"Qardaş, ümumiyyətlə sənin bu arvadına kim zəng eləsə bil ki, səhv düşüb..."

Oxunma sayı: 412
2-01-2021, 23:20

"Qardaş, ümumiyyətlə sənin bu arvadına kim zəng eləsə bil ki, səhv düşüb..."
Dünyada ən axmaq işlər niyə mənim başıma gəlir, bilmirəm. O gün bir oxucu inboksda məndən nömrəmi istədi, dedi, kitabını almaq istəyirəm. Nömrəni yazdım, sadəcə tələsik olub, ya nədənsə bir rəqəm səhv gedib və oxucu da zəng eləyəndə gedib bir qadına düşüb. Bir az keçəndən sonra qadının əri yığıb ki, mənim arvadımın nömrəsin hardan almısan, kimsən, nə məqsədlə zəng etmisən? Oxucum da deyib ki, Kəramət verib. Hansı Kəramət, o ANS-də şeir deyən oğlan? Əlqərəz, oxucum feysdə mənə yazdı, vəziyyəti danışdı, dedi, həmin adam sənin nömrəni istəyir. Ta neyləyim? Dedim, al, nömrəm budur, sənə çaşıb bir rəqəmi səhv yazmışam. Əri zəng elədi. Hündur boylu, enli kürəkli, muskullu bir səsi vardı. Və səsin vahiməsi məni necə basdısa haqlı ola-ola özümü ifadə etməkdə çətinlik çəkdim, bu da telefonda mənim səsimin əsdiyini, həyəcanlandığımı hiss eləyib, şübhələri daha da artıb ki, yüz faiz arvadla bunun arasında nəsə var, Kəramət ona görə qorxa-qorxa danışır. Üstəgəl də ANS-də deyim şeirin mənfi yükü... Fikirləşib ki, pozğunun biridir, bundan nə desən çıxar. Dedim, bəy, anam, bacım olsun, mənim sənin xanımınla nə işim? Adam kitabımı almaq üçün inboksda mənə yazdı ki, nömrəni ver. Mən də verdim, çaşıb rəqəmin birini səhv yazmışam, gedib sizin yoldaşınıza düşüb. Soruşdu ki, inboks nədir? Dedim, feysbukun mesaj qutusu. Yenə soruşdu ki, o adam sənin nömrəni niyə soruşurdu? Dedim, mən yazıçıyam, kitab yazıram və onu parkda satıram. Qayıtdı ki, kitabı nə məqsədlə yazırsan? Bu sualı verəndə yadıma özümün bir fikrim düşdü: ağıllı bir adam ola, axmaq-axmaq suallar verib sübut edəsən ki, sən heç nə bilmirsən. Necə yəni kitabı nə məqsədlə yazırsan? Çox güman ki, elə bilir bunun arvadı haqqında nəsə yazmışam, yəqin ona görə maraqlanır. Nə qədər çalışdım, başa sala bilmədim. Axırda yerimi soruşdu. Dedim, Elmlərə gəldi, xanımı da yanında idi. Qadının üzünə baxdım, kopya Fransa prezidenti Makronun arvadına oxşayırdı. Əri isə parkda ətrafı suvarmaq üçün otun içində görünməyən plastmas turbalar olur, o boyda bir kişi idi. Yenə and-aman elədim, əlimi göyə qaldırıb dedim, o Allah haqqı, imam Hüseynin yaralı bədəni haqqı, iki balamın canı haqqı, çörək haqqı, duz haqqı, qənd haqqı, nömrəmi səhvən yazmışam, gəlib sənin yoldaşına düşüb. Xeyri olmadı. Axırda əlacım kəsildi, dedim, qardaş, ümumiyyətlə sənin bu arvadına kim zəng eləsə bil ki, səhv düşüb.//moderator

"Qardaş, ümumiyyətlə sənin bu arvadına kim zəng eləsə bil ki, səhv düşüb..."

Paylaş
Xəbər lentİ