"Vaxtıykən "Mövqe", "Səs" kimi mənasız qəzetlərə 100-120 min vəsait ayrılıb"

Oxunma sayı: 2 003
11-07-2020, 17:10

"Vaxtıykən "Mövqe", "Səs" kimi mənasız qəzetlərə 100-120 min vəsait ayrılıb"
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 18 qəzet üçün maliyyə yardımı ayırıb.
Bu, bəzi qəzetlərin dövrülüyünü bərpa etməyə imkan yaradacaq.
Ancaq ekspertlər hesab edir ki, yazılı mətbuatın inkişafı dövlət dəstəyi ilə yanaşı, reklam bazarının formalaşmasından asılı olacaq.
Mövzu ilə əlaqədar media eksperti Qulu Məhərrəmli Cebhe.info-ya bildirib ki, dövlət 2008-ci ildən başlayaraq çap mediasına yardım göstərilir:
“Düzdür, onun ayrılması kriteriyalarının hansı meyarlara görə tənzimlənməsi dəqiq bilinmir, buna görə də zaman-zaman dolaşıqlıqlar yaranır. Vaxtıykən "Mövqe", "Səs" kimi mənasız qəzetlərə 100-120 min vəsait ayrılıb, bunun dəqiq səbəbi yoxdur. Oliqarxlara məxsus qəzetlərə maliyyə ayrılması hansı məntiqlə əsaslandırılıb, bunu söyləmək çətindir. Amma indi bir siyasət olaraq mahiyyətcə çap mediasının yaşaması üçün addımdır, dövlət də bunu edir".
Ekspert bildirib ki, Azərbaycan mediasında reklamın önəmli rol oynadığı illər olub:
“Təxminən 90-cı illərin ortaları 2000-ci ilə qədər reklam müəyyən qədər fayda verə bilib. Üstəlik o dövrdə Azərbaycanda böyük reklam şəbəkələri fəaliyyət göstərirdi, böyük şirkətlər var idi. Onların bəzən 1 kvartalda reklam üçün ayırdıqları pul 450-500 min, bəzən 1 milyon olurdu. Böyük banklar, şirkətlər mediaya reklam verirdi , bu da onun yaşaması üçün səbəb idi. İndi təəssüf ki, o bazar yoxdur. Dövlətdən gələn reklamların tənzimlənməsi ilə bağlı illərdir söhbət gedir. Reklam bazarı nisbətən məhduddur, olan da televiziyaya, radioya gedir. Məsələn, 2019-cu ilə reklam bazarı təxminən 130 milyon manat vasait qazanıb, bunun da 25 milyonu televiziyanın, 5 milyonu radionun payına düşüb”.
Qulu Məhərrəmli çap mediasının üstünlüyündən danışarkən bildirib ki, bu, arxiv, günümüzün salnaməsidir:
“Həm də internet olmayan ərazilərə çap mediası çatır. Bu da böyük üstünlükdür”.

Paylaş
Xəbər lentİ