Koronavirus hər gün daha çox adamı yıxır – Pandemiya xəstəxanasının həkimi ilə aktual MÜSAHİBƏ - FOTO

Oxunma sayı: 455
9-11-2020, 19:12

Koronavirus hər gün daha çox adamı yıxır – Pandemiya xəstəxanasının həkimi ilə aktual MÜSAHİBƏ - FOTO
Azərbaycanda demək olar ki, hər gün koronavirus infeksiyasına yoluxmada rekord qeydə alınır.

Media.Az koronavirus xəstəliyinin davam etmə müddəti və virusla hələ nə qədər birlikdə yaşamalı olacağımız barədə pandemiya xəstəxanasının infeksion həkim-reanimatoloqu Polina Əliyeva ilə söhbət edib.



- Göründüyü kimi, koronavirusun ikinci dalğası ilə qarşılaşırıq. İndi xəstəlik necə keçir?

- Çox çətindir, çünki 80%-dən çox hallarda biz miks-infeksiya ilə rastlaşırıq, yəni bu mövsümi qrip və COVID-19-dur. Bundan əlavə, bu gün koronavirusa təkrar yoluxma hallarının şahidi oluruq. Ən məyusedici odur ki, xəstəlik heç də asan keçmir.

- Bu nə ilə əlaqədardır?

- Xəstədə koronavirus infeksiyasının müalicəsində istifadə olunan bir sıra dərmanlara qarşı müqavimət inkişaf edir. Yəni əvvəllər xəstənin bədəni COVID-19 üçün istifadə edilən dərmanlardan sonra müalicəyə müsbət cavab verirdisə, təkrar infeksiya vəziyyətində preparatları daha uzun müddət ərzində qəbul etmək lazım gəlir. Bu, həm müalicə, həm də reabilitasiya müddətini əhəmiyyətli dərəcədə çətinləşdirir və artırır. Həmçinin büdcə və insan resursları üçün əlavə yükdür.
Koronavirus hər gün daha çox adamı yıxır – Pandemiya xəstəxanasının həkimi ilə aktual MÜSAHİBƏ - FOTO
- Siz infeksiyaya təkrar yoluxma hallarının olduğunu qeyd etdiniz. Sizin təcrübənizə əsasən, insanlar ən çox hansı müddət keçəndən sonra yenidən koronavirusa yoluxur?

- Koronavirus diaqnozunun qoyulmasının müəyyən əlamətləri var. Bu, yalnız testin nəticələrinə və ya qanda xəstəliyin antikorlarının mövcudluğuna əsaslanmır. Biz kompüter tomoqrafiyasının nəticələrinə daha çox diqqət yetiririk. Əgər kompüter tomoqrafiyası “buzlu şüşə” simptomunu göstərirsə, o zaman COVID-19 diaqnozu qoyulur. Bu gün biz test analizlərinin qanda virusun olmadığını göstərdiyi, lakin kompüter tomoqrafiyası müayinəsi zamanı “buzlu şüşə” görüntülərinin aşkar edildiyi xəstələrlə qarşılaşırıq.

Misal üçün, iyun ayında koronavirusa yoluxan xəstəm var idi, beş ay sonra ona yenidən COVID-19 diaqnozu qoyuldu. Qanda antikorların olması səbəbindən rəsmi diaqnoz qoya bilmirik, ancaq klinik məlumatlara görə bu məhz COVID-19-dur.

- Belə çıxır ki, insan immuniteti heç də həmişə infeksiyaya davamlı deyil?

- Bu gün xəstəlik hələ tam öyrənilmədiyindən bu barədə danışmaq çətindir. Suala əsaslı cavab vermək üçün müəyyən bir vaxt keçməlidir. Sonra isə statistik məlumatlara əsasən, hər hansı bir nəticə çıxarmaq mümkün olacaq.

- Virus bir ilə yaxındır bizimlədir. Bu dövr ərzində o mutasiya edib?

- Müxtəlif ölkələrdə koronavirus infeksiyasının müalicəsinə fərqli yanaşmalar var. Virus bu və ya digər preparatların təsirinə məruz qalır, bununla yeni ştammlar ortaya çıxır. Sözün qısası, müalicəyə uyğun olaraq virusun virulentliyi (virusun törətmə qabiliyyətini göstərən dərəcə) dəyişir.

- Azərbaycanda müşahidə edilən virusun virulentliyi dəyişib?

- Yenə deyirəm, çox az vaxt keçdiyindən birmənalı cavab vermək çətindir. Ancaq həkimlər payız-qış dövrünün başlaması ilə mövsümi qripdən qaynaqlanan ikinci bir dalğanın başlayacağını güman edirdilər. Bu gün koronavirus infeksiyasının virulentliyini qiymətləndirmək mümkün deyil, çünki mövsümi qriplə birlikdə yayılıb. Yeri gəlmişkən, COVID-19 pnevmoniyası ilə mövsümi qriplə əlaqədar pnevmoniya bir-birindən kəskin fərqlənir. Bu səbəbdən mən otoimmun xəstəliklərlə məşğul olan terapevtlərin koronavirusa yoluxmuş şəxslərin müalicəsində iştirakının vacib olduğunu düşünürəm.

Koronavirus hər gün daha çox adamı yıxır – Pandemiya xəstəxanasının həkimi ilə aktual MÜSAHİBƏ - FOTO

- Koronavirusun ürəyə də təsir etdiyi doğrudurmu?

- Bəli, COVID-19 ürək-damar sisteminə mənfi təsir göstərir, buna görə kardioloqların da pandemiya ilə mübarizəyə cəlb olunması yaxşı olardı. Həmçinin yoluxucu xəstəlik mütəxəssislərinin və terapevtlərin. Koronavirus diabetli insanlar üçün də təhlükəli olduğundan endokrinoloqlara da ehtiyac var. Düşünürəm ki, yuxarıda qeyd etdiyim sahələr üzrə mütəxəssisləri koronavirus xəstələrinin müalicəsinə cəlb etmək və onların tövsiyələri əsasında müalicə protokolu hazırlamaq daha məqsədəuyğun olardı.

- Xəstələrin yaş fərqi nə qədər dəyişib?

- Statistikanı təhlil etsək, ehtimal edə bilərik ki, virus ​​gəncləşib. Ancaq vəziyyətin iki infeksiyanın birləşməsi ilə mürəkkəbləşməsi nəzərə alınmalıdır: mövsümi qrip və koronavirus. Əvvəllər gənclərin çoxu koronavirusu demək olar ki, simptomsuz, ayaq üstə keçirirdilərsə, bu gün ikiqat infeksiya onları sözün əsl mənasında “yıxıb”.

- Bununla yanaşı, ölüm sayı da artır...

- Təəssüf ki, bəli. Bu, yoluxma sayının kəskin artması ilə əlaqədardır. Xəstə sayı nə qədər çoxdursa, ölüm halları da artır. Bu olduqca təbiidir. Ancaq daha dəqiq bir aydan sonra, bütün məlumatlar analiz ediləndən sonra onları təhlil etmək mümkün olacaq.

- Bu gün ölkədə bir anda iki cəbhə var, həkimlərin üzərinə çox böyük bir yük düşür...

- Siz haqlısınız, amma digər tərəfdən infeksiya mütəxəssisləri cəbhə bölgəsindəki tibb müəssisələrinə cəlb edilmirlər. Bununla belə, bu gün anestezioloq, xüsusilə reanimatoloq çatışmazlığı var.

- Bu gün pandemiya xəstəxanalarındakı çarpayıların sayı ilə bağlı vəziyyət necədir?

- Birinci dalğa zamanı, “sakitlik” adlanan dövrdə, lazımi sayda çarpayısı olan ehtiyat modul xəstəxanalar hazırlandı. Ona görə də vəziyyət hələ kritik deyil. Mövcud dinamika davam etsə belə, xəstələrin yerləşdirilməsində problem yaşamayacağıq, lakin göstərilən tibbi xidmətlərin keyfiyyəti pisləşə bilər.

- Koronavirusun ilk növbədə xroniki xəstəliyi olan və yaşlı insanlar üçün daha təhlükəli hesab olunduğu qeyd olunur...

- Düzdür, amma təcrübə göstərir ki, koronavirusu otoimmun xəstəlikdən və piylənmədən əziyyət çəkən insanlar da çətin keçirir. Xaricdə piylənmə kimi bir xəstəlik yoxdur, metabolik sindrom var. Bu xəstələr arasında pandemiyadan ölüm faizi daha yüksəkdir. Bu başadüşüləndir. İstənilən dərman 75-80 kiloqramdan çox olmayan bədən çəkisi üçün nəzərdə tutulub. Buna görə, artıq çəkili insanlar dərmanları daha yüksək dozalarda qəbul etməlidirlər. Təəssüf ki, bu gün buna lazımi diqqət verilmir.

Paylaş
Xəbər lentİ