Goranboyda da saxlanılanlar var? - İcra Hakimiyyətindən AÇIQLAMA

Oxunma sayı: 449
20-12-2019, 17:17

Goranboyda da saxlanılanlar var? - İcra Hakimiyyətindən AÇIQLAMA
Sosial şəbəkələrdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin tutulmasından sonra onun bundan öncə icra başçısı olduğu Goranboy rayonunda da saxlanılanların olduğu barədə məlumat yayılıb.

Bildirilir ki, saxlanılanlar içərisində Nizaməddin Quliyevin Goranboyda icra başçısı olduğu zaman onun birinci müavini vəzifələrində çalışmış Baxış Abdullayev və Elçin Cahangirovin fəaliyyəti barədə də araşdırmalar aparılır. Onlarla bərabər N.Quliyevin pul yığanı kimi tanınan Yalçın adlı şəxsin də saxlanıldığı bildirilir.

Məlumatı dəqiqləşdirmək üçün əməkdaşımız Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

Məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Faiq Muradov Modern.az-a açıqlama verib.

“Hələlik bu saata qədər dediyiniz məsələ ilə bağlı, bizə heç bir rəsmi məlumat verilməyib. Ümumiyyətlə, Goranboy rayonu ilə bağlı həbs qətimkan tədbiri həyata keçirilməyib. DTX əgər onların həbsi ilə bağlı qərar veriblərsə, biz onu bilə bilmərik.

Ancaq dəqiq deyə bilərəm ki, Goranboy Rayon İcra Hakimiyyətinə belə məlumat daxil olmayıb.Yəni yalnış informasiyadır.Yalçın adlı şəxs ümumiyyətlə bizim icra hakimiyyətinin işçisi olmayıb.Yəni məmur olmayıb, şəxsi bizneslə məşğul olur.

Özü də idmanla məşğul olub. İndi onun Nizaməddin müəllimlə əlaqəsi olub, ya olmayıb bu bizi maraqlandıran məsələ deyil. Baxış Abdullayev hazırda iş başındadır, özü də sığorta idarəsinin müdiri vəzifəsində çalışır. Elçin Cahangirov əvvəl Nizaməddin Quliyevin müavini olub. Hazırda Goranboy İcra Hakimiyyətinin əmlak komitəsi üzrə məsul katibi vəzifəsində işləyir. O da hazırda işinin başındadır”.

Qeyd edək ki, Baxış Abdullayev 2015-ci ilədək Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Daha sonra bu vəzifəyə Elçin Cahangirov gətirilib. 2019-cu ilin may ayında Goranboyun yeni icra başçısı Məhərrəm Quliyev E.Cahangirovu birinci müavin vəzifəsindən azad edib.

Xatırladaq ki, Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Ölkə başçısının 5 aprel 2019-cu il tarixli sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən N.Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

N.Quliyev dünən iş otağında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən rüşvət və korrupsiya ittihamları ilə saxlanılıb.

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla N.Quliyev Ağstafa Rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilib.

Paylaş
Xəbər lentİ