Erməni jurnalistlərlə görüş... – Gəncəliyev bəyanat yaydı

Oxunma sayı: 408
26-11-2019, 11:52

Erməni jurnalistlərlə görüş... – Gəncəliyev bəyanat yaydı
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev bəyanat yayıb.

Arasdırma.info Axar.aza istinadən bəyanatın mətnini təqdim edir:

"Məlum olduğu kimi, Azərbaycan və Ermənistandan, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan bir qrup jurnalist bu günlərdə qarşılıqı səfərlər ediblər. Səfəri ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun Bakı, İrəvan və Xankəndidə olan nümayəndələri təşkil ediblər.

Səfər müddətində erməni jurnalistləri azərbaycanlı həmkarları, vətəndaş cəmiyyəti nümayəndələri və tədqiqat mərkəzləri ilə görüşlər keçirib, ölkəmizdə sərbəst və sülh şəraitində fəaliyyət göstərən pravoslav rus, yəhudi, katolik kilsələləri ilə tanış olublar, ASAN Xidmət, DOST Mərkəzində, Gəncə və Quba şəhərlərində olublar. Həmçinin, erməni jurnalistlərin Bakının mərkəzində - erməni dilində olan kitabları ilə birlikdə qorunan - erməni kilsəsi ilə tanış olublar.

Erməni jurnalistləri ilə görüşlərdə Dağlıq Qarabağın azərbaycanlı icması da iştirak edib.

Erməni jurnalistlər Azərbaycanın inkişafı, ölkəmizdə mövcud olan multikultural mühit, sülh və sabitlik, dövlətin vətəndaşa göstərdiyi xidmətlər, regionların çiçəklənməsini öz gözləri ilə görüb və tanış olublar.

Azərbaycanlı jurnalistlər isə ATƏT-in nəqliyyat vasitəsində Ermənistana və işğal altında olan Şuşa və Xankəndi şəhərinə səfər edib, Dağlıq Qarabağın erməni icması ilə görüşüb və müzakirələr aparıblar.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan jurnalistin Bakı, Gəncə və Qubaya səfəri, Azərbaycan jurnalistlərinin Şuşa və Xankəndi şəhərlərinə səfəri və yerli erməni icması ilə görüşləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqa töhfədir.

Biz həmişə Azərbaycan Respublikasının Dağlıq Qarabag bölgəsinin azərbaycanlı və erməni icmaları arasında dialoqu, dinc yanaşı yaşayışı dəstəkləmişik və təşviq etmişik. Sözügedən səfər və görüşlərə də məhz bu baxımdan yanaşırıq".

Paylaş
Xəbər lentİ