Nərgiz Cəlilova: "Torpaqlarımızın son qarışına qədər… " - Müsahibə

Oxunma sayı: 378
6-10-2020, 22:05

Nərgiz Cəlilova: "Torpaqlarımızın son qarışına qədər… " - Müsahibə
Əməkdar artist Nərgiz Cəlilova Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Nərgiz xanım, cəbhə bölgəsində baş verən hadisələri necə dəyərləndirirsiniz?

- Hamı kimi mən də torpaqlarımızın işğaldan azad olunmasını hər şeydən çox istəyirəm. Cəbhə xəttindəki ordumuzun rəşadətini, məğrur dayanışını alqışlayıram. Bu günlər ərzində İlham Əliyevin yüksək tribunalardan çıxışı bizə qürur hissi yaşadır, yeni qələbələrə ruhlandırır. Ona görə də xalqımız dövlətimizin və dövlət başçımızın ətrafında yumruq kimi birləşib. Bunu hiss edirsiniz. Bu Azərbaycan xalqının vətənpərvərlik hissinin ən bariz nümunəsidir.

Təbii ki, biz çox həyəcan keçiririk. Hər dəqiqə, hər saniyə cəbhədən qələbə xəbərləri eşitmək arzusu ilə yaşayırıq. Səngərdə döyüşən oğullarımız üçün bir ana və vətəndaş kimi həyəcanımızı cilovlaya bilmirik. Cəbhədən gələn xəbərləri ancaq sevinc göz yaşları kimi qəbul edirik. Göz yaşları olmadan o duyğunu yaşamaq qeyri-mümkündür.

Mən əminəm ki, hər bir azərbaycanlı bu gün döyüşmək üçün cəbhə bölgəsinə getmək istəyir. Anlayıram ki, bu mümkün deyil, amma hər birmiz öz sahəmizdə müxtəlif vasitələrlə dayaq olmağa çalışırıq. Sosial şəbəkələrdə öz fikirlərimizi bildiririk. Bundan əlavə, yalan və böhtan xarakterli məlumat yayan xəbər portallarına öz etirazımızı bildirməklə ölkəmizə və cəbhədə olan ordumuza dəstək göstəririk. Ürəyimiz onlarladır. Tezliklə ordumuz zəfər çalsın!

Torpaqlarımızın sonuncu qarışına qədər irəliləmək istəyirik. Çünki istəmirik ki, bu qələbə yarımçıq olsun. Bu bizə xəyalqırıqlığı yaşada bilər. Çünki 30 ildir bu məqamı gözləyirik. Bu, bir ömrə bədəldir. Yeni nəsil yetişdi. Dünən Qarabağda torpaqlarımız işğal edilərkən şəhid olan əsgər və zabitlərimizin övladları bu gün cəbhə xəttində döyüşür. Bir Azərbaycan xalqı olaraq bu acı xatirələrin, millətimizin, analarımızın, bacılarımızın başına gələn faciələrin əvəzini çıxmaq istəyirik. Bizim ümdə vəzifəmiz öz torpaqlarımızı azad etməkdir. Heç kəsin torpaqlarında gözümüz yoxdur. Biz öz torpaqlarımızı xilas etmək üçün mübarizə aparırıq. Bunu dövlət başçımız bütün dünya ictimaiyyətinə söylədi.

Düşünürəm ki, haqq öz sözünü deyəcək. Biz istəyirik ki, ədalət zəfər çalsın. Nəhayət, biz öz qədim torpaqlarımıza qovuşaq. Mənim həmyaşıdlarım və yaşda böyük olan insanlar qorxurdular ki, bu günləri görməzlər. Neçə illərdir ki, bu qorxu ilə yaşayırıq. Heyif ki, dünyasını dəyişən insanlarımız bu günləri görmədilər.

Amma əminəm ki, onlar bu qələbədən agahdırlar. Allah şəhidlərimizin ruhunu şad eləsin! Mən buna yüz faiz inanıram. Allah bizim şanlı ordumuzu qorusun. Biz cismən onların yanında olmasaq da qəlbən, ruhən onların yanındayıq. Bunu ordumuz, əsgərlərimiz, zabitlərimiz bilsinlər! O qədər deyiləsi sözümüz var ki...



- Xarici kanalları izləyirsinizmi? Qarabağ hadisələrində adekvat mövqe nümayiş etdirirlərmi?

- Bir televiziya işçisi kimi izləyirəm. Bütün kanallarımızı alqışlamaq lazımdır. Xüsusi ilə də Azərbaycan televiziyasınının əməkdaşı kimi söyləmək istəyirəm ki, cəbhə xəttindən baş verən hadisələri canlı olaraq işıqlandırır.

Xarici xəbərləri də izləyirəm, ən çox da bizə yaxın olan Türkiyə kanallarını. Sağ olsunlar, bizə olan yaxın münasibətlərini, qardaş ölkə olduqlarını sözün əsl mənasında təsdiqlədilər. Rusiya kanallarını da izləyirəm. Amma söz verirəm ki, daha izləməyəcəm. İnanırsınız ki, gecəni yata bilməmişəm. Əgər arada bir faiz gerçək ifadə işlənirsə, 99 faizi ermənipərəst fikirlərdir.

Təbii ki, bu məni məyus etməyə bilməz. Çox əsəbiləşirəm. Bu iftira dolu, ermənipərəst fikirlər hamını qıcıqlandırır. Düşünürəm ki, biz qələbə əldə etdikdən sonra onların baxışı da dəyişəcək. Öz pavilyonlarında söylədikləri fikirlər də dəyişəcək. Elə bil gözləyirlər ki, görək bunun axırı necə olacaq? Mənə elə gəlir, onlar inanmırdılar ki, Azərbaycan ordusu, dövləti belə bir rəşadət göstərəcək. Torpaqlarını işğaldan qutarmaq üçün bu qədər hazırlıqlıdır. Onlar bunu gözləmirdilər.

Təbii ki, Rusiyada televiziya kanallarında ermənilərin sayı çoxdur, hər iki nəfərdən biri erməndir. Bu mənada informasiya savaşında bizə qalib gələ bilərlər, amma yalnız informasiya savaşında və Rusiya kanallarında. Ümumilikdə bütün beynəlxalq təşkilatlar, bütün dünya bilir ki, həqiqət kimin tərəfindədir. Sadəcə bu siyasətdir. Hər bir ölkə öz maraqlarından çıxış edərək öz münasibətini bildirir.

Əslində, doğrunun nə olduğu hamıya məlumdur. BMT-də qəbul edilmiş dörd qətnamə var, bu torpaqlar qayıtmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bu, söz xətrinə deyilən söz deyil. İnamalıyıq və öz vətəndaşlarımızı bu ruhda istiqamətləndirməliyik. Heç bir halda ruhdan düşməməliyik. Çünki həm siyasi müstəvidə, həm də mənəvi cəhətdən həqiqət bizim tərəfdədir.

- Ermənilər Gəncəni üç gündür silah atəşinə tuturlar. Bu haqda nə deyə bilərsiniz?

- Bizim ordumuz və dövlətimiz beynəlxalq qayda-qanunları pozmamağa çalışır. Ermənilər Gəncəni hədəfə alırlar. Məqsədləri odur ki, bizi qıcıqlandırsınlar və Ermənistana cavab atəşi açaq. Bizi provakasiyaya təhrik edirlər.

Müharibəni də ədalətli aparmaq lazımdır. Müharibənin də yazılan və yazılmayan qanunları var. Onlar hər zaman bizim insanlarımıza qan uddurublar. Amma provakasiyalara uymamalı və soyuqqanlı olmalıyıq. Ermənilər həmişə pis məqsədlərini həyata keçirmək üçün altdan-altdan pis işlər görüblər. Bizsə həmişə tolerant olmuşuq. Hər işğaldan sonra demişik ki, bu, son olar.

Bilirik ki, Qarabağ bizim əzəli torpaqlarımızdır. Biz haqq uğrunda, onlar yalan uğrunda döyüşürlər. Yalan uğrunda döyüşdüklərinə görə vəziyyətləri də çox acınacaqlıdır. Ermənistanın bu gün iqtisadi, siyasi vəziyyətləri göz qabağındadır. Cəmi milyon yarım qalıblar. Biz artırıq, onlar azalırlar.

- İşğaldan azad edilən Cəbrayıl rayonumuzu, Suqovuşanın görüntülərini izlədinizmi?

- Əlbəttə, izlədim. Ürəyim dağa döndü. Bunu sözlə ifadə etmək qeyri- mümkündür.

Paylaş
Xəbər lentİ