İlham Əliyev yeni icra başçısı təyin etdi - 3 sərəncam

Oxunma sayı: 640
18-12-2018, 00:54

İlham Əliyev yeni icra başçısı təyin etdi - 3 sərəncam
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İlham Mehdixan oğlu İsmayılovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

***

Prezident İlham Əliyev elektrik enerjisi istehsalının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Ölkənin elektrik enerjisi sisteminin əsas generasiya mərkəzləri olan “Şimal”, “Cənub”, “Sumqayıt” və “Mingəçevir” elektrik stansiyalarının real generasiya güclərinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Şimal”, “Cənub”, “Sumqayıt” və “Mingəçevir” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 30,0 (otuz) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***

İlham Əliyev Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümünün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük ədib və dramaturq Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Paylaş
Xəbər lentİ