"Qaydalar daha da sərtləşdirilməlidir" - Tanınmış həkim

Oxunma sayı: 678
28-07-2020, 06:03

"Qaydalar daha da sərtləşdirilməlidir" - Tanınmış həkim
Koronavirus dünyada elə bir bəlaya çevrilib ki, insanın kimliyinə, milliyyətinə, dininə, irqinə, siyasi və sosial statusuna baxmır.

Hazırda 650 mindən çox adam epidemiyanın qurbanı olub. Onlardan 417 nəfəri Azərbaycanın payına düşür. Bu rəqəmin artacağı istisna deyil.

Elə bir gün olmur ki, ölkədə infeksiyadan kimsə dünyasını dəyişməsin. Doğrudur, yoluxma sayında azalma var, sağalanlar artıb, amma ölənlər gündəlik 6-10 nəfər civarında dəyişir.

Bu vətəndaşlar arasında vəzifəlilər də var. Son olaraq, Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat İmtahan İdarəsinin rəisi, polkovnik İlham Rəcəbovu qeyd etmək olar. Polkovnik koronavirusdan dünyasını dəyişib. O, vəziyyəti ağırlaşdığı üçün hətta Türkiyəyə də aparılmışdı. Ancaq onu həyata qaytarmaq mümkün olmadı...

Eyni zamanda, virusa yoluxanlar sırasında icra başçıları, müavinləri, Prezident Administrasiyasının, müxtəlif nazirliklərin əməkdaşları, polislər, həkimlər və iş adamları var. Onlar özlərini heç bir vəchlə xəstəlikdən qoruya bilməyiblər.

Tibb elmləri üzrə professor Adil Qeybullanın “Yeni Müsavat”a bildirdiyinə görə, koronavirus kasıba, varlıya baxmır.

Onun fikrincə, xəstəliyə yoluxmasını az gözləyənlərin koronavirusa tutulmaq şansı yüksək olur: “Ola bilsin ki, həmin vəzifəli şəxs yas yerinə gedib, yaxud kiminləsə təmasda olub. İnsanlar gözləməlidirlər ki, xəstəlik adamı hər an yaxalaya bilər. Ona görə özlərini qorumalıdırlar”.

A.Qeybulla hesab edir ki, avqustun 5-dən sonra sərt karantin rejimi yumşalsa belə, ictimai yerlərdə qorunma ilə bağlı qaydalar, davranış sərtləşməlidir:

“Karantin yumşalsa belə, bayırda maska taxmaq, sosial məsafəni gözləmək, kafedə karantin qaydalarına riayət olunmasına nəzarət dirilməlidir.

İnsanlar bilməlidirlər ki, karantin rejiminin yumşalması xəstəliyin tamamilə yox olması anlamına gəlmir".

Professor karantinin yumşalması fikrini dəstəkləyir, çünki insanlar evə qapanmaqdan yorulublar: “Ancaq hər kəs bilməlidir ki, virus kasıba, varlıya fərq qoymur, küçədə maska taxaraq gəzməlidirlər, sosial izolyasiyaya əməl etməlidirlər”.

Bu arada həkim-terapevt Məlahət İsayeva deyib ki, koronavirus pandemiyası ilə əlaqədar insanların qapalı mühitdə qalmaları onlarda stress, gərginlik, panika yaranmasına səbəb olur.

“Karantin müddətinin uzanması isə ürək-damar sistemində problemlərə, hətta ürək tutmalarına gətirib çıxara bilər. Belə halların qarşısını almaq üçün insanlar aktiv həyat tərzi yaşamalıdırlar.

Uzun müddət evə qapanıb qalmaq orqanizmə ziyandır. İnsanlar rayonlara gedə, dost-qohum evinə baş çəkə bilmirlər. Bütün günü evdə oturmaq, qeyri-aktiv həyat tərzi keçirmək piylənməyə səbəb olur.

Təəssüf ki, insanlar mövcud şəraitə görə qədərindən artıq şirin, yağlı qidalara, xəmir yeməklərinə, qazlı içkilərə üstünlük verirlər", - deyə terapevt vurğulayıb.

M.İsayeva bildirib ki, əlverişsiz mövcud şərait böyüklərlə yanaşı, uşaqlara da mənfi təsir edib: “Bəzən həyətdə oynayan uşaqları izləyirəm. Görürəm mübahisə edirlər, vuruşurlar. Böyük insanlar da əsəbidir. İşsizlik, gəlirlərin azalması ürək-damar sisteminə təsir edir.

Ürək-damar sistemində sıxılmalar baş verir, atreskleroz əmələ gəlir. Damar daraldıqca, insanın qan-damar sistemində durğunluq yaranır.

Bu isə ürək tutmalarına səbəb olur. Ona görə də düşünürəm ki, sərt nəzarətlə bərabər karantin rejiminin yumşaldılması yaxşı olardı.

İnsanlara zorla nəyisə başa salmaq mümkün deyil. Ehtiyacı olan şəxslərə maskalar paylanmalıdır".

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının Baş katibi Tedros Adhanom Qebreyesus bədbin proqnoz verib. Onun dediyinə görə, yaxın gələcəkdə əvvəlki normal həyata qayıdış əsla mümkün olmayacaq.

ÜST-dən verilən başqa bir açıqlamada isə COVID-19 xəstəliyinə qalib gəlmiş insanların ikinci dəfə infeksiyaya yoluxub-yoluxmamasının tam cavabının olmadığı bildirilib.

İndiyədək ölkədə ümumilikdə 30 050 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22 684 nəfər müalicə olunaraq sağalıb, 417 nəfər vəfat edib, 6 949 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Paylaş
Xəbər lentİ