"Almaniya hökuməti Müsavat Partiyasının bağlanmasıyla bağlı Azərbaycan hökuməti qarşısında məsələ qaldıra bilər" - Rauf Arifoğlu "siyaci mühacir" biznesinin — GİZLİNLƏRİNDƏN DANIŞDI

Oxunma sayı: 393
20-11-2019, 18:49

"Almaniya hökuməti Müsavat Partiyasının bağlanmasıyla bağlı Azərbaycan hökuməti qarşısında məsələ qaldıra bilər" - Rauf Arifoğlu "siyaci mühacir" biznesinin — GİZLİNLƏRİNDƏN DANIŞDI
Müsavat Partiyasının başqanı Arif Hacılı Almaniyada mühacir biznesi və bu hadisələrdə partiyanın adının hallanması ilə bağlı keçirdiyi mətbuat konfransında bəzi müxalifət partiyaları ilə yanaşı, “Yeni Müsavat” qəzetini sifarişli kampaniya aparmaqda ittiham edib.
Məsələ ilə bağlı “Yeni Müsavat” media strukturunun rəhbəri, eyni zamanda 20-ci əsrin sonunda Müsavat Partiyasının yenidən bərpa olunaraq fəaliyyət göstərməsində müstəsna rola malik şəxslərdən olan Rauf Arifoğlu ilə əlaqə saxlayaraq yaranmış duruma aydınlıq gətirməyə çalışdıq.

- Rauf bəy, bildirmisiniz ki, faktlar təsdiq olunarsa, Almaniya hökuməti Müsavat Partiyasının bağlanması ilə bağlı Azərbaycan qarşısında tələb qaldıra bilər. Bu nə qədər realdır?

- Saxta siyasi mühacir biznesi ilə bağlı Müsavat Partiyasına qarşı irəli sürülən iddialar təsdiqni taparsa, təbii ki, partiyanın bağlanması ilə Almaniya hökuməti Azərbaycan hökuməti qarşısında belə bir məsələ qaldıra bilər. Artıq ortada sənədlər, faktlar mövcuddur. Çünki Almaniyaya qarşı cinayət işlənilib. Saxta mühacirət Avropa dövlətləri tərəfindən qəbulolunmaz, ağır cinayət hesab olunur. Artıq bu faktla bağlı Almaniyada saxlanınlan Müsavat yetkililəri var. Təşkilatın rəhbərlərindən həbsdə olanı və istintaqa cəlb olunanları var. Bu faktlar yekunda təsdiqini taparsa, təbii ki, Müsavat Partiyasını bağlanma təhlükəsi gözləyir.

- Bəs proseslərin bu istiqamətdə inkişaf etdiyi bir zamanda müsavatçılıq ideologiyasına sadiq insanlar, xüsusən də 1989-cu ildən bu partiyanın yenidən siyasi səhnəsinə qayıdışında müstəsna rolu olan insan kimi Siz, bu duruma biganə yanaşacaqsınızmı? Müsavatı xilas etmək üçün addımlar atmayacaqsınızmı? Burada söhbət bu gün partiyaya rəhbərlik edən şəxslərdən yox, müsavatçılıq ideologiyasından gedir. Bu ideologiyaya dəyən mənəvi zərbədən xilas etməyəcəksinizmi?

- Mən Müsavat Partiyasından getsəm də, müsavatçılıqdan getməmişəm. 30 il əvvəl mən “Yeni Müsavat” brendi ilə siyasətə girmişəm, bu brend indi də məndədir. Təbii ki, belə bir ehtiyac yaranacağı təqdirdə addım atacağıq. Artıq müsavatçılığa və Müsavat Partiyasının adının ciddi zərbə altında olduğunu görürük.

Bu gün Arif Hacılının Müsavat Partiyasına və müsavat adına vurduğu zərbə təxminən 1920-ci ildə sovet Rusiyasının vurduğu zərbə ilə müqayisə etmək olar. Onlar da partiyanı darmadağın etdilər, Arif Hacılı da qurduğumuz, həyatımızın mənasını qoyduğumuz partiyanı, onun yaratdığı ulduzları, brendlərin hamısını darmadağın etdi. Bir qrup adamla Müsavat adından öz məqsədləri, biznesləri üçün istifadə etdilər və etməkdədirlər. Onu da deyim ki, hazırda müsavatçılıq ideologiyasına sadiq olanlar Müsavat Partiyası ətrafında yaranan durumdam narahatdır və yaranmış durumu müzakirə etməkdəyik. Müzakirələrin hansı nəticəni verəcəyini bəri başdan deyə bilmərəm. Amma müdaxilələr olacaq.

- Yəni yaranmış böhranlı durum müzakirə edilməkdədir?

- Əlbəttə. Hətta bu gün təşkilatın özünün içindən artıq bizlərə təpkilər, mesajlar, təkliflər gəlir ki, prosesə müdaxilə edib, Müsavat Partiyasını üzləşdiyi böhrandan xilas edək. Amma bunlar hamısı qaydalara uyğun şəkildə olmalıdır. Partiyanın Nizamnaməsi var. Bu yaxınlarda partiyanın qurultayı keçirilib və rəhbərlik seçilib. Təəssüf ki, Arif Hacılı yenidən sədr seçilib. Amma qarşıdakı dönəmdə təhlükəli vəziyyət davam edərsə, prosesə mütləq müdaxilə olunacaq. Baş verənlərə laqeyd və müşahidəçi qismində yanaşılmayacaq.

- Əslində Arif Hacılı keçirdiyi mətbuat konfransında mühacir biznesini dolayısı ilə etiraf edib. Bununla bağlı əvvəllər də məlumatlar var idi, hətta prokurorluqda cinayət işi də açılmışdı. Bununla bağlı nə deyə bilərsiniz?

- Biz Müsavatın mühacir biznesi ilə bağlı fəaliyyətini alman polisindən də əvvəl bilirdik. Bu barədə yazılar, məqalələr dərc olunub. Bizdə Alman polisinə məlum olmayan faktlar var. Hatta düşünürük ki, bu faktlar təqdim olunsun-olunmasın. İnanın ki, orta səviyyəli müsavatçılar Arif Hacılının bu biabırçı fəaliyyətindən xəbərdar idilər. Arif Hacılı bu təşkilatın sədri seçilməmişdən öncə bu işlə məşğul idi. Avropanın müxtəlif ölkələrinə saxta arayışlarla heç bir əsas olmadan pul və maddi maraq əsasında insanları mühacirətə göndərirdilər. Müsavatçı olsa belə, onlara guya təhlükədə olmaları ilə bağlı arayış verilirdi ki, gedib Avropada məhkəmələrində rahatca mühacir statusu qazana bilsinlər.

- Əlinizdəki faktları təqdim etmək niyyətiniz varmı?
- Onu düşünürük. Lakin hesab edirik ki, faktları təqdim etmək Müsavat Partiyasının üzləşdiyi durumu daha da çətinə sala bilər. Çünki Almaniya hökuməti Arif Hacılını yox, Müsavat Partiyasını tanıyır.
Müsavat Partiyasının onlarla bu faktı təsdiq edəcək faktlar, məktublar, sənədlər var. Özü də bir deyil. Onların sayı onlarladır.

- Rauf bəy, deyirsiniz ki, bu cür ciddi faktlar var, digər tərəfdən bununla yanaşı, təşkilatın siyasi iflasını sürətləndirilən siyasət yürüdülür, ciddi addımların atılmasının zamanının yetişməsindən xəbər vermirmi?

- Belə bir addımı atmaq elə də rahat və asan məsələ deyil. İctimai rəydə fərqli qarşılanması ola bilər. Siz bu insanların necə çığır-bağırçı olduğunu da məndən yaxşı bilirsiniz. Odur ki, atılan addımlar hesablanmalıdır. Elə etmək lazımdır ki, Müsavat Partiyasına faydası olsun. Proses dalana dirənməsin və ya daha pis vəziyyətə düşməsin. Bir də bizim məqsədimiz Arif Hacılı kimi təşkilata rəhbərlik etmək deyil, müsavatçılıq ideologiyasına dəyən ziyanı aradan qaldırmaqdır. O məfkurəyə və dəyər yüksəkliklərə qaldırmaqdır.

Bu günkü fakt isə ondan ibarətdir ki, əmənatə xəyanət olunub. Məmməd Əmin Rəsulzadə adı ləkələnib. Bunu edən də Arif Hacılı və onun dəstəsidir. Bu həm tarixi, həm hüquqi cinayətdir.

Hesab edirəm ki, Azərbaycan hökuməti də çox gözləmədən faktla bağlı hərəkətə keçməlidir. Ortada Müsavat və Azərbaycan adına ləkə dəyib. Buna eyni zamanda müxalifətin digər düşərgəsi də münasibət bildirməlidirlər. Ona görə ki, bu həm də bütövlükdə müxalifət adına bir ləkədir. Son günlərdə Avropadakı mühacirətin tərkibini görürsünüz. Hamısı saxta yolla Avropaya göndərilib və Azərbaycan qarşı istifadə olunmaqdadırlar. Bu biabrıçılıq kimə lazımdır?

Bir qrup adamın cibinə pul girəcək deyibən Azərbaycan niyə, bu, hala salınamlıdır. Bunlar ciddi cinayət əməlidir.

- Hesab edirsiniz ki, Azərbaycan hökuməti bununla bağlı ciddi addıma atmalıdır?

- Bəli. Artıq kimsə deyə bilməz ki, buna görə müxalifət təqib olunur. Məsələ ilə bağlı Almaniya polisi prosesə girişib və iki ciddi adam həbs olunub. Cinayətləri sübuta yetirilərsə, onları 10 ilədək həbs cəzası gözləyir. Bu ağır cinayətdir. Daha 6 müsavatçı Almaniyada istintaqa cəlb olunub. Mən zamanında partiyaya rəhbərlik edən adamlardan biri kimi orada nə baş verdiyini yaxşı bilirəm. Oradakı ən xırda gizli qruplardan və proseslərdən xəbərdaram. Bunları sübut edə bilərəm. Alman polisinin apardığı araşdırma yaxın zamanda başa çatacaq və onlar hüquqi cəhətdən ifşa olunacaq. Odur ki, hazırda Müsavatda bu işlə məşğul olanlar vahimə içərisindədirlər.

O baxımdan Azərbaycan hökuməti də gözləməməlidir. Hüquq-mühafizə orqanları bununla bağlı 3-4 il əvvəl başlatdıqları cinayət işini cəsarətlə davam etdib yekunlaşdırmalıdırlar. Prokurorluqda bu cinayət işi açılıb faktlar var, sadəcə olaraq siyasi tələblərə görə qətiyyətli addım ata bilmirlər. Deyəcəklər ki, Azərbaycan da müxalifət təqib olunur. Müxalifətçilər həbs edilir.

Bunlar heç müxalif lider də deyil, fırıldaqçılarıdr. Fırıldaqçılar barəsində də tədbir görülməlidir.

Paylaş
Xəbər lentİ