Vəzifəmi icra edə bilmərəm, məzuniyyətə çıxacam - Başçı

Oxunma sayı: 459
29-12-2019, 00:04

Vəzifəmi icra edə bilmərəm, məzuniyyətə çıxacam - Başçı
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun YAP-ın deputatlığa namizədlər siyahısında adının olması qanunvericiliklə necə tənzimlənir?

Bu barədə Axar.az-a açıqlama verən “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Seçki Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən və deputatlığa namizədliyi qeydə alınmış şəxslər xidməti vəzifəsindən 3 gün müddətində azad edilməlidir:

“Seçki Məcəlləsi bu məsələni tənzimləyir. Hər bir şəxs əgər deputatlığa namizədliyini irəli sürürsə, üzərinə öhdəlik götürür ki, namizədlik və deputat statusu ilə bir araya gəlməyən vəzifəsindən imtina edəcək. Burada yalnız və yalnız Milli Məclisin deputatları, bələdiyyə üzvü və Prezident istisnalıq təşkil edir. Bu səbəbdən icra başçısı deputatlığa namizəd kimi qeydə alınıbsa, 3 gün müddətində xidməti vəzifəsini dayandırmalıdır. Əks halda namizədlər arasında bərabərlik hüququ pozula bilər. Eyni zamanda namizədliyini verərkən belə tabeçiliyində olan şəxslərdən imza toplama və ya digər şərtlərlə bağlı istifadə etməsi və hətta ona icra başçısı olduğu üçün verilən xidməti avtomobili sürməsi də qadağandır. Onun seçilməyəcəyi təqdirdə yenidən icra başçısı vəzifəsini yerinə yetirməsi üçün qərarı isə artıq səlahiyyətli şəxslər müəyyənləşdirəcək”.

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi irəli sürülən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov isə saytımıza açıqlamasında bildirib ki, YAP-ın qərarı Kəlbəcər rayon təşkilatına göndərildikdən dərhal sonra ərizə yazaraq icra başçısı kimi vəzifəsini müvəqqəti dayandıracaq:

“Təbii ki, bu seçki ərəfəsində mən icra başçısı vəzifəsini yerinə yetirə bilmərəm. Siyahı Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayon təşkilatına təqdim edildikdən dərhal sonra müvəqqəti olaraq ya öz hesabıma, ya da qanuni məzuniyyətə çıxacağam. Parlament seçkiləri bitdikdən sonra isə nəticəyə uyğun olaraq addım atacağam”.

Paylaş
Xəbər lentİ