İlham Əliyev: "Bütün şəhər və rayonlarımızı bərpa edəcəyik"

Oxunma sayı: 563
24-12-2018, 23:54

İlham Əliyev: "Bütün şəhər və rayonlarımızı bərpa edəcəyik"
"Bu il bir neçə yerdə köçkünlər üçün yeni şəhərciklər salınıb. Onların arasında iki layihəni xüsusilə qeyd etmək istərdim"




Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilməsi mərasimində çıxışı zamanı bildirib.

"Bu il Cocuq Mərcanlı qəsəbəsində işlərin ikinci mərhələsi başa çatmışdır. Bildiyiniz kimi, keçən il mənim iştirakımla Cocuq Mərcanlıda köçkün qəsəbəsinin açılışı olmuşdur. O vaxt biz 50 evin açılışını qeyd etdik. Qarşıya vəzifə qoyulmuşdu ki, evlərin sayı daha da artmalıdır. Əlavə 100 evin tikilməsi də bu il təmin edildi. Bu, əlbəttə ki, tarixi hadisədir. Çünki uzun fasilədən sonra Cocuq Mərcanlıda həyat yenidən qurulur, vətəndaşlar öz doğma torpağında yaşayırlar, qururlar, yaradırlar.

Bilirsiniz ki, orada bütün infrastruktur yaradılıb, yollar, elektrik xətləri, məktəb, ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri olan məscid tikilib. Biznes üçün də çox gözəl şərait yaradılıb. Hazırda 150 evdən ibarət qəsəbə bizim iradəmizin rəmzinə çevrilibdir. Bu qəsəbənin yaşaması, yenidən qurulması onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq.

Hər bir köçkün bir arzu ilə, bir amalla yaşayır ki, tezliklə öz doğma torpağına qayıtsın. Biz bunu Cocuq Mərcanlı qəsəbəsinin timsalında görürük. Çünki uzun illər başqa yerlərdə yaşamış Cocuq Mərcanlı sakinləri imkan olan kimi, əlbəttə, öz doğma kəndinə üz tutdular. Hətta Cocuq Mərcanlını görməyən uşaqlar, yeniyetmələr böyük həvəslə o kəndə üz tutub, orada - doğma torpağında öz həyatlarını qururlar.


Digər layihə Tərtər rayonunun Şıxarx qəsəbəsində tikilmiş şəhərcikdir. O şəhərcik təxminən 1200 mənzildən ibarətdir. Hündürmərtəbəli binalar tikilib. O layihənin də əhəmiyyəti ondadır ki, vaxtilə işğal edilmiş və işğaldan azad olunmuş torpaqlarda belə böyük, gözəl şəhərcik tikilib. Əlbəttə, hər bir köçkün şəhərciyinin istifadəyə verilməsi önəmli hadisədir və bizi, köçkünləri sevindirir. Ancaq bu iki layihəni xüsusilə qeyd etmək istəyirəm.
Çünki məhz işğalçılardan azad edilmiş torpaqlarda biz bu gözəl şəhərcikləri qurmuşuq. Bu, bir daha onu göstərir ki, torpaqlarımız işğaldan azad olunandan sonra biz ermənilər tərəfindən dağıdılmış bütün şəhər və rayonlarımızı, kəndlərimizi bərpa edəcəyik. Buna bizim gücümüz də çatacaq, iradəmiz də var. Bizim siyasətimiz, bir daha demək istəyirəm ki, məcburi köçkünlərin problemlərinin həlli işinə dəstək verməkdən ibarətdir. Mən əminəm ki, bu gün hələ də işğal altında olan bütün torpaqlar azad ediləndən sonra o torpaqlarda gözəl şəhərlər, kəndlər yenidən qurulacaq. Azərbaycan xalqı işğalla barışmayacaq", - İ. Əliyev qeyd edib.

Paylaş
Xəbər lentİ