deyilsə,
Dünya, sənə etibarım azalıb.

Nə olar insanın çöhrəsi gülə,
Yalan yer üzündən ərşə çəkilə,
Namərdlər qalmaya hey ildən-ilə,
Dünya, sənə etibarım azalıb.

Sevgimlə çağlamır könül bulağım,
Köksümü isitmir odum-ocağım.
Qayğıyla doludur, tənha otağım,
Dünya, sənə etibarım azalıb.

Paylaş
Xəbər lentİ