Azərbaycanlılar niyə iranlılardan fərqlidir?!

Oxunma sayı: 2 222
12-08-2020, 01:55

Azərbaycanlılar niyə iranlılardan fərqlidir?!
Mən 75-ci ildə doğulmuşam. Azərbaycanın Qərbindən təqviyyə almış qarabağlıyam.

Atam uşaq vaxtı "sizlər İranın ağasısınız" fikrini beynimizə yeritməyə çalışırdı. Bizim ailədə Türkiyədən əvvəl İranın təbliğatı gedirdi. Amma bü gün olduğu kimi deyil,.. bizlər İranın ağası idik axı.

Qarabağlılar üçün özünü "İranın ağası" saymaq çox da çətin deyildi, zira İranın sonuncu türk hakimi Qacarların nəsli Gəncədə yaşayırdılar. Mən xatırlamasam da, atam onların nəslinin nümayəndələrini xatırlayırdı. Hətta deyilənə görə ingilislər İran və ADR rəsmilərinin mehriban ailə söhbətinə çaşıbmış. Elin britaniyalısı Qacarların geniş bir tayfa olduğunu bilməyi illər aldı.

Amma bizlər azərbaycanlıyıq. Hətta Cənubi azərbaycanlılar da... azərbaycanlıdır, iranlı deyil.

Bunun dəfələrlə şahidi olmuşam.

Əski əlifba və dolayısı ilə Quranı sərbəst oxuya bilirəm. Astaradan Ərdəbilə gedərkən Xalxal deyilən yerdən keçirsən. Orada qayanın üstündə bir kafe var. Adı "Azərbaycan"dır.

Üstündə böyük hərflərlə "Azərbaycan" yazılıb.

Maşınların da üstündə "Azərbaycan" yazılır.

Tehrana qədər bizim danışdığımız ləhcədə rahat anlaşa bilərsən. Tehrandan Laricana keçən yolda artıq bizim dildə cümlələri iki dəfə təkrarlamalısan. Yenə də anlayırlar, amma artistlik edirlər. Biz ancaq Azərbaycan dilində danışırdıq. Anlayırdılar.

İrandakı azərbaycanlıların (o cümlədən türkmənlərin) digər iranlılardan fərqi sadədir: qısalıq.

Azərbaycanlılar üçün hər şey qısadır. Dərd də, kef də.

On dəqidə sevinib, sonra başını aşağı salıb işi ilə məşğul olar. Dərdi də elədir azərbaycanlının.

Bizim muğamlar da qısadır. Ümumiyyətlə, muğam hind sənətidir. Farslar Hindistandan alıblar, biz də farslardan.

Amma fars muğamları çox darıxdırıcıdır. Bizim muğamlar... hətta dəstgahlar belə çox hərəkətlidir.

Şuşalı Sadıqcan İran tarını alıb təkmilləşdirdi.... sürətləndirdi..... qısaltdı....

Mən hərdən iranlılarla danışıram. Orta Asiyada, İranın özünü hökmran hiss etdiyi yerdə setardan törəmiş İran tarı deyil, bizim tar məşhurdur. Çox acıqlanırlar. Hətta bizi UNESCO-ya da şikayət ediblər. Amma sinə tarı bizimdir.

İfa etdiyimiz muğamlar da bizimdir.

Hətta çox məşhur "Səhər quşu" (Morge sahar) təsnifi də bizimdir.

Zira heç bir xalq "Səhər quşu" təsnifini biz azərbaycanlılar qədər qısa və güclü ifa etmədi.

Heç bir xalq muğamı bizim qədər qısa və güclü ifa etmədi.

Azərbaycanlının kefi də qısadır, dərdi də.

P.S. "Səhər quşu" təsnifini sizlər yaxşı tanıyırsınız. "Böyük dayaq" filminin əsas mövzusudur. "Azərbaycan kapriçiosu"nun da əsas mövzusudur.

Azərbaycanlılar niyə iranlılardan fərqlidir?!

Paylaş
Xəbər lentİ