Yazıçı: “Dinləri insanlar yaradıb, Allah yox” – Müsahibə

Oxunma sayı: 467
1-04-2020, 06:21

Yazıçı: “Dinləri insanlar yaradıb, Allah yox” – Müsahibə
Arasdırma.info yazıçı Rövşən Yerfinin Teleqraf.coma verdiyi müsahibəni təqdim edir.

- Qorxu insanı idarə edən ən böyük duyğudurmu? Məsələn, Nitsşe deyirdi ki, qorxu, əxlaqın anasıdır.

- İnsanı idarə edən ən böyük duyğu mənə görə nəfsdir. Nəfsin sonsuz istəkləri qadağa edilmiş müəyyən hədlərə yaxınlaşanda, qorxu hakim kəsilməyə başlayır. Qorxu gözəl duyğudur. Nitsşenin qorxunu “əxlaqın anası” adlandırması ilə tam razıyam. Əlbəttə, söhbət heç də psixoloji xəstəlikdən, zərərli, əsassız qorxudan yox, xeyirli qorxudan gedir. İnsanı təhlükələrdən, cinayətlərdən, səhlənkarlıqdan, məsuliyyətsizlikdən, bir sözlə hərəkət və hərəkətsizlikdən qoruyan qorxular çox gərəklidir. Nəinki əxlaqın, məsuliyyətlilik, cavabdehlik duyğularının da anasıdır qorxu. Qorxu bilməyən, məsuliyyət hissi olmayan adam haqqında isə, ümumiyyətlə danışmağa dəyməz. Belə adam yaxşı halda nadan, pis halda qatı cinayətkar olar. Gərək ki, Quranda da ayələrin birində “məndən qorx” ifadəsi, əmri var.

Mən çox istəyərdim ki, insan Allahı qorxduğuna görə yox, varlığına, əzəmətinə görə sevsin. Bunun üçün isə imanlı, mənəviyyatlı, kamil adam olmaq vacibdir. Təəssüf ki, hər insan bu yüksək mənəvi mərhələyə, keyfiyyətlərə yetişə bilmir. Ona görə də nəfsin yarada biləcəyi bəlalardan qorunmaq üçün qorxu lazımdır.

- Hər insanın bir məqsədi var. Bəs həyatın mövcudluğunda bir məqsəd varmı?

- Heç bir hərəkət məqsədsiz edilmir. Bütün həyatımız boyu bu və ya digər dərəcədə müxtəlif məqsədlər üçün çalışırıq, çarpışırıq. Hər zaman yenilik və dəyişiklik, son nəticədə inkişaf və tərəqqi üçün axtarışlar gedir. Hətta müqəddəs kitabımızda da qeyd edilir ki, kainat daim dəyişməkdə, böyüməkdə davam edir və bu proses kainatın sonunadək davamlı olacaq.

- Sizcə, Allahın mövcud olmasını təmin edən şey dinlərdir, yəni bu anlayış təkcə dinlərə, təlimlərə və ya hansısa inanclara bağlıdırmı?

- Elə düşünmürəm, din və Allah ayrı-ayrı məfhumlardır. Allahı din yaratmayıb, Allah kainat yaranandan olub. Dini insanlar yaradıb. Din bir ideologiya, cəmiyyətin idarə olunması üçün əxlaqi-mənəvi dəyərlər sistemidir. İnsan dindar olmaya bilər, dinə inanmaz. Amma, Allahın varlığını inkar etmək – bu ağılsızlıqdır, özünü inkardır.

Mən Allahı maddi varlıq kimi görmürəm, belə hesab etmirəm. O, sonsuz enerji ümmanıdır. Bu ümmandan hər birimizdə üç-dörd qram həcmində ruh adlandırdığımız damla var.

- Ölüm qaçılmazdırsa, niyə insan öz davranış və istəklərini məhdudlaşdırmaq zərurətinə ehtiyac duyur?

- Bəli, ruh kimi deyil, maddi varlıq kimi ölümümüz qaçılmazdır. Davranış və istəkləri məhdudlaşdırmaq ruhdan qaynaqlanır. O səbəbdən ki, ruh əbədidir, gələcək həyatı üçün narahat olur, zəmin hazırlayır. Bu məhdudlaşdırmalarla, necə deyərlər, əl yeri saxlayır ki, Allah qarşısında çox üzüqara olmasın.

- Kinq demiş, niyə daha çox düşmənlərimizin sözlərini yox, dostlarımızın səssizlini xatırlayırıq?

- Uman yerdən küsərlər. Düşməndən gözlənilən münasibət məlumdur, hər nə etsə qəbuldur. Lakin dostun biganəliyi, səssizliyi, özünü görməməzliyə vurması adamın qəlbinə çox toxunur. Yas düşəndə və ya xəstəxanaya düşəndə dilinə gətirməsən də, gözün axtarır, görək kim səni sayacaq? Adicə Feysbukda özün haqda maraqlı bir paylaşım edirsən, baxırsan görək dostlardan kim səni sayıb “bəyənmə” edəcək.

Paylaş
Xəbər lentİ