Məni hər an öldürə bilərlər - Fuad Abbasov

Oxunma sayı: 686
23-02-2019, 00:05

Məni hər an öldürə bilərlər - Fuad Abbasov
Məşhur azərbaycanlı jurnalist Fuad Abbasov həyatının təhlükədə olduğunu açıqlayıb. Son 2 ildə Türkiyə və Azərbaycanın müxtəlif problemlərinin Rusiyada qabardılması, ölkəmizin reputasiyasının artırılması istiqamətində çalışmaları jurnalistin həyatını təhlükəyə atıb.

Arasdirma.info xəbər verir ki, bu barədə Musavat.com-a Fuad Abbasov özü məlumat verib. Son proseslərdən olan "azərbaycanlılarla çeçenlər arasında qalmaqal"da vasitəçilik edərək sülhə nail olan jurnalist özünün hər an öldürülə biləcəyini bildirib.

Paylaşdığı son videonun fəaliyyətinin son materialı ola biləcəyini deyən jurnalist ermənilərin imza kampaniyası apardığını və özünün hər an həbs olunmaq təhlükəsi ilə üzləşdiyini deyib.

F.Abbasov bildirdi ki, bu nə ilk təhdiddir, nə də son... Məşhur jurnalist 2015-2016-cı illərdən başlayaraq, davamlı təhdidlər aldığını vurğulayıb:

“Bizim mənfur qonşularımız internet məkanından öz kilsələrinə keçiblər. Onlar əvvəl internet məkanında mənə qarşı kampaniya aparırdılar. İndi də öz kilsələrində mənə qarşı cinayət işi qaldırmaq üçün imzatoplama kampaniyası keçirirlər. Rusiya Cinayət Məcəlləsinin 232-ci maddəsinə görə, millətlərarası münaqişə yaratmaq üzrə cinayət işi başladılıb. Məqsəd məni ya ölkədən xaric etmək, ya da həbs etdirməkdir”.

F.Abbasov bildirdi ki, bunu özünə qarşı təhdid olaraq görmür. Heç bir təhlükəsizlik tədbirini yaxına qoymayan jurnalist cangüdənlər və zirehli avtomobillərdən imtina etdiyini dedi:

“Erməni və digər millətlərdən təhlükə olsa, bütün bu hadisələrdən sonra olacaq. İsti-isti hər hansı təhlükə gözləmirəm. Cinayət işinə gəldikdə isə onların öz hüquqşünasları varsa, mənim də öz hüquqşünaslarım var. Mənim Moskvada işimə yüzlərlə hüquqşünas çıxa bilər. Bu, milli mənafeyi qorumaqdır, Fuad Abbasovu ermənilərdən qorumaq deyil. Ona görə də hüquqşünaslardan hədsiz dərəcədə zənglər alıram. Onlar məni təmənnasız müdafiə etməyə hazırdırlar. Ermənilər tərəfdən hər hansı məhkəmə prosesi başlamalıdır. Onların əlində olan səbəb mənim öz sosial şəbəkəmdə icazəsiz olaraq bir şəxsin pasport məlumatlarını paylaşmağım olub. Onlar o pasportu icazəsiz paylaşmağımı əsas gətirərək iki maddə üzrə mənə qarşı cinayət işinin açılmasını tələb edirlər. Bunlardan biri millətlərarası münaqişə yaratmaq, digəri isə pasport məlumatlarını icazəsiz yayımlamaqdır”.

F.Abbasov xatırladıb ki, “pasport məlumatlarını icazəsiz yaymaq” iddiasının kökündə son günlər çeçenlər və azərbaycanlılar arasındakı münaqişədə erməni əsilli gəncin əsas rolunun olmasını göstərən videomüraciət dayanıb. Orada bu şəxsin kimliyi açıqlanıb.

F.Abbasov deyib ki, bu məsələnin necə nəticələnəcəyini zaman göstərəcək. Hazırda həyatına heç bir təhlükə hiss etmədiyini deyən soydaşımız Moskvada da açıq şəkildə gəzdiyini və heç kimdən çəkinmədiyini bildirib.

Paylaş
Xəbər lentİ