Prezidentdən mühüm 5 fərman, 2 sərəncam

Oxunma sayı: 616
29-01-2019, 00:34

Prezidentdən mühüm 5 fərman, 2 sərəncam
İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 678) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adına və 2-ci hissəyə “hərbi qulluqçuların” sözlərindən sonra “və daxili işlər orqanları əməkdaşlarının” sözləri əlavə edilsin;

1.2. preambulanın dördüncü abzasına “hərbi qulluqçuların” sözlərindən sonra “, eləcə də daxili işlər orqanları əməkdaşlarının” sözləri əlavə edilsin;

1.3. 1-ci hissəyə “vərəsələrinə” sözündən əvvəl “və daxili işlər orqanları əməkdaşlarının” sözləri, “ödəmə” sözündən sonra “(bundan sonra – birdəfəlik ödəmə)” sözləri əlavə edilsin;

1.4. 2-ci hissədə, 6.2-ci və 6.6-cı bəndlərdə “hissəsində” sözü “və 5-1-ci hissələrində” sözləri ilə, “ümumi siyahıdakı” sözləri “siyahılardakı” sözü ilə əvəz edilsin;

1.5. 3.1-ci, 3.2-ci, 6.2-ci və 6.6-cı bəndlərə “hərbi qulluqçunun” sözlərindən sonra “və ya daxili işlər orqanları əməkdaşının” sözləri əlavə edilsin;

1.6. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir.”;

1.7. aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:

“5-1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş daxili işlər orqanları əməkdaşlarının siyahısını 2019-cu il fevralın 15-dək müəyyən edib Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

***

İlham Əliyev Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə 2017-ci il noyabrın 3-də Daşkənd şəhərində Azərbaycan Respublikası Hökumətinin qeyd-şərtlə imzaladığı Protokol təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərsin.

***

İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə qərara alıram:

1. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.18.3-cü yarımbəndində göstərilən vəsaitin 35,0 (otuz beş) milyon manatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

İlham Əliyev İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, müasir Azərbaycan ədəbiyyatının inkişafı naminə təqdirəlayiq xidmətlər göstərmiş Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Fərmanlar:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə”də dəyişiklik edilməsi haqqında;

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli 760 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında” 2018-ci il 29 mart tarixli 1901 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə;

***

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1400-VQD nömrəli Qanununun tətbiqi barədə;

Paylaş
Xəbər lentİ