Prezidentdən bu nazirliklə bağlı qərar: 4 fərman, 4 sərəncam

Oxunma sayı: 596
17-01-2019, 02:20

Prezidentdən bu nazirliklə bağlı qərar: 4 fərman, 4 sərəncam
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı fərmanla nazirliyin daxilindəki bir çox departament, institut, mərkəz və laboratoriyalar ləğv edilib və ya birləşdirilib.

Axar.az xəbər verir ki, bu fərmanla Ətraf mühitin mühafizəsi departamenti ləğv edilib, əvəzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Meşələrin inkişafı departamentinin və Elmi Tədqiqat Meşəçilik İnstitutunun əsasında isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti yaradıllb.

Daha 5 qurum - Ətraf mühit üzrə milli monitorinq departamentinin, Milli hidrometeorologiya departamentinin, Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun, Metrologiya və Standartlaşdırma Mərkəzinin və Ətraf Mühit üzrə Laboratoriya Mərkəzinin - əsasında bir xidmət - Milli Hidrometeorologiya Xidməti yaradılıb.

4 qurum (Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin, Su hövzələrinin bioloji resurslarının artırılması və mühafizəsi departamentinin, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin və Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun) birləşdirilərək, Bioloji Müxtəlifliyin Qorunması Xidməti yaradılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi ləğv edilib, onun funksiyaları Nazirliyin Aparatına tapşırılıb, habelə həmin Agentliyin tabeliyindəki Dövlət Aerogeodeziya Müəssisəsi və Bakı Kartoqrafiya Fabriki Nazirliyin tabeliyinə verilib.

Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti ləğv edilib, onun işçilərinin say həddi daxilində Nazirliyin yerli orqanlarının işçilərinin say həddi artırılıb.

Dövlət Ekspertiza İdarəsi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Dövlət Ekoloji Ekspertiza Agentliyə (bundan sonra – Agentlik) çevrilib.

Fərmanda Agentliyin səlahiyyətləri də göstərilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlarla bağlı aşağıdakıları təmin edən tədbirlər görmək tapşırılıb:

5 qurum - Şuşa İriləşdirilmiş Meşəbəyiliyinin, Ağdərə Meşə Təsərrüfatının, Kəlbəcər Meşə Təsərrüfatının, Laçın Meşə Təsərrüfatının və Zəngilan Meşə Təsərrüfatı - ləğv edilərək, onların əsasında Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzinin yaradılmasını;

14 qurum - İqlim Dəyişmələri və Ozon Mərkəzinin, İqlim Bazası və Kommunikasiya Mərkəzinin, Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi, Mineral Xammal Analitik və Elmi Tədqiqatlar Mərkəzinin, Normativ və Texniki Normativ Hüquqi Aktlar üzrə Elmi Tətbiqi Mərkəzinin, İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun, Operativ Monitorinq və Ekspedisiyalar Mərkəzinin, Geofiziki Ekspedisiyanın, Şərq Geoloji Axtarış Ekspedisiyasının, Qərb Geoloji Axtarış Ekspedisiyasının, Geoloji Planaalma Ekspedisiyasının və Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının, Samux Dövlət Ovçuluq Təsərrüfatının, Zooloji Parkın və Layihələrin İcra Qrupunun ləğv edilməsini;

Ətraf Mühit və Təbii Sərvətlər üzrə İnformasiya – Arxiv Fondunun və Milli Geoloji Kəşfiyyat Xidmətinin əsasında vahid qurumun yaradılmasını.

Paylaş
Xəbər lentİ