“Tibbi sığorta haqqında” qanun müzakirə edildi - 4 mərhələli plan

Oxunma sayı: 561
25-11-2019, 13:42

“Tibbi sığorta haqqında” qanun müzakirə edildi - 4 mərhələli plan
2020-ci ildən etibarən İcbari Tibbi Sığorta mərhələli şəkildə tətbiq ediləcək.

Arasdırma.info xəbər verir ki, bunu Milli Məcılisdə çıxışı zamanı Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Komitə sədri əlavə edib ki, bu gün deputatların müzakirəsinə təqdim edilən "Tibbi sığorta haqqında” qanun layihəsi bu baxımdan əhəmiyyət daşıyır.

Akademik əlavə edib ki, ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı işlər aparılıb, pilot layihələr keçirilib, başqa ölkələrin təcrübəsi öyrənilib.

Onun sözlərinə görə, icbari tibbi sığorta Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial islahatların vacib komponenti, böyük sosial proqramdır: "Komitədə bu məsələni geniş müzakirə etdik. İcbari tibbi sığortanın 2020-ci ildən ölkə üzrə həyata keçirilməsi tam realdır. Bu prosesin mərhələli şəkildə həyata keçirilməsi mümkündür. Bunun üçün icbari tibbi sığortanın qanunvericiliyi olmalıdır. 20 il əvvəl qanun hazırlanıb. Bir il əvvəl qanunda 100-dən artıq dəyişiklik etdik. İndi təqdim edilən layihədə 8 maddəyə 126 əlavə və dəişikliklər təklif olunur”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zair Əliyev deyib ki, 2018-ci ilin dekabrında "Tibbi sığorta haqqında” qanuna dəyişikliyə edilib:

"Bu icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı olub. Biz tibb müəssisələrinin hazırlığına dair işlər görmüşdük. Ümumi baza sisteminin qurulması həyata keçirilib. Eləcə də inzibati quruculuq işlərinə dair məsələlər öz həllini tapıb. İstər tibb müəssisələrinin tibbi heyəti, istərsə də əhalimiz bu xidmətdən məlumatlı deyil, çünki əhali bu xidmətlərdən istifadə etməyib. Biz bunu pilot layihələri zamanı da gördük. Odur ki, prosesin mürəkkəbliyini, tibb müəssisələrinin maliyyələşməsinin köklü dəyişməsini nəzərə alaraq tibbi sığortanın mərhələli şəkildə tətbiqini təklif edirik. Birinci rübdə 20 rayonda icbari tibbi sığorta tətbiq ediləcək. Bu, şimal rayonlarıdır. İkinci rübdə qərb bölgəsini əhatə edəcək 17 rayonda proses başlanılacaq. Üçüncü rübdə cənub bölgəsini əhatə edən 14 rayonda da bu işlərə başlanılacaq. Dördüncü rübdə isə Bakı, Sumqayıt və Abşeronda icbari tibbi sığortanın tətbiqi ilə xidmət ölkə üzrə tam işləyəcək”.

Paylaş
Xəbər lentİ