Türk generalitetinin Azərbaycana gəlişində sirr pərdəsi - İLGİNC

Oxunma sayı: 496
15-08-2020, 06:02

Türk generalitetinin Azərbaycana gəlişində sirr pərdəsi - İLGİNC
Türkiyə milli müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Gülər və digər yüksək rütbəli zabitlərin ölkəmizə gəlişi ictimaiyyət tərəfindən böyük coşqu ilə qarşılanıb. Prezident İlham Əliyevlə görüşdə tərəflərin isti, xoş sözlərlə dolu açıqlamaları, Türkiyə və Azərbaycanın bütün təhlükələrə qarşı hər zaman birlikdə olacağı bəyanatları iki ölkə münasibətlərində heç vaxt olmadığı qədər bir yüksəlişdən, yaxınlaşmadan xəbər verir.

Həmçinin Azərbaycanla Türkiyənin birgə hərbi təlimlərinin daha bir neçə gün uzadılması deməyə əsas verir ki, Ankara regionda hərbi varlığını dünyaya nümayiş etdirir, Bakıya arxa-dayaq olduğunu göstərir.

Belə mülahizələr də səslənir ki, əslində ABŞ Türkiyə vasitəsilə Azərbaycanı NATO standartlarında müharibəyə hazırlayır. Bu proqnozların nə dərəcədə real olduğunu söyləmək çətindir. Ekspertlər isə düşünürlər ki, ABŞ Cənubi Qafqazda Türkiyənin əli ilə Rusiyanı yerinə oturtmağı hədəfləyib.

Təhlilçilərin fikrincə, bundan sonra ilk addım Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradılması, qarşılıqlı hərbi yardım haqqında sazişin imzalanması və NATO-ya üzvlük üçün müraciətin edilməsi, Avropa İttifaqı ilə sıx inteqrasiya siyasətinin yürüdülməsi olmalıdır. Ardınca Rusiyanın Çeçenistanda etdiyini təkrarlayıb, torpaqlarımızı qaytarmalıyıq.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Türkiyə-Azərbaycan arasında hərbi müttəfiqliyin genişləndirilməsi regionda stabilliyin qorunması və beynəlxalq hüququn bərqərar olunması üçün görülən işlərin tərkib hissəsidir. O hesab edir ki, hər iki dövlət müttəfiq və qardaş ölkələrdir, beynəlxalq hüququn icazə verdiyi çərçivədə hərbi əməkdaşlığı genişləndirirlər: “Birgə hərbi təlimlərin keçirilməsi, silahlı qüvvələrin qarşılıqlı təcrübəsinə yiyələnməsi bu qəbildən olan məsələlərdəndir. Eyni zamanda, Türkiyə milli müdafiə nazirinin ölkəmizə səfəri göstərdi ki, Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Azərbaycan isə öz ərazi bütövlüyünü təmin edilməsində ordu faktoruna gündəmə gətirməkdədir və torpaqlarının işğaldan azad edilməsi üçün bütün imkanlardan istifadə edir. O cümlədən hərbi yol da heç vaxt istisna deyil”.

Deputatın sözlərinə görə, Ermənistan torpaqlarımızı işğalda saxlamaqla yanaşı, vaxtaşırı hərbi provokasiyalara əl atır və bunun da cavabı verilməlidir: “Bu baxımdan son təlimlər, görüşlər Türkiyə ilə Azərbaycanın hərbi təcrübələrinin bölüşdürülməsi və regionda stabilliyin qorunması istiqamətində atılan mühüm addımlardır”.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, yeni bir mərhələnin başlanğıcındayıq. Onun sözlərinə görə, ölkə başçısı ilə Türkiyə hərbi rəhbərliyinin görüşündə verilən mesajlar, alınan cavablar göstərdi ki, yeni dövrə qədəm qoyuruq.

“İndiyə qədər Rusiyaya bəslədiyimiz ümidlər puça çıxdı. Onsuz da bilirdik ki, bu hadisələrin arxasında Rusiya dayanır. Amma növbəti dəfə xəyanət əl qoyması sübut etdi ki, artıq onlara arxalanmaq olmaz. Ona görə də regionda ciddi proseslər gedir və hər an müharibəyə hazır olmalıyıq”, - deyə Ü.Cəfərov vurğuladı.

Ekspert hesab edir ki, Türkiyənin yanımızda olması daha inamlı davranmağı şərtləndirir: “Müstəqillik dövründə heç vaxt görməmişdim ki, Türkiyənin milli müdafiə naziri, Baş Qərargah rəisi, bütün qoşun növləri komandanı Bakıya səfər etsin. Özlərinin kifayət qədər problemləri olduğu halda bizə dəstək verdilər və dünyaya nümayiş etdirdilər. Türkiyə bundan sonra bizi sevməyən ölkələrə qarşı lazımi addım atmağa hazırdır. Əgər Türkiyə ilə iqtisadi və ticari əlaqələrimiz inkişafda idisə indi hərbi-siyasi münasibətlər də yüksələcək. Həmin görüşdə də elan olundu ki, təlimlərin birinci hissəsidir, yəni davamı gələcək. Mənə belə gəlir, növbəti təlimlər Türkiyə ərazisində olacaq. Bütün hallarda gözəldir və arzuladığımız mənzərədir”.

Keçmiş diplomat, politoloq Fikrət Sadıqov teleqraf.com-a bildirib ki, Türkiyənin əsas hədəfi Azərbaycana öz torpaqlarını işğaldan azad etməyə kömək göstərməkdir: “Bizim də başqa məqsədimiz yoxdur. Ola bilsin ki, bu yaxınlaşma kimisə qıcıqlandırır, hansısa dövlətin maraqlarına ziddir. ABŞ bir çox hallarda öz münasibətini bəyanatlarla yekunlaşdırır. Onlar bölgədə münaqişənin yenidən alovlanmasını istəmirlərsə, öz sözlərini deməlidir. Türkiyə - Azərbaycan yaxınlaşmasına gəlincə, onlar heç vaxt gizlətmədilər ki, Azərbaycan dost və qardaş ölkədir.

Türkiyənin son illərdə müstəqil siyasət yürütməsi və bir sıra hallarda maraqlarının Qərblə toqquşması göstərir ki, o dövlət heç bir qüvvə ilə hesablaşmayacaq. Bu siyasət kimisə narahat edir və ya qıcıqlandırırsa, bu onların öz problemləridir".
“Yeni Müsavat”

Paylaş
Xəbər lentİ