Vahid press-kartlar bu media orqanlarına veriləcək – Vüqar Zifəroğlu

Oxunma sayı: 378
23-02-2021, 22:56

Vahid press-kartlar bu media orqanlarına veriləcək – Vüqar Zifəroğlu
Jurnalistlərə vahid vəsiqə verilə bilər. Bu təkliflə Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov çıxış edib. O bildirib ki, “Media haqqında” yeni qanun layihəsinin hazırlanması prosesində bu məsələ müzakirə edilə bilər.

O hesab edir ki, jurnalist olmaq üçün ali təhsil kifayətdir: “Təhlillərimiz göstərir ki, bu gün media nümayəndəsi olduğunu iddia edən hər bir şəxsin cibində jurnalist vəsiqəsi var. Jurnalistlərimiz və media subyektlərimiz bundan böyük bir narahatlıq keçirirlər. Jurnalist işləmədən cibində hər hansı vəsiqə gəzdirənlər, cəmiyyətimizin içərisində fəaliyyət göstərən insanlar da var. İndiki halda onların jurnalist olub-olmamasını müəyyən etmək mümkün deyil”.

Maraqlıdır, vahid jurnalist vəsiqəsi hansı problemi həll edəcək?

Arasdırma.info xəbər verir ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu Teleqraf.com-a təklifi şərh edib.

O bildirib ki, Qərb praktikasında vahid press-kartların paylanması metodikasından istifadə edilir: “Bu, çox effektiv və müsbət tərəfləri olan təcrübədir. Məlumdur ki, vahid press-kartların özünün beynəlxalq standartları var. Bu standartlarla jurnalist akkreditasiyası olduğu təqdirdə xarici ölkələrdə də həmin press-kartla rahat şəkildə fəaliyyət göstərə bilər. Bu zaman onun hüquqları və peşə fəaliyyətindən irəli gələrək atacağı addımlar fəaliyyət göstərdiyi ölkə tərəfindən qorunur. Bu, çox vacib bir məsələdir. Yəni vahid vəsiqələr o standartlar səviyyəsində olduğu zaman başqa ölkələr tərəfindən də tanınır. Bu, məsələnin beynəlxalq tərəfidir.

Məsələnin ikinci tərəfi də var. Bu gün mediamızda jurnalistikanın peşə normalarına, prinsiplərinə uyğun gəlməyən, amma özünü jurnalist kimi təqdim edən kifayət qədər şəxslər var. Vahid jurnalist vəsiqələrinin verilməsi bizə dəqiq şəkildə o mənzərəni də yaratmağa da kömək edəcək ki, peşəkarlıq meyarlarına cavab verən nə qədər jurnalist fəaliyyət göstərir. Yəqin ki, vahid press-kartların verilməsi həm də müəyyən proseduralarla müşayiət olunacaq. Hesab edirəm ki, jurnalistikanın norma və prinsiplərinə uyğun şəkildə davranış nümayiş etdirən peşəkar media orqanlarının əməkdaşlarına vahid press-kartlar veriləcək. Məsələn, “Teleqraf” buna bir nümunədir”.

Mütəxəssis müasir dövrdə texnoloji imkanların yaratdığı problemlərdən də danışıb: “Bu gün texnologiya elə inkişaf edib ki, istənilən adam bir sayt açıb özünü jurnalist kimi təqdim edə bilər. Amma bu, heç də o demək deyil ki, o, jurnalistdir və jurnalistika ilə məşğuldur. Bu gün informasiya çeşidliliyi, “reket jurnalist” problemi var. Bu sistemin tətbiq edilməsi bizə eyni zamanda bu kimi problemlərin də aradan qaldırılmasında çox ciddi təkan verəcək. Bu səbəbdən ideya çox gözəldir və tətbiq olunması yerinə düşərdi”.

Vüqar Zifəroğlu deyir ki, informasiya və araşdırma sahəsində fəaliyyət göstərirlər blogerlərə də vahid jurnalist vəsiqəsi verilə bilər: “Bu gün dünyada sərbəst jurnalistika çox geniş şəkildə tətbiq edilir, o cümlədən bloger fəaliyyətləri. Bloger fəaliyyəti bu gün medianın ayrılmaz tərkib hissəsinə çevrilib. Xarici praktikaya nəzər yetirsək görərik ki, bəzi blogerlərin izləyicilərinin sayı hansısa professional bir media orqanının auditoriyası ilə eyni saydadır.

Bu mənada həmin bolgerlərin fəaliyyətinə qiymət verilərək onlara da bu press-kartlar veriləcək və verilməlidir də. Çünki müasir media yalnız ənənəvi KİV-dən ibarət olan bir sistem deyil”.
Vahid press-kartlar bu media orqanlarına veriləcək – Vüqar Zifəroğlu

Paylaş
Xəbər lentİ