İlham Əliyev 4 sərəncam, 7 fərman imzaladı

Oxunma sayı: 411
30-12-2019, 00:15

İlham Əliyev 4 sərəncam, 7 fərman imzaladı
Prezident İlham Əliyev Yunəyirici-boyaq fabrikinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

1. Yunəyirici-boyaq fabrikinin tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.24.13-cü yarımbəndində göstərilmiş məbləğin 17 535 600 (on yeddi milyon beş yüz otuz beş min altı yüz) manatı "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev T.Y.Rəfiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan müdafiə sənayesinin inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Yusuf oğlu Rəfiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun 110 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi xalq artisti Leyla Bədirbəylinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri 12 384 088,2 min manat, xərcləri isə 11 589 910,3 min manat məbləğində təsdiq edilsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Sıra

№-si

Gəlir mənbələri

Gəlirlərin məbləği

(min manat)

2.1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

10 563 404,5

2.2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişləri

4 692,0

2.3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

19 380,0

2.4.

Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər

1 031 271,7

2.5.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar

765 340,0

Cəmi

12 384 088,2

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

Sıra

№-si

Xərc istiqamətləri

Xərclərin məbləği

(min manat)

3.1.

Məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

200 000,0

3.2.

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi

11 350 000,0

3.3.

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi

10 000,0

3.4.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

29 910,3

Cəmi

11 589 910,3

4. “2020-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” təsdiq edilsin (əlavə olunur).

5. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətini təkmilləşdirmək və təhsil sisteminin müasir tələblərə uyğun davamlı inkişafını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

2. “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi” təsdiq edilsin.

3. Təhsildə Keyfiyyət Təminatı Agentliyində (bundan sonra - Agentlik) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyənləşdirilməsi, onlarda dəyişiklik edilməsi;

3.1.2. Agentliyin yenidən təşkili və ləğv edilməsi;

3.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə:

3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində Agentliyin inzibati bina ilə təmin olunması üçün müvafiq tədbirlər görsün, zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Təhsil Nazirliyi:

5.1. Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

5.2. Agentliyin strukturunu, işçilərinin say həddini və əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla təsdiq etsin;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 69, № 4, maddə 656) 8.5-ci bəndi ləğv edilsin”.

***

Prezidentin imzaladığı digər fərmanlar isə aşağıdakı kimidir:

“İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə;

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi haqqında Əsasnamənin və Agentliyin strukturunun təsdiq edilməsi barədə” 2012-ci il 28 noyabr tarixli 752 nömrəli və “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 26 dekabr tarixli 794 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə;

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” 2014-cü il 9 sentyabr tarixli 249 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” 2014-cü il 9 sentyabr tarixli 250 nömrəli, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” 2014-cü il 9 sentyabr tarixli 251 nömrəli və “Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” 2015-ci il 5 iyun tarixli 545 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında;

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” 2013-cü il 16 may tarixli 899 nömrəli, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında;

Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli və “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2014-cü il 9 sentyabr tarixli 248 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə;

Paylaş
Xəbər lentİ