İlham Əliyev 3 sərəncam imzaladı

Oxunma sayı: 405
9-12-2019, 17:09

İlham Əliyev 3 sərəncam imzaladı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli 255 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

ARASDIRMA.İNFO sərəncamın mətnini təqdim edir:

“Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli 255 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1337) 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Bakı şəhəri Suraxanı rayonunun on yeddi min səkkiz yüz nəfər əhali yaşadığı Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,8 milyon (yeddi milyon səkkiz yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əlişir Musayevin 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub:

“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Əlişir Veys oğlu Musayev 3 cü dərəcəli “Əmək” ordeni ilə təltif edilsin”.

Paylaş
Xəbər lentİ