Koronavirus tezisləri: banan da yemək olar, Çindən mal almaq da

Oxunma sayı: 476
29-01-2020, 16:32

Koronavirus tezisləri: banan da yemək olar, Çindən mal almaq da
Qorxunu dəf etməyin yolu həqiqi vəziyyəti dərk etməkdən keçir. Nə qədər qorxulu olsa da, bunları bilmək yerinə düşərdi

Koronavirusun, deyəsən, qorxutmadığı adam qalmadı. Gündəmdə bir mövzu var, o da bu dəhşətli virusdan necə yaxa qurtarmaq barədədir. Can şirin şeydir, bir az qorxu yarandısa, dünən ciddi kimi görünən hər bir məsələ arxa plana keçir. Sosial şəbəkə, "WhatsApp" qrupları, mətbuat və dövlət qurumları dayanmayan bir ritmdə koronavirusla bağlı prosesə qoşulublar.


Virus xaosu: Etirazçılar koronavirus xəstələrinin binasına od vurdular - VİDEO
Sualların cavabı da yoxdur. Çindən gələn mallar insan həyatı üçün nə dərəcədə təhlükəlidir? Bizim virusa tutulmaq şansımız nə qədərdir? Tutulsaq, hansı yolla müalicə almaq olar? Virus nə kimi sürətlə yayıla bilər? Banan vasitəsilə xəstəliyə tutula bilərikmi?

Qorxuya düşən vətəndaşlar, sosial şəbəkədə həqiqətə uyğun olmayan xəbər yayan qruplar adətən Çinin boşalmış küçələri, küçə, restoran və kafedə yıxılan insanları əks etdirən fotolar yaymaqla panikanı daha da gücləndirirlər. Qorxunu dəf etməyin yolu həqiqi vəziyyəti dərk etməkdən keçir. Nə qədər qorxulu olsa da, bunları bilmək yerinə düşərdi. Bəzi düşüncələri isə kiçik tezislər halında yazmağa dəyər.

Hər il elə küçədə getdiyi yerdə minlərlə insan infarkt, insult keçirir
- Çinin küçələri hazırda oradakı Yeni il bayramı ilə bağlı boşalıb. Dövlət müəssisələri, məktəblər işləmir. Hamı şənlənir. Təbii, karantinin də rolu olub. Küçədə yıxılan insanlara gəldikdə isə bunun nə səbəbdən baş verdiyini heç kim bilmir. Hər il elə küçədə getdiyi yerdə dünyanın müxtəlif yerində minlərlə insan infarkt, insult keçirir və dünyasını dəyişir.

Ölümün cəngindən qaçan tələbə: "Virusun olduğu şəhərlərdəkilər geri dönə bilmirlər" - FOTO

Banandan koronavirusa tutulmaq mümkün deyil
- Banan yeməklə koronavirusa tutulmaq xəbərini də "WhatsApp" qruplarında yayırlar. Banandan qarın ağrısına məruz qalmaq olar, amma koronavirusa tutulmaq mümkün deyil. Yəqin bu xəbəri ananas satanlar yayırlar.

Hər hansı bir malla xəstəlik qazanmaq mümkünsüzdür
- Çin məhsulları və Çinlə elektron ticarət mövzusu da ciddi müzakirə predmetidir. Yəni koronavirusa Çindən gələn hər hansı bir cihazla birgə tutulmaq şansı, demək olar sıfıra bərabərdir. Çin həkimləri artıq koronavirusun inkubasiya dövrünü də təyin ediblər. Bu 1-14 gündür. Yəni orta göstərici olaraq 10 günə virus özünü büruzə verməlidir. Deyək, bu gün xəstələnən insan Çindən başqa ölkəyə getməyə qərar versə, xəstə olduğunu ən yaxşı halda 1 həftə sonra biləcəyik. Bu dövrdə o, başqa insanları özü də bilmədən xəstələndirə bilər. Amma virus özünə ideal bir mühit olan insan bədənində 2 həftə yetişib üzə çıxır. Əgər hər hansı bir əşyanın üzərinə düşsə, yaşamaq şansı nə qədərdir? Uzaqbaşı 2 gün. Əlbəttə, Sibir xorasının yaşamaq şansı daha çox olsa da, koronavirus yad mühitdə tezliklə məhv olacaq. Eynilə də Çin mallarında baş verir. Bu xəstəliyin virusu insanla yox, malların tərkibində Azərbaycana gələnəcən uzun zaman ötür. 2 həftə, 20 günə güclə gəlib çatır. Hətta təyyarə ilə gəlsə belə, yenə nə qədər zaman ötür. Hər hansı bir malla xəstəlik qazanmaq mümkünsüzdür.

Dəhşətli virusun qurbanları sürətlə artır – Xəstəlik daha bir ölkəni vurdu
Bir koronavirus xəstəsi 1,4-2,5 insanı xəstələndirə bilər
- Xəstəlik nə sürətlə yayılır? Xəstəliyin R0 (“R sıfır”) göstəricisi 1,4–2,5-dir. Adi qripdə bu göstərici 1,2, vaxtilə 25 milyon insanın ölümünə səbəb olmuş “ispan” qripində 2,8, bizim adi xəstəlik kimi qəbul etdiyimiz qızılcada 12-18-dir. Loru dilində desək, bir koronavirus xəstəsi 1,4-2,5 insanı xəstələndirə bilər. Məlumatı Ümumdünya Səhiyyə Təşkilatının rəsmi səhifəsindən əldə etmək olar.

Xəstədə koronavirus olduğu şübhəsi yaransa, bunu yoxlamağa imkanı yoxdur
- Xəstəliyin məhz koronavirus olduğunu necə müəyyən edə bilərik? Hər bir xəstəliyi təyin etməyin yolları var. Həkim bir dəqiq diaqnozu vermək üçün ilkin göstəricilərə baxır, sonra müəyyən analizlər təyin edir. Deyək, zahiri əlamətlərə baxaraq xəstədə hepatit C olduğunu güman edirsə, deməli xəstə mütləq müvafiq testdən keçməlidir. Əgər aşkarlansa, uyğun müalicə təyin ediləcək. Hər hansı bir azərbaycanlı həkimin xəstədə koronavirus olduğu şübhəsi yaransa, bunu yoxlamağa heç bir imkanı yoxdur. Virus təzədir, yalnız Çin həkimləri onu test etmək sistemini qurublar. Bir də yəqin ABŞ-da belə test sistem var. Çox yəqin belə test sistemlər Avropa Birliyində, Yaponiya, Kanada, Rusiya və Cənubi Koreyada tezliklə əmələ gələcək. Amma bizdə hələ yoxdur, çinlilər versə, olacaq. Hələlik yoxdur, deməli, kimdəsə koronavirus olduğunu çətin təyin edək.

Koronavirus əleyhinə peyvənd hazırlandı

Hələlik, ona qarşı heç bir peyvənd yoxdur
- Xəstəliyi müalicə etmək olarmı? Hələlik, ona qarşı heç bir peyvənd yoxdur. Dünyanın aparıcı laboratoriyalarında, çox yəqin, iş aparılır. Yəni peyvəndin hazırlanması üzərində iş gedir. Hollivud filmlərində bəzən bu tip xəstəlikdə peyvəndi bir neçə günə hazırlayırlar. Məsələn, dünya şöhrətli Dastin Xofmanın iştirakı ilə çəkilmiş “Epidemiya” filmində əsas məsələ ABŞ-a təsadüfən düşmüş, özü də dəhşətli virusun daşıyıcısı olan meymunu tapmaq lazımdır. Yalnız onun qanından hazırlanan vaksin minlərlə insanın həyatını xilas edə bilər. Filmin sonunda elə də olur, meymun tapılır, məhlul hazırlanır, insanlar xilas edilir. Reallıqda ən yaxşı halda belə bir peyvənd yarım ilə hazır ola bilər. Yarım il də təcrübələrə sərf edilsə, deməli 1-1,5 ilə tələb olunan dərmanı ala biləcəyik. Əlbəttə, bu xəstəlik bioloji silahın bir növü olsa, deməli artıq peyvənd də hazır olmalıdır. Bu halda peyvənd bir neçə aya ortaya çıxa bilər. Çinlilər peyvəndi yoxlamadan da istifadə edə bilərlər. Tez hazırlayıb elə birbaşa insanlara vurmaqla yoxlamaq olar. Koronavirusa qarşı təklif edilən istənilən dərmanın heç bir mənası yoxdur. Bu yalnız kiminsə pul qazanmaq istəyini reallaşdırmaqdan başqa bir şey deyil.

Zavallı "Pekin ördəyi", dili olsa, sizdənəm deyər və ya Çin restoranları qorxuludurmu?
Elə adi sətəlcəm, qripdə olan kimi çoxlu maye qəbul etmək yerinə düşər
- Nə edə bilərik? Azərbaycan səhiyyəsinin imkanları bəllidir. Xəstəliyi dəqiq təyin etmək üçün hələlik test sistemləri yoxdur. Hətta həkimlərin özünü qoruma vasitələri də Çindən gəlir. Ciddi karantin tədbirləri görmək üçün də elə böyük xəstəxanalarımız yoxdur. 20-30 adamı yerləşdirərik, 1000 adamı isə yox. Bir fərd olaraq, ailə qarşısında məsuliyyət daşıyan valideyn kimi bəzi tədbirlər görə bilərik. Yaşadığımız mənzilin havasını daim dəyişmək lazımdır, bir müddət insanların sıx toplandığı yerlərə gərək getməyək. Xüsusilə də uşaqları bu baxımdan qoruyaq. Elə adi sətəlcəm, qripdə olan kimi çoxlu maye qəbul etmək yerinə düşər. Dərman otlarından hazırlanmış çaylar da yerinə düşər. Bir sözlə immuniteti gücləndirən hər vasitə yararlıdır.

Koronavirus epidemiyasına qarşı İşçi qrupu yaradılacaq
Xəstəxanalarda koronavirusa görə xüsusi palatalar hazırlanacaq

- Azərbaycan hökuməti də bəzi tədbirlər görməkdədir. Məsələn, Azərbaycanda Səhiyyə nazirinin rəhbərliyi və aidiyyəti qurumların iştirakı ilə koronavirus epidemiyasına qarşı İşçi qrupu yaradılacaq. Bununla bağlı yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabinetində keçirilən müşavirədə qərar qəbul olunub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də koronavirusla bağlı nəzarət tədbirlərini gücləndirib. Ölkə ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çin Xalq Respublikasından Azərbaycana diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb. Azərbaycanın sərhəd-keçid məntəqələri koronavirus epidemiyasına görə gücləndirilmiş iş rejiminə keçib.

Bir sözlə, mümkün olan bütün işlər görülüb. Bircə qalıb ümid Allaha. Çünki koronavirus quş və donuz qripi, ebola kimi xəstəliklərdən heç də təhlükəli deyil. Sadəcə onlarla müqayisədə hələlik yeni və anlaşılmazdır. Qorxu və təlaşı kənara qoyub bacardığımızı etməliyik. Bəlkə bu dəfə də bizdən ötər.


Paylaş
Xəbər lentİ