Uşaqla videosu yayılan stomatoloq: “Hamı soruşur ki, dişi çəkdiniz, ...?” - VİDEO

Oxunma sayı: 253
30-12-2021, 23:44

Uşaqla videosu yayılan stomatoloq: “Hamı soruşur ki, dişi çəkdiniz, ...?” - VİDEO
Sosial şəbəkələrdə izlənmə rekordu qıran videodan yəqin ki, çoxlarının xəbəri var. Bəli, söhbət balaca oğlan uşağı ilə stomatoloqun maraqlı söhbətindən gedir.

Paylaşılan videogörüntülərdə uşağın həkimdən qorxduğu və ondan dişini çəkməməsini xahiş etdiyi görünür. Lakin videonun sonunda həkimin balacanın dişini çəkib-çəkmədiyi bilinmir.

Arasdırma.info xəbər verir ki, Cahantv.az-ın əməkdaşı sözügedən video ilə qısa müddətdə sosial şəbəkələrdə fenomenə çevrilən həkim-stomatoloq Fərman Əliyevlə əlaqə saxlayıb.
Həkim Quba rayonunda fəaliyyət göstərən tibb müəssisələrindən birində çalışır. Həmin balaca oğlanın isə adı Babadır.
F.Əliyev deyir ki, hər kəs bu balacanın Moti deyə çağırır:

“Uşaq həm də uzaqdan-uzağa bizə qohum düşür. Qubanın dağ kəndi olan Söhüb kəndindəndir. Dekabrın 27-də gəlmişdi yanıma. Daimi pasiyentimdir. Uşaq çox hazırcavab, sərbəst uşaqdı. Gələndən deyirdi dişimi çəkmə. Mənim özümə də maraqlı oldu, onunla dialoqumuzu telefonla çəkdim. Bəziləri elə bilir videonu anası çəkir, amma xeyr. Mən özüm çəkmişəm. Uşaq çox qorxurdu deyə, onun fikrini yayındırmağa çalışırdım ki, narahat olmasın”.

Həkim deyir ki, bu videonun sosial şəbəkələrə düşəcəyi və bu qədər sürətlə tirajlanacağını düşünməyib:

“Mən videonu çəkmişdim ki, evdə uşaqlara da göstərərəm. Ümumiyyətlə, uşaqları çox sevirəm. Elə öz uşaqlarımla da belə maraqlı videolar çəkirəm. Bu videonu “Whatsapp” hesabında “story” bölməsinə qoydum. Telefonumda olan 200-ə yaxın pasiyent, yoldaşlar, tanışlar hamısı bu uşaqla maraqlandı, videonu istədilər. Bir də gördüm ki, hamı deyir ki, nə şirin uşaqdı.

Mən paylaşandan bir saat keçməmiş hamı mənə yazdı ki, məşhur olmusan. El arasında desək, hamı dedi ki, “bərk gedən səhifələrdə” videomuz yayılıb. Bloqerlər yazdı ki, icazə verin paylaşaq. Belə-belə video kütləvi şəkildə yayıldı. Mən həkim olmasam belə, uşaqları sevərdim. Bu, mənim təbiətimdən irəli gəlir. Moti artıq fenomen oldu. Mən heç, həkiməm və işimi görmüşəm. Qeyri-adi bir şey etməmişəm”.

Sözügedən video barəsində müsbət rəylərə yanaşı, bir sıra psixoloqlar mənfi rəylər də yazıb. Bir qrup insanın videodan sonra həkimə “uşağa yalan danışmaq olmaz” deyərək irad tutması da diqqətdən qaçmadı.

F.Əliyev pasiyenti ilə dialoqunu psixoloji cəhətdən doğru qəbul etməyənlərə də münasit bildirib:

“Hamısını olmasa da, videoya gələn rəylərin bəzilərini oxumuşam. Bəzi psixoloqlar mənə irad tutur ki, uşağa yalan danışır, bu, düzgün deyil və s. Açığı, çox vaxtım olmur hər bir kəsin rəyini oxuyum, amma 99 faiz müsbət rəy yazıb. Amma dəxli oldu-olmadı mənfi rəy yazanlar da var. Heç bir uşaq qorxa-qorxa ona “mən sənin dişini çəkəcəm” deyib işinizi görə bilməzsiniz. Mənim iş prinsipim budur, effekt də verir. Mən orda uşaqla dialoq qurub, onun məndən qorxmaması üçün çalışıram”.

Əsas məsələ 6 yaşlı Motinin dişinin çəkilib-çəkilməməsidir ki, həkim deyir ki, sonda hər şey elə Motinin dediyi kimi olub:

“Rəylərdə hamı soruşur ki, uşağın dişini çəkdiniz, yoxsa yox? Xeyr, dişini çəkmədim. Elə Motinin dediyi oldu, dərman, pambıq qoyub, yola saldım, getdi (gülür)”.

Paylaş
Xəbər lentİ