Lavrov bir sözü ilə İrəvanı çalxaladı: Sülh, ya savaş?

Oxunma sayı: 350
24-04-2020, 04:30

Lavrov bir sözü ilə İrəvanı çalxaladı: Sülh, ya savaş?
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun bu bəyanatı Ermənistanda Paşinyan hökumətinə qarşı olduqca ciddi ittihamların irəli sürülməsinə, hətta ölkənin Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın istefaya göndərilməsinə qədər tələblərin səslənməsinə rəvac verdi.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov Qorçakov Fondunun təşkil etdiyi onlayn dəyirmi masa zamanı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli həllini təklif etməsi Ermənistanda böyük rezonans doğurub:

“Paşinyanın ölkədaxili əleyhdarlarının mövqeyinə görə, Sergey Lavrovun səsləndirdiyi bu fikirlər həqiqəti əks etdirmir və dezinformasiya diversiyasıdırsa, deməli, Ermənistan-Rusiya münasibətləri ən bərbad vəziyyətdədir və bunun məsuliyyəti ilk növbədə Ermənistan hakimiyyətinin yarıtmaz fəaliyyətinin üzərinə düşür. Yox, əgər səslənən fikirlər həqiqəti əks etdirirsə, bu, artıq Ermənistanın milli və dövlət maraqlarının iflasıdır”.

Deputat vurğulayıb ki, Sergey Lavrovun çıxışından sonra Nikol Paşinyanın Ermənistanın milli maraqlarına xəyanətdə açıq şəkildə ittiham olunması ölkədaxili situasiyanın kifayət qədər mürəkkəb vəziyyətdə olduğunun göstəricisi hesab oluna bilər:

“Sergey Lavrovun münaqişənin tənzimlənməsi ilə bağlı məlum mövqeyi və bu kontekstdə Ermənistanda ictimai fikrin Nikol Paşinyan və Zöhrab Mnatsakanyan əleyhinə sərtləşməsi sonuncunun radikal və ritorikaya söykənən davranışını şərtləndirib. Zöhrab Mnatsakanyan bəyan etdi ki, “yalnız 2014 və 2016-cı illərdə mərhələli həll variantı danışıqlar predmeti olmuş, lakin erməni tərəfinin maraqlarını təmin etmədiyindən qəbul edilməmişdir. Hazırda danışıqlar mamasında heç bir sənəd yoxdur. Yalnız ayrı-ayrı elementlər müzakirə olunur. Ermənistan heç bir birtərəfli güzəştlərə getməyəcəkdir və heç bir qərar “Qarabağ xalqı”nın razılığı olmadan qəbul edilə bilməz". Zöhrab Mnatsakanyanın bu məsuliyyətsiz mövqeyi münaqişənin həlli ilə bağlı onsuz da kövrək olan danışıqlar prosesinə zərbə kimi qiymətləndirilə bilər. Onun bu avantürist fikirlərini fəaliyyət istiqaməti kimi qəbul edən separatçı rejimin yeni “rəhbəri” Araik Arutunyan özünün “kompromissiz” siyasətçi obrazınının ilkin dizaynını erməni ictimai fikrinə calaq etmək məqsədilə bir qədər də irəli gedərək, siyasi diversiya hesab olunan açıqlama ilə çıxış edib. Separatçı “lider”in siyasi sayıqlamasına əsasən, qondarma “dqr” münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin bütün mərhələlərində tamhüquqlu iştirakçı olmalıdır və onun “xalq”ının müqəddəratının təyin edilməsindən öncə tənzimlənmə prosesi ilə bağlı heç bir variant müzakirə predmeti ola bilməz. Qondarma rejimin “rəhbəri” öz siyasi sayıqlamalarında hətta bir qədər də irəli gedib, Azərbaycanın mümkün hücum əməliyyatlarına qarşı qeyri-mütənasib əks-zərbə endirəcəklərini və bu əməliyyatları qarşı tərəfin ərazisinə keçirəcəklərini də dilinə gətirməkdən çəkinməyib. Bu yerdə xalqımızın “ac toyuq yuxusunda darı görər” misalını xatırlamamaq olmur”.

Paylaş
Xəbər lentİ