Qaradağın icra başçısı cəzalandırıldı

Oxunma sayı: 374
24-03-2020, 19:37

Qaradağın icra başçısı cəzalandırıldı
Bakı Şəhər İcra Hakimiyyətində koronavirus infeksiyasına qarşı şəhərdə aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirə keçirilib.

Arasdırma.infonun məlumatına görə, müşavirə zamanı bildirilib ki, ölkə rəhbərliyinin tapşırığı və Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın təlimatlarına uyğun olaraq paytaxtda aparılan dezinfeksiya işləri gücləndirilib. Gündəlik olaraq həyətlər, bina girişləri, liftlər xüsusi materiallarla dezinfeksiya olunur, küçə və prospektlər yuyulur. Rayon icra hakimiyyəti başçıları qarşısında kollektiv mülkiyyətdə olan Mənzil Tikinti Kooperativlərinin binalarında və rayon qəsəbələrində şəhər strukturlarının köməyi ilə dezinfeksiya işinin təşkil olunması məsələsi qoyulub.

Müşavirə zamanı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, dezinfeksiya tədbirləri bir neçə günlük nəzərdə tutulmayıb. Bu işlər davamlı xarakter daşımalı və hər bir qurum buna hazır olmalıdır. O bildirib ki, dövlət başçısının dəstəyi nəticəsində bu gün şəhər kommunal strukturlarında maddi-texniki təminat, texnika və maliyyə təminatı baxımından heç bir problem yoxdur.

Müşavirə zamanı mart ayının 23-ü şəhərin mərkəzi hissəsində və ətraf ərazilərdə dezinfeksiya işlərinin aparılması ilə bağlı monitorinqlər aparıldığı bildirilib. Nəticələrdə şəhərin mərkəzində və mərkəzə bitişik ərazilərində qarşıya qoyulan vəzifələrin əsasən icra olunduğu qeyd olunsada bir sıra ərazilərdə ciddi nöqsanların mövcud olduğu bildirilib.

Belə ki, Qaradağ rayonu təmizlik sahəsində müstəqil maddi-texniki bazanın mövcud olduğu iki rayondan biri olmasına baxmayaraq, bu işlər Ələt və Lökbatan qəsəbələrində qeyri-qənaətbəxş icra olunmuş və qarşıya qoyulan vəzifələr lazımi səviyyədə təşkil olunmayıb.

Müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ciddi tənqid olunmuş və ona xəbərdarlıqla töhmət elan edilib. Qeyd olunmuşdur ki, belə halların Qaradağda və ya başqa rayonlarda təkrar olunması xüsusi vəziyyət şəraitində işi təşkil etməyi bacarmamaq kimi qiymətləndiriləcək. Tədbir zamanı Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və digər şəhər strukturlarına Qaradağ rayonunda aparılan dezinfeksiya işlərində yaxından kömək etmək tapşırılıb. Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qısa zamanda bu sahədə mövcud olan nöqsanların aradan qaldırılacağına dair söz verib.

Müşavirədə qeyd olunan nöqsanlardan nəticə çıxarılmalsının, verilən tapşırıqların icrasına kadrların məsuliyyətinin artırılmalsının vacibliyi bildirimiş və bu sahədə işlərin gücləndirilməsi üçün əlavə tədbirlər planı müzakirə edilib.

Paylaş
Xəbər lentİ