İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı

Oxunma sayı: 372
17-03-2020, 17:00

İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bərdə rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

1. Bərdə rayonunun əhalisi 34320 nəfər olan 21 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 23 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,61 milyon (bir milyon altı yüz on min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün yeni informasiya sistemi yaradılsın.

2. Yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyi mütərəqqi dünya təcrübəsinə uyğun əsas səmərəlilik göstəriciləri üzrə qiymətləndirilsin.

3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, aşağıdakılar barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

3.1. yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi mexanizminin yaradılması və tətbiqi;

3.2. Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün səmərəli informasiya sisteminin iş qaydası.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət orqanları və qurumları tərəfindən icra intizamına əməl olunması vəziyyətini təhlil etsin və icra intizamının pozulması halları, onlara yol verən dövlət orqanları və qurumları barədə Azərbaycan Respublikasının Prezidentinə ildə iki dəfə məlumat versin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Akif Məlikovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə Akif Turan oğlu Məlikov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Moskva şəhəri ilə əməkdaşlıq üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 oktyabr tarixli 1724 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. “Azərbaycan Respublikasının Moskva şəhəri ilə əməkdaşlıq üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 oktyabr tarixli 1724 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 10, maddə 865; 2009, № 7, maddə 589; 2012, № 2, maddə 139; 2014, № 2, maddə 112, № 6, maddə 644; 2016, № 8, maddə 1384) 1-ci hissəsi ilə təsdiq edilmiş Hökumət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın həmsədri

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini

Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Təhsil nazirinin müavini

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri.”.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Rusiya Federasiyası tərəfinə bildiriş göndərsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700) 5.64-cü bəndində “562.3-cü maddəsində” sözləri “391-1 və 562.3-cü maddələrində” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, 2289, № 12 (I kitab), maddələr 2566, 2597; 2019, № 1, maddə 82, № 2, maddə 213, № 3, maddə 426; № 4, maddələr 620, 630, 649, № 5, maddələr 819, 862) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 3.3-cü bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.4-cü bənd əlavə edilsin:

“3.4. Məcəllənin 391-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – ədliyyə naziri, onun müavinləri, Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin rəisi, onun müavini, Nazirliyin yanında Dövlət notariat arxivinin müdiri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Aparatının qeydiyyat və notariat üzrə müvafiq səlahiyyətli struktur qurumunun rəhbəri və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi yanında Dövlət notariat arxivinin müdiri.”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 474; 2015, № 9, maddə 990; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 31 yanvar tarixli 921 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2-1-ci və 3.5-ci bəndlərdə “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin.

2. 3.3-cü bənddən “12.1-ci,” sözləri çıxarılsın və həmin bənddə “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi” sözləri ilə əvəz edilsin.

3. Aşağıdakı məzmunda 3.4-1-ci bənd əlavə edilsin:

“3.4-1. həmin Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir;”.

Paylaş
Xəbər lentİ