Arasdirma.info

"Əli Həsənov baş aldadıb yazı sildiridi ki, sizə ev verəciyik"-Müsahibə

11-08-2020, 08:27

"Əli Həsənov baş aldadıb yazı sildiridi ki, sizə ev verəciyik"-Müsahibə
Bu yazını çalışın hər biriniz oxuyun. Ola bilər ajeotaj yaratdı, bəlkə söyüldüm, hücuma məruz qaldım, hətta bir zəng gəldi ki, o yazını təcili sil, bunu da düşünmüşəm! Zatən indi hər istiqamətdən hücum və təhqirlər gözləyənlərdənəm! Artıq acı da olsa həyat tərzimizdir bu! Amma və lakin, bu yazı ciddi həyəcan təbilidir! Azərbaycanın informasiya təhlükəsizliyinə dair vəziyyətin nə yerdə olduğunun çox aydın göstəricisidir. Bu yazını özünə vətənpərvər, vicdanlı, əxlaqlı media adamı, kapitanı deyənlər dəstəkləməlidir deyə düşünürəm. Çünki Azərbaycan mediası mərhələli şəkildə, bilərəkdən düşmən idarəçiliyinə ötürülür. Ehtiyacdan, kasıbçılıqdan, pulsuzluqdan və boğulduğundan, alçaldıldığından. Kimsə inciməsin, bu yöndə iç prosesdən dəqiq xəbərdaram, amma ölkənin media məkanından bixəbər yeni kadrlarların idarə edəcəyi durum deyil bu. İnanın lap çox az zamanımız qalıb…



Mühacir mediasının gizlinləri: Onları Bakıda kim maliyələşdirir?!
Onlara ev vəd edib, pulla yazı sildirən kimlərdir?..
Azərbaycanda başsız qalan media lap sadə dillə rdesək parça-tikədir.
-Məmur puluna işləyənlər.
-Bir nəslin xidmətində duranlar.
– Şimalın siyasıtinə xidmətdə bulunanlar.
-İranpərəstlər.
-Firqə mediası.
-Klan mediası.
-“Müstəqil” media.
-Blogerlər.
-İnternet TV-lər.
-Dövlət maraqlarına xidmət edən rəsmi olmayan KİV-lər.
-Dövlət KİV-ləri.
-Mühacir mediası.
-Söyüş medisası.
Kim harada özünü örür deyə bilmərəm. Dəqiq bildiyim bir şey var ki, təcili tədbirlər görülməli. Ölkə mediası bir əlin nəzarətinə verilməlidi. Əldə-ələ ötürmə oyunları zaman və məsrəf xərcidir. Kabinet adamlarının və ya karyerasında hər zaman “yaşıl işıq” olanların bacaracağı iş deyil media kurasiyası. Media kurasiyası və idarəçiliyi bu sahədə dişi-dırnağı ilə uğura çatanların işi olmalıdır. Və o, ölkə mediasının küçədə qalanından tutmuş, elitasına qədər hər kəsi tanımalı. Və hər kəslə ünsiyyət qura bilməq qabliyyətli biri olmalıdır. Bu adam yeni və çox gənc sima ola bilməz. Yazının bu hissəsi uca dövlətimə təklif kimi də səslənə bilər. Ya da bir baxış bucağı. Amma reallığa çox yaxın baxış bucağı.
***
İndi bu istiqamətdə ölkə ən təhlükəli mərhələyə keçid alır. Bir çoxlarının beş-üç manat verib, başını aldadıb, ev kirayəsini ödəyib “əşii” deyib yola verdiyi, başdan elədikləri, adına “küçə jurnalistləri” dediklərindən, artıq yeni bir format hazırlanır. Bəlkə məqsəd Azərbaycan maraqlarına xidmətdir? Əsla!
Bəs söhbət hansı formatdan gedir? Mühacir mediası, məsələn, “Azad söz” və ona bənzər digərləri, “küçə mediası” adlandırılan reportyor qrupları vətəndaş mediası kimi təqdim etməyə çalışır. Təhlükəli tendensiyadır.
Hakimiyyətin dördüncü qolu olan media, bütöv bir orqanı xatrlatmalı olduğu halda, paramparçadır. Üstəgəl çəkişmələrin və komandalaşmanın qurbanıdır. Ölkə vətəndaşları ən müxtəlif istiqamətlərdən, ən müxtəlif maraqlardan informasiya alır, onları analiz edib öz nəticəsini çıxara bilmir. Əslində, birincisi, o bu analizə borclu deyil, vətəndaş konkret ideoloji xəttə salınmalıdır. İkincisi çaşbaş qalan vətəndaş dövləti və hakimiyyəti haqlı olaraq hədəf seçir, və gəldiyi qənaət bu olur ki, dövlət onu əl salır. Bu halda o neynəməlidir? Dövləti hədəf etməli və onu söyən hər kəsi dövlət maralarını nəzərə almadan, hirsindən dinləməli, üstəlik söyüşünə dəstək verməlidir. Beləliklə milli dəyərlər sisteminin sıradan çıxarılmasına da rahatca yol açılmış olur. Kimsə desə ki, bu düşünülməmiş, öz özündən yaranmış durumdur, inciməsin, tutduğu postdan asılı olmayaraq mənim önün ağlına və analitik beyninə ciddi şübhəm var.
Gələk sədata, yəni məqsədə. Bu gün həmin məsələləri mühacir telekanallara çalışanlar sırasından, seçdiyim bir xanımla Pərvin Abışova ilə müzakirə etməyi qərara aldım. İstədim hər kəs bilsin ki, bu uşaqlar nə yaşayır, başlarına nə oyunlar gəlir və niyə durumu düzəldə bilmirlər. Bir sözlə həmsöhbətin bu gün aztime.az saytı yaradıb, özü və gələcəyi üçün nələrsə etməyə çalışan Pərvinlə söhbəti diqqətinizə çatdıracağam. Bəri başdan ona etimadı və evimdə mənə qonaq olduğu üçün sağ ol, deyirəm…
-Mühacir mediası ilə əməkdaşlıq edən, müxtəlif aksiyalar və olaylarla diqqət çəkirsən, əməkdaşlıq etdiyin zümrənin fəaliyyətini bəyənirsənmi?
-Tam şəkildə qəbul edə bilmirəm.
-Niyə?
– Jurnalistin mövqeyi olmamalıdır. Jurnalist ortaya xəbər qoymalıdır. Amma bu günki mühacir mediasında mən bunu görmürəm. Ortaya mövqe qoyurlar. Mən azad media adamıyam.
-Azad media necə olur? Məsələn hansı keyfiyyətlərə sahib olmalıdır?
-Biz çox görünə bilərik, amma çox deyilik. Beş-on adamıq ki, işimiz doğurdn da mediadır. İzləyici auditoriyamız var. Sözümüzü də buradan, Azərbaycandan deyirik, söymürük, tənqid edirik. Mühacirətdən deyilən sözü qəbul etmirəm. Burda oturub demək lazımdır, gedib uzaqdan danışmaq, yox.
-Amma əməkdaşlıq etdikləriniz olub axı adına mühacir mətbuatı dediklərinizlə…
-Baxın mənim Qurban Məmmədova hörmətsizliyim olmayıb, Əli Oğuza da başqalarına da. İndi baxıram ki, hamısı qırmızı xətti keçir. Ağızlarına gələni danışmağa başlayıblar. Bəlkə məni bu sözümə görə daş-qalaq edəcəklər, mən kiməm ki, onlar üçün?! Amma mövqelərini qəbul edə bilmirəm. Bizə də burada reportyorluq edirik, əziyyət çəkirik, yenə də onlar səviyyəsində təhqirə yol vermirik.
-Məsələn Məhəmməd Mirzəli…
-Bu adı ümumiyyətlə çəkmək istəmirəm. Onlardan qorxum yoxdur. Sadəcə belə bir prinsiplə yanaşıram, onlar var, mən görmürəm.
Bir şey deyim sizə, mühacir TV-lərin hamısının sorğusuna diqqət edin. O gündəmi, reytinqi onlara biz qazandırırıq. Amma bizə çetindir, başqa heç kimə. Prezident mətbuatın işi üçün böyük məbləğdə vəsait ayırır. Hanı o pul? Niyə o vəsaitdən bizim üçün də şərait yaratmırlar?
-O şəraiti necə görürsən?
-Şəxsən istəyərdim ki, həmin o puldan bizə, bəyənmədikləri jurnalistlərə ayırsınlar, görsünlər necə çalışacağıq. Bir telefonla çəkilişə gedirik. Kreditdə olan, bəzisi qırıq telefonlarımızla ruhdan düşmürük, işləyiriksə, görün təminatımız olsa nə edərik?
-Sizin çevrənin uşaqları, belə deyim “keçə mediası” adlandırılanlar, dövlətdən dəstəkmi umur? Özü də mühacir media ilə əməkdaşlıq edə-edə?
-Bəli, niyə də istəməyək. Texniki avadanlıq lazımdır, ofis lazımdır, səliqəli həyat tərzi lazımdır, bəzilərinə təhsilini davam etdirmək lazımdır. Bu yolla, dövlət bir körpü qurar və ayıblarımız da çölə çıxmaz.
-Ayıbımız deyəndə yəqin ki, işıqlandırdığınız mövzuları nəzərdə tutursunuz?
-Bəli. Tənqidi media quruluşu yaratsınlar. Orada çalışıb real vəziyyəti göstərək. Öz içimizdə, Azərbaycanda dövlət problemləri həll etsin.
-Bu mühacir lərdən mövzuların alınması demək olacaq, səncə buna yol verərlərmi? Ayrıca sənin deməndən belə çıxır, o uşaqların bu qədər anti-Azərbaycan mövqeli görünmələri ehtiyacdan doğur?
-Aşağı yuxarı o cürdür, bəli. Bilirsiniz, ölkənin problemlərini ölkənin içində həll eləmək iqtidarında olduqları halda, bunu eləmirlər. Problemlər mühacir televiziyalarına çıxır, dünya görür düzdü. Hamı da problemlərin nədən ibarət olduğuna oradan baxır. Bizim başqa yolumuz yoxdur.
-Onda belə çıxır ki, məsələn “Azad Söz” və digərləri sadəcə maddi bağlayırlar bu uşaqları özlərinə?
-Ancaq maddi, bəli. O uşaqlar Azərbaycanda frilans işləyib, ayda doqquz yüz, min manat qonorar qazana bilmirlər. Demək olar hamısı kirayədə qalır. Gənc, ailəsi olanalar var. Yetimi, kimsəsiszi var, tək qadın olanı var.
-Mühacir tv-lər frilans işləyən bir reportyora, bir material üçün nə qədər ödəyir?
-Bir materialımız iyirmi-iyirmi beş manata başa gəlir.
-Gündə dörd material verilərsə bu günə yüz manat deməkdir.
-Bəli, amma bu hər zaman olmur. Sizə onu dəqiq deyim ki, ödənişlərdə bir gün də olsa yayınma, gecikmə olmur. Son dərəcə dəqiqiliklə ödənişləri edirlər.
-Hansı yolla göndərilir?
-Fərdi yollayırlar.
-Onların Azərbaycanda rəsmi qeydiyyatı və ya ofisləri varmı?
-Yoxdur, bu bizi maraqlandırmır, onların öz, daxili işidir. Əsas olan budur ki, dolanışıq üçün iç məlumatları dışa çıxarılır…
-…Və bu xəbərlər anti-Azərbaycan güclərinin əlində alət olur…
-…Bəli, təəssüf ki… Sizə dəqiqiliklə deyirəm ki, mühacir mediasına işləyən on-on beş uşaq var ki, onların məqsədi vətən satmaq deyil, dolanmağa, yaşamağa, var olmağa çalışmaqdır. Frilans işləmək üçün biz də az əziyyət çəkmirik. İçimizə salınmayan adam yoxdur. Taksi şoferliyindən gələn də var, maşinisti var, yol ötəndə qapı döyüb içəri girən də var, heç necə gəlir aramıza, kim salır onları anlamırıq?!.
-Yəni mühacir mediası ilə əməkdaşlıq edənlərin ciddi iç qovğaları var…
-Həddindən artıq çox. Və əminliklə deyirəm, o “küçə jurnalisti” deyilən adamlar sayəsində mühacir mediası var və reytinq yığa bilir.
-Belə olması indi kimə sərfəlidir?
-Ölkədən və bizdən başqa hamıya.
-Buradan, Azərbaycandan da idarə və ya himayə edilənləri varmı o reportyorların arasında?
-Əlbətdə var. Onları hədələyir, ləkələyir və özlərinə işlədirlər.
-Kimlər?
-Detallara varmaq istəmirəm…
-Səninlə söhbət edirəm, səmimi danışırsan, frilans çalışanlara qonorar ödəyənlər də belə səmimidirmir?
-Dövlətçilik marağında olan bizim kimi burada döyülə-tutula oturardı. Məsələnin pis tərəfi odur ki, indi çoxu onlara möhtacdır. İnanın başımıza gələnləri əlimizə alıb hansı səfirliyə getsək, bizə qapıda yaşıl işıq olacaq. Məsələn özümü deyim, ateistəm, dəfələrlə polislə insident yaşamışam, dindarların təzyiqinə məruz qalmışam, döyülmüşəm, mühacir media ilə əməkdaşlıq edirəm və sair. Bunlar çıxıb getmək üçün çox ciddi əsaslardır. Amma müraciət eləmirəm. Düşünürəm burada qazanım, övladlarımın yanında olum. Nə zamansa ölkəmdə evim olsun və sair. Hamısı normal arzulardır, amma edə bilmirəm. Bilirəm ki, çıxıb getsəm orada məni də məcbur edəcəklər Prezidentə söy! Dövlətə söy! Millət söy! Bir sözlə atributlarını söy! Nə qədər inanmasalar da mənim üçün dəyərlər var. Mən atribut təhqir eləmək istəmirləm. Mən frilans, faktlar üzərində işləmək, dövlətə, Prezidentə real durumu çatdırmaq istəyirəm. İstəyirlər insnaınlar, istəyir inanmasınlar.
– Pərvin fərqindəsənmi, burda sizlərdən istifadə edib imajlarını qururlar, reytinq və pul qazanırlar, onun bir qismini, daha dəqiqi, qəpik-quruşunu sizlərlə bölüşürlər, sizi açıq hədəf edirlər. Heç bunun mahiyyətinə varmısanmı? Yəni özünün də, dostlarının da istifadə edildiyinin…
– Sual verə bilərəmmi sizə?
-Əlbətdə.
-Sizcə vəziyyətin bu formada olması ölkə rəhbərliyində təmsil olunan adamların bəziləri üçün də sərfəli deyilmi?
-Sərfəlidirmi?
-Əlbətdə. Çox ciddi vəzifə adamlarının bizim camiə ilə ciddi əlaqəsi var. Siz bizim camiədən uzaq adamsınız, amma çox istərdim, onların hamısı ilə bir gün görüşəsiniz. O uşaqlarla oturub söhbət edəsiniz. Yəni indi adına küçə, mühacir jurnalisti deyilənlərlə. Görün onlar sizə nələr danışacaq. Hansı qayğılar ortaya çıxacaq. Bizim oralarla əlaqələrimiz daha çoxdur. Sizə necə deyim, o iyrənclikləri, o “palazın altını” çox yaxşı bilirəm. Bəzən də bizə o üzdən toxuna bilmirlər ki, adlar bilirik. Kimin kimə neynədiyini, nə qədər elədiyini görürük. Çox dəqiq bilirəm hansı məmur kimə “bu pulu al qoy cibinə, Prezidenti söysən də mənimlə işin olmasın” deyir. Bir dəfə belə yazmışdım o olaydan sonra. Canınız çıxsın Prezidenti söydürmək üçün xərclədiyiniz pula bir media quruluşu açın və mühacir mediasına işləyən gəncləri cəlb edin ora. Qoy onlar da insan kimi yaşayıb, insan kimi qazansınlar. Bu uşqlar arada qalıb, çox da istedadlıdırlar.
-İnciməsəniz bir söz də deyərəm, arada mənə elə gəlir onlar hiperaktiv, həm də normal olmayan mühitərdə düzgün yetişdirilməmiş uşaqlardırlar, həm də psixoloji, mənəvi qüsurlarla…Elə bil onları bir-bir seçiblər…
-İndi insanlar özləri təbəqələşir, seçilir, hətta çeşidlərin, imkanlarına görə, haqsız deyilsiniz. Təbii ki, onları problemlərindən yana seçilib.
-Mühacir mediası dediklərimiz buradan onlara çalışanlara sadəcə aylıqmı verir yoxsa texniki avadanlıq da yollyırlar?
-Heç nə yollayan yoxdur. Burada min əzabla, birtəhər işləyirlər.
Amma bayaq dediyimi dövlət etsə və normal təminat olsa, tamam başqa mənzərə yaranar. Biz o dönəmi görməmişik, sadəcə eşitmişik. Azərbaycanda doxsanların jurnalistikasını görmək istəyirik. Bizə hücum eləməsinlər. Bizə elə bir qonorar verilsin ki, məmurlar bizi pul verib susdura bilməsin. Pul təklif edlb yazı, video sildirməyə qorxsunlar, bilsinlər ki, ciddi nəzarət var. Bir məqamı da vurğulamaq istəyirəm. Vilayət Eyvazov DİN-ə rəhbər keçəndən sonra elə bil biz arzuladığımız istiqamətə bir yumşalma hiss olunmaqdadır.
-Yəni mühacir media reportyorlarının milliləşdirilməsinimi nəzərdə tutursunuz?
-Yox, bizi az hücum olunur. Bu aqresiyanı azaldır. Oturduğumuz yerdə hədələnirdik, gəlib götürüb aparırdılar. Yazı silinmirdisə bizi yaşadığımız evdən çıxartdırırdılar. İndi bu ciddi şəkildə səngiyib. Amma onu da deyim, aramızda elələri var, onları heç nə xilas edə bilməz.
-Məsələn o qızı, Fatiməni?
-Ad çəkmək istəmirəm, adam var aksiyada polisə tüpürür. O polisin yerinə olsam mən təkcə vurmaram, daha sərt addım ataram eləsinə qarşı. Haranın müxbiri olması da fərq eləməz. Mən də polislə insident yaşamışam, haqsızlıq görmüşəm. İndi də bir ayağı zədəli gəzirəm. DİN-dən Səhlab Bağırov məni iş otağına dəvət elədi, əməkdaşının adından üzr istədi. Ondan əvvəl də DİN-dən Əvəz müəllim dəvət etmişdi, hadisəni öyrəndi, sonra da üzr istənildi məndən. Bununla da məsələ bitdi. Amma mən hüquqi addım atmışdım, polisə tüpürməmişdim.
-Qazancınızdan vergi verirsinizmi?
-Fiziki şəxs kimi VÖEN-lərimiz var.
-Amma sizə qonorar verənlər burda müxbir saxlasa da vergi vermir…
-Rəsmi heç yerdə yoxdurlar axı.
-Bunun özü cinayətdir, hansı yolla pul göndərilir bəlli deyil. Təşkilat olaraq vergi vermirlər və özlərinə çalışdırdıqları adamlar var ölkədə. Bu sizi ikiqat hədəf edir, fərqində deyilsiniz amma…
-Bunu yenə də gərək dövlət düşünə. Çünki biz də bu dövlətin vətəndaşıyıq. Bu gün biz rayonlara da çıxa bilmirik?
-Ora niyə çıxırsıniz?
-Bizim qazancımızın bir qismi də belə əldə olunur. Bölgədən apardığımız çəkilişlərlə. Mən indi bilirsiniz ki, sayt yaratmışam. Daha dəqiqi dostlar mənim üçün qurub, aztimes.az. Saytın nizamnaməsinə görə bizə şəhid və qazi ailələri üçün xidmət təmənnasızdır. Qalan bütün hallarda çəkilişə çağıranlara xidmət ödənişlidir. Dövlətə də vergimizi ödəyirik. Yəni yazı qoyub, pul alıb silmirik. Ödəniş edilir, yazı qoyulur və silinmir. Bu daha ədalətli və açıq formatdır. Sponsorum yoxdur, dövlət də məni maliyyələşdirmir.
-Başqa hara ilə əməkdaşlıq edirsiniz?
-“Azad səs”lə. Bəzi başqa müstəqil media quruluşları ilə də əməkdaşlıq eləməyə məcbur oluram. Baxıram ki, ehtiyacım var, o da mənim əlimdə olan çəkilişə görə normal qonorar ödəyir. Onda məcbur olub materialı onlara satıram. Ən ucuz satdığım video 15, ən baha satdığım 200 manat olub.
-Feministlərin də çevrəsində görünürsünüz…Ümumiyyətlə mahiyyətini bilirsinizmi feminizmin?
-Onların aksiyasında sadəcə jurnalist kimi çalşmışam. Feminist deyiləm. Bəlkə onların təqdim etdiyi formada feminizmi qəbul eləmirəm demək daha doğru olardı. Aralarında Rəbiyyə mənim ən hörmət etdiyim adamdır. Əminəm, o özü də həmin formatı qəbul eləmir.
-Amma ordadır axı…
-Ordadır yox, onlar o birilər onun başındadır.
-Əgər siz deyən kimi baş Rəbiyyədirsə, necə və niyə yol verir o formata? Bunun altında nələrsə var yəqin…
– …Elçibəyin də yanında Əli Kərimli var də… Feministləri böyüdüb qəhrəman, ya da fiqur edirlər, sonra da öhtələrindən gələ bilmirlər. Əslində ortada heç nə yoxdur. Sadəcə böyütmək lazım deyil, vəssalam…
-Üç övlad anasısan. Amma balalrından uzaqsan deyəsən…
-Hə belə də demək olar. Bircə qızım yanımdadır. Oğullarım ataları ilədir. Tez-tez ev dəyişməli oluram. Bəzən ev ödənişimi belə edə bilmirəm. Ötən ay kirayə haqqımı iş yoldaşlarım ödədi. Bu ay da bir dost ödəyəcək. İstəmirəm balalrım yanımda, ağır şərtlərdə yaşasın. Ancaq mənim bircə otaqlı evim olsaydı bəlkə başqa olardı hər şey.
-Buracan danışdıqlarından anladığım çox təhlükəli bir məqam oldu. Deyirsən ki, mühacir mediasına işləyən uşaqlar arasında maddi ehtiyaclar içində boğulsalar da bir on-on beşi var, milli ruhu ölməyib. Adbaad sadalamaq mümkündürmü?
– Fərid, Arifə, Əvəz, Nurlan, Təbriz, Mərahim, Xəyalı, özümü deyə bilərəm. İlk ağlıma gələn bu uşaqlardır. Amma iki-üçü də var ki, aramıza salıblar. Danışa bilmirəm, ad deyə bilmirəm. Məsələn polisə kəllə atan kimsə bizim yanımıza gəlir, böyrümüzdən əl çəkmir, bilirik ki, məqsədi var, amma nəsə demək olmur. Biri var bizim uşaqlardan biini bu yaxınlarda az qala həbs etdirmişdi. Maşinist var sıramızda, niyə? Nə işi var, kimdir, hara, nəyə, kimə xidmət edir? Bu ciddi araşdırma mövzusudur. Niyə bizi bircə dəfə Mətbuat Şurası başına yığmır. Bir press jiletlə başımızı aldadırlar. Hə, gəlin, qəşəng jiletlər gəlib. Yazı sildirə bilirlər, amma dinləyə, məsələ qaldıra, dövlətə, bu uşaqlara dəstək ola bilmirlər. Əli Həsənov baş aldadıb yazı sildiridi ki, sizə ev verəciyik. Hanı? Bilirsiniz bunların hamısı, aldadılmaq, ələ salınmaq, insanda aqressiya yaradır.
-Qarşı tərəf kimi dövlət qurumuna müraciət edəndə necə, sizə cavab verirlərmi?
– DİN və Bakı Şərəh Baş Polis İdarəsinin mətbuat xidmətləri, vəssalam, qalanları bizi saymır. Ən azından saymaq lazımdır ki, xaricə çıxan materiallarda rəsmi tərəf kimi dövlətin mövqeyi olsun. Biz heç kimin olmadığı kimi dövlətin yanındayıq. Dövlət buna inansın. Anam bacım müəllimə, atam dövlət qulluqçusu olub. Göyçaya ilk milli bayraq mənim atamın əlində gəlib. Mən bu ölkəyə düşmən ola bilmərəm. İstəsəm də ola bilmərəm. Sadəcə mən normal insan olaraq işləmək , yaşamaq istəyirəm. Bu gün balalarımın necə böyüdüyünü görə bilmirəm. Onların necə yaşadıqlarını hiss eləmirəm (kövrəlir-red). Qızımın arzularının ondan birini edə bilmirəm. Məni anlayırsınızmı? Düşmən deyiləm, yaşamaq, var olmaq üçün mübarizə aparıram. Bu kənardan necə görünür bilmirəm, amma içimdə məqsədim sadəcə yaşamaq və balalarımla bir olmaqdır.
***
…Onunla söhbəti burada bitirdim. Haqqında düşündüklərim məndə qalsın. İstədim bu uşaqaları Pərvinin dilindən təqdim edim. Özləri bir yana, nə deyib neynəyəcəkləri umurumda deyil. Sadəcə bir ciddi məqamı dövlətimə həm də özüm duyduğum kimi təqdim edim. Məncə bu alındı. Tərəflər, cəhdlər, məqsədlər və vəziyyət çox net görünür bu söhbətdə. Gerisi yenə də dövlətimizə bağlı.
…Amma bir vacib məqama diqqət etməyinizi istəyirəm. Daha dəqiqi dövlətin diqqətini bir məqama yönəltmək istəyirəm. Sizin əhəmiyyət vermədiyiniz, kimdilər ki, avara, cinsi azlıq, problemli ailələrdən çıxmış adlandırdıqlarnızı, çox yüksək və ciddi postlardan idarə edirlər. Mənzil kirayələrindən tutumuş, cibxərclərinə qədər hamısını ödəyirlər. Onları kurasiya edən, böyük pullar qazanıb, onlara qəpik-quruşu fırıldaqla yollayanlara isə bu gün, lap elə indi cinayət işi açmaq olar. Nə zamansa yolları mütləq Azərbaycana sarı olmalıdır bu vətən xainlərinin. Nə zamansa 20-25-manata möhtac reportyordan özünün də xəbəri olmadan vətəndaş mediası düzəltmək planı ifşa olunmalıdır. Bu dövlət üçün ciddi araşdırma mövzusudur. Bir məsələ odur ki, himayəçi məmurlar işə əngəl olmaya…

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN