Prezident Xətainin heykəlinin köçürüldüyü parka baş çəkdi – Fotolar

Oxunma sayı: 353
2-03-2020, 21:35

Prezident Xətainin heykəlinin köçürüldüyü parka baş çəkdi – Fotolar
Martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parkda olub.

Prezident Mərkəzi Neftçilər Xəstəxanasının yanında Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parka gəlib.

Dövlətimizin başçısı heykəlin önünə gül dəstələri qoyub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov burada görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, tarixi şəxsiyyət Şah İsmayıl Xətainin heykəli iki magistral yolun ortasında yerləşirdi. Bu isə insanların ziyarət etmək üçün heykələ yaxınlaşmasını çətinləşdirirdi, eyni zamanda, yolda tıxacın yaranmasına səbəb olurdu. Bununla bağlı əhali tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlər edilib. Bütün bunlar və Şah İsmayıl Xətainin tarixi şəxsiyyət olduğu nəzərə alınaraq dövlətimizin başçısının tapşırığına əsasən, onun heykəli uyğun yerə köçürülüb və burada yeni park salınıb. Parkda əhalinin istirahəti üçün lazımı şərait yaradılıb, o cümlədən oturacaqlar qoyulub və ətraf abadlaşdırılıb. Bu addım şəhər sakinləri və paytaxtımızın qonaqlarına heykəli rahat ziyarət etməyə şərait yaradır.

Heykəlin postamenti də yenilənib. Heykəlin köçürülməsi prosesi abidəyə heç bir xələl gətirilmədən həyata keçirilib.

Paytaxt Bakının abadlaşdırılması, yeni istirahət məkanlarının salınması, tarixi irsimizin qorunması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Şah İsmayıl Xətainin heykəlinin uyğun yerə köçürülməsi və burada parkın yaradılması bu istiqamətdə atılan növbəti addımdır. Bu layihə sakinlərin istirahətinin təmin olunması üçün böyük rol oynayır.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli dövlətimizin başçısına bu ərazidə yol-nəqliyyat infrastrukturu barədə məruzə edib.

Prezident İlham Əliyev yeni yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı tapşırıq və göstərişlərini verib.

Qeyd edək ki, Xətainin heykəlinin yerinin dəyişdirilməsi paytaxtımızda yol-nəqliyyat infrastrukturuna mühüm töhfə olacaq. Belə ki, bu, Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi ilə 28 May küçəsi istiqamətində yolları birləşdirən nəqliyyat qovşağının yaradılmasına şərait yaradır. Bu isə öz növbəsində, bu ərazidə yarana biləcək tıxacların qarşısının alınmasına və nəqliyyat vasitələrinin hərəkətinin intensivliyinin təmin edilməsinə imkan verəcək.

Prezident Xətainin heykəlinin köçürüldüyü parka baş çəkdi – Fotolar
Prezident Xətainin heykəlinin köçürüldüyü parka baş çəkdi – Fotolar
Prezident Xətainin heykəlinin köçürüldüyü parka baş çəkdi – Fotolar
Prezident Xətainin heykəlinin köçürüldüyü parka baş çəkdi – Fotolar
Prezident Xətainin heykəlinin köçürüldüyü parka baş çəkdi – Fotolar
Prezident Xətainin heykəlinin köçürüldüyü parka baş çəkdi – Fotolar

Paylaş
Xəbər lentİ