“Atan üçün bu imtahanı verməlisən” - Şəhid jurnalistin ailəsindən REPORTAJ

Oxunma sayı: 269
2-09-2021, 08:41

“Atan üçün bu imtahanı verməlisən” - Şəhid jurnalistin ailəsindən REPORTAJ
Digər məktəbli ailələri kimi şəhid jurnalist Məhərrəm İbrahimovun da ailəsində yeni dərs ilinə hazırlıq gedir.



Arasdırma.info xəbər verir ki, MediaTürk TV yeni dərs ili ərəfəsində şəhid həmkarımızın ailəsi ilə görüşüb.



Məhərrəmin böyük oğlu Uğur bu il ikinci sinifdə oxuyacaq. Balaca Toğrul isə məktəbəqədər hazırlıq sinfinə gedəcək.



Şəhidin xanımı Bahar İbrahimovanın sözlərinə görə, Uğur bu il yeni məktəbdə dərsə başlayacaq. Uşaqların hər ikisi artıq gələcək peşələrini müəyyənləşdiriblər. Belə ki, Uğur həkim, Toğrul isə polis olacağını deyir.



Əminik ki, Məhərrəm İbrahimov kimi bir jurnalistin övladları, istədikləri hər şeyi əldə etmə əzminə sahibdirlər.



Şəhid jurnalistin qardaşı Əsgər bəy deyir ki, Məhərrəm uşaqlarına çox bağlı olub. Hətta 3-4 günlük məzuniyyətini də övladlarına həsr edirmiş.



Göründüyü kimi, Məhərrəm İbrahimov yalnız istedadlı jurnalist deyildi, həm də qayğıkeş ata olub. Mərhum həmkarımızın bacısı İradə xanımın dediyinə görə, Məhərrəm övladlarını Vətəni qədər sevirdi və onların layiqli vətəndaş kimi yetişməsi üçün əlindən gələni edirdi.



Artıq Uğur və Toğrul yay tətilinin son günlərini və yeni dərs ilinin həyəcanını yaşayırlar. Yəqin ki, bir neçə gün sonra məktəbə getmək üçün onların hər şeyləri tamamlanacaq: kitab, dəftər, çanta, qələm. Amma heç vaxt tamamlanmayacaq bir boşluq var: Atasızlıq...

Paylaş
Xəbər lentİ